Kredit portfelinin strukturunda diqqət çəkən məqam: Banklar starteji sahələri maliyyələşdirməkdə maraqlı deyil
Kredit portfelinin strukturunda diqqət çəkən məqam: Banklar starteji sahələri maliyyələşdirməkdə maraqlı deyil
04.10.2022 Vüqar Bayramov Tərəfindən

Mərkəzi Bankın məlumatına görə, bu ilin ilk 8 ayında cəmi kredit qoyluşları 19 milyard 136 milyon manat olub. Vaxti keçmiş kreditlərin həcmi isə 659 milyon manatdır. Kredit portfelinin strukturunda diqqəti çəkən məqamlardan biri hələ də bankların starteji sahələri maliyyələşdirməkdə maraqlı olmamalarıdır.

Belə ki, banklar sənaye və istehsal sektoru üzrə 1 milyard 71 milyon manat ayırıblar ki, bu da ümumi kredit portfelinin cəmi 5.6 faizini təşkil edir. Bu o deməkdir ki, bankların verdiyi hər 100 manat kreditin hətta 6 manatdan azı sənaye və istehsal sektoruna yönəldilir.

Kənd təsərrüfati sektorunda çalışanların da kredit payı aşağı olaraq qalmaqdadır. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna 598 milyon manat kredit yönəldilib ki, bu da ümumi kredit portfelinin cəmi 3.4 faizidir. Nəqliyyat və rabitə, inşaat və tikinti sektorları da ayrı-ayrılıqda ümumi kredit portfelində bir rəqəmli paya malikdirlər.

Kredit portfelindən ən çox faydalanan ev təsərrüfatlarıdır. 10 milyard 328 milyon manat kredit məhz bu istiqamətə ayrılıb. Bu ümumi kredit portfelinin 54 faizini təşkil edir. Qeyd edək ki, bu istiqamətə yönəldilən vəsaitlərin əhəmiyyətli hissəsi istehlak kreditləridir. Bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi həm problemli kreditlərinin həcminin optimallaşmaması, həm də real sektorun maliyyə tələblərinin tam ödənilməməsi baxımdan arzuolunan deyil. Digər tərəfdən, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağrışlar yaradır və bu da sektorun dayanıqlığı baxımdan arzuolunan deyil.

Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsinin məqsədəuyğun olardı. Stimullaşdırıcı metodlar ilə bankların biznes kreditləşməsinə marağının daha artırılmasına ehtiyac var.

Millət vəkili Vüqar Bayramov

visiontv.az