“Laçınım”ı Məhəbbət yox, mən bəstələmişəm - Könül Kərimova
07.09.2021

Əməkdar artist Könül Kərimova illər sonra müzakirələrə səbəb olacaq etiraf edib.

Visiontv.az xəbər verir ki, məşhur müğənni kulis.az-a müsahibəsində “Laçınım” mahnısını Əməkdar artist Məhəbbət Kazımov yox, özünün bəstələdiyini qeyd edib.

İki il çalışsaq da elə bil, illərlə birlikdə işləmişik. Hətta həmin ərəfədə mənim özümün yazdığım mahnılar da oldu. Həmişə mənə zarafatla deyirdi ki, Üzeyirin nəvəsi, gəl bu mahnının filan yerini düzəlt. Onun özünün də musiqiləri vardı. Mən bu məsələni bir az gec açıqladım. Bəziləri inandı, bəziləri inanmadı. Qısqananlar da oldu ki, niyə bunları o vaxtı demirdin, indi deyirsən? “Qız, Allahın bəlasıdır gözlərin”, “Təkcə mənim olaydın”, “Laçınım” mahnılarının musiqilərini yazdım. O vaxtı müğənni mahnı yaza bilməzdi. Yəni buna icazə yox idi. Bu mahnılar efirə anonim gedirdi. İllər keçəndən sonra dedilər, əşi, elə qoy belə getsin, Məhəbbətin adı ilə çıxsın bu mahnılar”,- deyə Kərimova bildirib.

Müğənni bu addımların ona xoş gəlmədiyini, işbirliyinə son qoyduğunu vurğulayıb:

“Bunu Manaf Ağayev, Vasif Məhərrəmli, Yusif Mustafayev, Elşad Qarayev, rəhmətlik Baloğlan Əşrəfov bilirdi. Hamı bilir ki, “Laçınım”ı mən yarım saatın içində yazmışam. Məhəbbət Kazımov əlbəttə istəyərdi ki, “Laçınım”ı özü yazsın. Axı o, laçınlıdır. Ancaq “Laçınım” mahnısını Məhəbbət Kazımov yox, mən bəstələmişəm.

Hərdən zarafat edirdi, deyirdi, deyəcəklər, xeyir olsun, bu mahnını Ağcabədili qızı yazdı. Sadəcə onun ətrafındakı adamlar əvvəllər dedilər, mahılar sintezator ifaçısının mahnıları kimi gedir. Ondansa, Məhəbbətin adından getsin. Məsələnin bu tərəfini başa düşdük. Bəs haqq-ədalət harda qaldı? Bunu heç kim dana bilməz. Vasif Məhərrəmli bu yaxınlarda dedi, Məhəbbət özü deyirdi ki, bu mahnıları Könül yazıb. Məhəbbət rəhmətə gedib, mən elə bil təklənmişəm”.

Qafqazinfo