Kremlin ermənipərəst siyasəti get-gedə daha da çılpaqlaşacaq-Bəybala Mirzəyev
01.09.2020

Pivə siyasəti və ya bir təbrikin pərdəarxası...

Putin növbəti dəfə Köçəryanı təbrik etdi...

Rusiya lideri Vladimir Putin Ermənistanın sabiq prezidenti Robert Köçəryana zəng edib və onu ad günü münasibətilə təbrik edib.

Eyni zamanda Kremlin rəsmi saytında təbrik teleqramı da yerləşdirilib.

Teleqramda deyilir:

“Əziz Robert Sədrəkoviç,
Rusiyada sizi müasir Ermənistanın inkişafı üçün çox işlər görmüş görkəmli dövlət xadimi kimi tanıyırlar. Ölkələrimiz arasındakı dostluq, müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsindəki şəxsi töhfənizi yüksək qiymətləndiririk”.

Putin Köçəryana can sağlığı, firavanlıq və xoş əhval-ruhiyyə arzulayıb.

Fikir vermisinizsə, Putin bununla artıq neçənci dəfədir ki, illər öncə hakimiyyətdən getmiş erməni siyasətçisini hər il ardıcıl şəkildə doğum günü münasibətilə təbrik edir. Necə deyərlər, bu artıq bir ənənəyə çevrilməkdədir.

Putin digər ölkələrin eks-prezidentlərindən demək olar ki, heç kimə bu cür xüsusi diqqət göstərmir və hakimiyyətdən getmiş liderləri ad günü münasibətilə təbrik etməyə əhəmiyyət vermir. Lakin Robert Köçəryan isə bu siyahıda istisna təşkil edir. O yeganə eks-prezidentdir ki, hər il Rusiya liderindən təbrik məktubu almaq və ya telefon vasitəsilə təbrik olunmaq şərəfinə layiq görülür.

Putinin yaramaz Köçəryana qarşı bu qədər isti münasibəti eyni zamanda həm də Rusiyanın Ermənistana qarşı isti münasibətinin göstəricisidir.

Putinin təbrikləri Rusiyanın kimin yanında yer aldığını açıq şəkildə göstərir.

Bu sadəcə pivə, konyak siyasəti deyil. Zatən Ermənistanın konyakına ermənilərin özlərindən başqa heç kim dəyər vermir. Lakin pivə məclisində edilən söhbətlər də erməni-rus münasibətlərini daha da dərinləşdirməyə xidmət edir.

Kreml rəhbəri Ermənistandakı sadiq köpəklərini bu cür dəstəkləməyə davam etdikcə, Qarabağ məsələsinin həlli də istər-istəməz yubanacaq.

Lakin biz Rusiyaya bu fürsəti verməməliyik. Rusiyanın Ermənistanla və Dağlıq Qarabağla bağlı planlarını pozmağı bacarsaq Qarabağ məsələsinin həlli üçün real imkanlar əldə edə bilərik.

Hikmət Hacıyevin bugünlərdə səsləndirdiyi "Biz gözləyirik ki, hansı əsaslarla Ermənistanın intensiv silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin. Ermənistan Tovuz hadisələri zamanı işğalçılıq siyasətini davam etdirdiyini göstərdi. Rusiyanın guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir” fikri də artıq rəsmi Bakının Rusiyanın ikibaşlı oyunlarını qəbul etmədiyini göstərir. Bu düzgün mövqedir.

Kremlin ermənipərəst siyasəti get-gedə daha da çılpaqlaşacaq. İkibaşlı siyasət açıq siyasətə çevriləcək. Rusiya eyni zamanda həm Ermənistanla, həm də Azərbaycanla "dostluq" siyasətini uzun müddət davam etdirə bilməz. Düşmənimizin (Ermənistanın) dostu (Rusiya) son anda həmişə düşmənimizi dəstəkləyəcək.

Visiontv.az