Kürün quruması Ermənistanın bizə qarşı gizli "su müharibəsi" –jurnalist Bəybala Mirzəyev
30.06.2020

O qədər Urmu gölünün qurumasından yazdıq ki, axırda Kür də qurumağa başladı...

AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları Neftçala və Sabirabad rayonlarında ezamiyyətdə olublar. Tədqiqat qrupunun məqsədi son zamanlar Kür çayının aşağı axınında yaranmış su probleminin tədqiqi, səbəblərinin araşdırılması və tövsiyə tədbirlərinin hazırlanması olub.

Alimlər Azərbaycanın baş su arteriyası olan Kür çayında suyun səviyyəsinin iyun ayında, yəni suya tələbatın artdığı yay fəslinin başlanğıcında kəskin şəkildə azalmasını, hətta Neftçala rayonunun Xıllı məntəqəsindən çayın mənsəbinə qədər olan yatağın tamamilə dəniz suları ilə tutulmasını müşahidə ediblər.

Onlar bildiriblər ki, bu vəziyyət çayın deltasında və ona yaxın ərazilərdə sıx məskunlaşmış əhalinin su ilə təminatında ciddi problemlər yaradıb. Kür çayında suyun azalması ilə adaların əmələ gəlməsi və ya yatağın quru hissələrinin genişlənməsi prosesi Sabirabad rayonunda və həmçinin Araz çayının yatağında da müşahidə edilib.

Tədqiqatçılar çayda suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının bir-neçə səbəbini aydınlaşdırıblar.
Bunlardan birincisi, Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib erroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsidir.

İkincisi, Kür çayının bu hissəsində asılı materialların kəskin azalmasıdır.

Üçüncüsü, çay yatağının relyefinə kəsilən Xıllı basdırılmış qalxmasının təsiri ilə süxur laylarının qarışması və yataqda gedən eroziya proseslərinin dəyişməsidir.

Dördüncü və ən əsas amillərdən biri Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulmasıdır.

Beşincisi, Kür və Araz çayları boyunca, eyni zamanda, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiridir.
Altıncı səbəb, Kür çayının su potensialı ilə istehlakçı arasında münasibətlərin düzgün idarə edilməməsi və sairdir.

Bunlar tədqiqat qrupunun gəldiyi qənaət və qeyd etdiyi səbəblərdir. Amma heç şübhəsiz ki, başqa səbəblərin də olması mümkündür.
Kür çayı boyunca əsaslı şəkildə kompleks hidroloji, iqlim, hidrogeoloji, geomorfoloji, landşaft və hidroiqtisadi tədqiqatlar aparılmasının vacibliyi ilə bərabər, düşmən Ermənistanın bizə qarşı apardığı "su müharibəsi" faktoru da ciddi şəkildə araşdırılmalıdır.

Kür çayını zaman-zaman müxtəlif məişət tullantıları ilə, zavodların kimyəvi axıntıları ilə çirkləndirən, zəhərləyən Ermənistan heç şübhəsiz ki, çayın süni surətdə qurudulması üçün də hansısa addımlar ata bilər.

Əgər bu gün Krımın içməli su ilə təchizatı ilə əlaqədar Rusiya və Ukrayna arasında sözün əsl mənasında su müharibəsi gedirsə, demək ki, eyni proses Ermənistan tərəfindən bizə qarşı da bir qədər başqa şəkildə təkrarlana bilər.

Visiontv.az