Korrupsiya və rüşvətxorluqla bağlı Prezidentin başladığı tədbirlər kampaniya xarakteri daşımır
Korrupsiya və rüşvətxorluqla bağlı Prezidentin başladığı tədbirlər kampaniya xarakteri daşımır
29.01.2021 Nəsib Məhəməliyev Tərəfindən

44 günlük müharibədən sonra əldə edilən Qələbəyə kölgə salmaq istəyən qüvvələrin aktivləşməsi cəmiyyətdə ciddi rezonansa səbəbə olub. Müharibə veteranları, qazilər və şəhid ailələrinə qarşı bəzi məmurların, yerli icra hakimiyyətinin üzvilərinin yarıtmaz fəailiyyəti, biganəliyi ciddi qarşıdurmalara və narazlıqlara səbəb olur. Bu baxımdan cəmiyyətin həssas təbəqəsi sayılan qazilər, veteranlar və şəhid ailələri ilə məmur münasibətləri tənzimlənməli, neqativ hallar aradan götürülməlidir.

Məsələ ilə bağlı Visiontv.az-ın əməkdaşı, Milli Məclisin deputatı Nəsib Məhəmməliyevdən müsahibə götürüb.

Səbəbkarlar yerində olmayan, əhali ilə işləməyi bacarmayan bəzi məmurlardır

-Müharibədən sonra veteran, qazilər və şəhid ailələri ilə bəzi məmurlar arasında yaranan qarşıdurmanın səbəbkarı sizcə kimdir?

- Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına qayğı Prezident İlham Əliyevin və 1-ci vitse-Prezident Mehriban Əliyevanın sosial sahədə apardıqları siyasətin əsas qayəsini təşkil edir. Aylıq pensiya və müavinətlərdən tutmuş, “Yaşat” fondunun, yerli icra hakimiyyətlərində profil şöbələrin yaradılması, mənzillərlə təmin olunması barədə verilmiş fərmanlar dövlətin hər bir şəhid ailəsinin, qazinin yanında olduğunun göstəricisidir. Əlavə olaraq, hörmətli Mehriban xanımın tapşırığı ilə, Heydər Əliyev fondunun nümayəndələri ölkə ərazisində istisnasız olaraq bütün şəhid ailələrində olmuş və maddi yardımlar göstərmişlər. Fiziki sağlamlıqlarını itirmiş hər bir yaralı əsgərin müalicəsi dövlətin ciddi nəzarətindədir. Bu tədbirlərin hər birisi xalqımız tərəfindən yüksək qiymətləndirilir və belə də olmalıdır. Ancaq çox təəssüf ki, əksər dünya ölkələrinin müzakirə predmetinə çevrilmiş tarixi, şərəfli qələbəmizi kiçiltmək istəyən qüvvələr də yox deyildir. Bir tərəfdən əhali arasında dezinformasiyalar yaymaqla, reallıqla uzlaşmayan populist çıxışlar edən radikal qüvvələr, ikinci tərəfdən onların əlinə əsassız arqument verən ayrı-ayrı məmurlar. Sosial şəbəkələrdə yayılmış kadrlara baxan hər kəsin ürəyi ağrıyır. Ancaq düşünürəm ki, problemi o sviyyəyə çatdırmaq yox, dərhal həll etmək lazım idi. Bunun üçün sadəcə həmin insanları qəbul etmək, aidiyyəti mütəxəssislərlə birlikdə müzakirə aparmaqla ortaq məxrəcə gəlmək mümkündür. Əgər həmin qəbirlərin yerləşdiyi ərazini qrunt suları basırsa, drenaj vasitəsilə onun qarşısını bir dəfəlik almaq mümkündür. Qəbirlərin üstünü və bütövlükdə həmin ərazini abadlaşdırmaq, yaşıllaşdırmaqla, gül-çiçəklə bəzəməklə şəhidlər xiyabanından da artıq gözəllik yaratmaq mümkündür. Qısa zaman kəsiyində həmin ərazini şəhərin ən gözəl məkanına çevirmək olar. Hesab edirəm ki, bu işdə ictimaiyyətin nümayəndələri belə böyük həvəslə iştirak edərlər. Müharibədən sonra belə məsələlərə qarşı məmurlar olduqca diqqətli olmalıdırlar. Çünki, düşmən tərəf ölkəmiz əleyhinə bunlardan istifadə edir. Konkret səbəbkarlara gəldikdə isə, yerində olmayan, əhali ilə işləməyi bacarmayan bəzi məmurlar. Çexovun təbiri ilə desək; “əgər insan ağrı hiss edirsə, deməli o yaşayır. Əgər insan başqasının ağrısını hiss edirsə, deməli o insandır”.

- İlk baxışdan çox asanlıqla həll olunan problemləri niyə bu qədər qəlizləşdirilir və təxribat həddinə gətirilib çıxardılır?

- Bir çox məmurlar məsələnin həssaslığını, ciddiliyini əvvəlcədən dərk etmir, soyuqqanlı yanaşırlar. Yaxud haradansa tapşırıq gözləyirlər. Bir çox narazılıqların kökündə məmurların problemləri görməməzlikdən gələrək yola verməyə çalışması, bir-birilərini qəbul etməməsi, qısqanclıq, vətəndaşı səbirlə axıracan dinləməməsi və s. durur. Həll olunmayan problem yoxdur. Ancaq vaxtında həll olunmadıqda üst-üstə yığılr və həlli çətinləşir. Amma bəzi hallarda, Siz demişkən təxribat hallarının olması da istisna deyil.

Yerlərdə məmurlar xalqı incitməklə dövlətdən narazı salırlar

-Prezidentin bu təbəqə ilə bağlı bir başa tapşırıqları, qəbul etdiyi qərarlara yerilərdə niyə əməl edilmir?

- Cənab Prezident televiziya vasitəsilə ictimaiyyətə neqativ halların yığışdırılması ilə bağlı müraciət etməsinə, dəfələrlə heç bir məmurun toxunulmazlıq statusuna malik olmadığını bildirməsinə rəğmən, yerlərdə məmurlar xalqı incitməklə dövlətdən narazı salırlar. Təəssüf ki, dövlətçilik düşüncəsindən uzaq belə təsadüfi kadrlara rast gəlirik. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir yumruq kimi ölkə Başçısının ətrafında birləşdi. Hesab edirəm ki, cəbhədə əldə etdiyimiz parlaq qələbədən sonra bu birliyi daha da möhkəmlətmək, qorumaq hər kəsin borcudur. Dünyanın yeni formalaşmaqda olan geosiyasi reallıqlarının fonunda mümkün xarici təzyiqlərin qarşısını almaq üçün indiki halda bu çox vacibdir. Daxildə nə qədər birlik olsa, dövlət də o qədər güclü olar. Prezidentin tapşırıqlarının vaxtında və dürüst yerinə yetirilməsinə nəzarət mexanizmi olmalıdır. Mərkəzi və yerli icra hakimiyyətləri yanında ictimai şuralar yaradılır. Ancaq burada müstəqil, ədalətli, prinsipial, vətənpərvər insanlar təmsil olunmalıdır ki, işin keyfiyyəti olsun. Bir çox hallarda ictimai şuralara cəmiyyət arasında nüfuzu olmayan, ancaq yalan danışmaqla məşğul olan insanlar cəlb olunur ki, bu da nəticə etibarilə özünü aldatmaqdan başqa bir şey deyil.

- Bu qarşıdurmaların, təxribatların kütləviləşməsində 5-ci kalon deyilən qüvvələrin rolu nə qədərdir?

-Son vaxtlar Azərbaycanda çox saylı siyasi partiyaların funksionerləri, ayrı-ayrı politoloqlar bir birini günahlandırmaqla 5-ci kolon adlandırırlar. Düşünmürəm ki, Azərbaycanda 5-ci kolonun ictimai rəyə hansısa təsir imkanı olsun. Görünən odur ki, özünü milli şura adlandıran radikal müxalifətin nümayəndələri, xarici ölkələrdən ölkəmiz əleyhinə anti-təbliğat aparanlar böyük həvəslə bu tipli insidentlərdən öz məqsədləri üçün kifayət qədər istifadə edirlər. Ötən il həmin qüvvələrin dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsini sevinclə qarşıladıqlarını nəzərə alaraq demək olar ki, ölkədə nə qədər pis olursa, onlar üçün daha yaxşıdır. Belə vəziyyətdə məmurlar maksimum çalışmalıdırlar ki, onların əlinə belə arqumentlər verilməsin. İmkan vermək olmaz ki, hansısa kiçik məmurun şəxsi tamahı, dövlət maraqlarını üstələsin.

-Hansı tədbirlər görülməlidir? Radikal qərarlar verilməlidirmi?

-Korrupsiya və rüşvətxorluqla bağlı cənab Prezidentin başladığı tədbirlər kampaniya xarakteri daşımır. Yaxşı olar ki, cəmiyyətin bütün sahələrini əhatə edən məmurlar əsil vətənpərvərlik nümayiş etdirərək şüurlu şəkildə ölkənin gələcəyini fikirləşsinlər. Ölkə Başçısının tapşırıqlarına uyğun şəkildə hüquqi dövlət quruculuğunda yardımçı olsunlar. Hər hansı inzibati-hüquqi prosedurlara ehtiyac olmasın. Konkret tədbirlərə gəldikdə isə, hesab edirəm ki, ilk növbədə yerlərdən obyektiv, real, dürüst məlumatlar olmalıdır ki, subyektivliyə yol verilməsin. Nəzərə almaq lazımdır ki, bir çox strukturlarımızda öz cinayətkar fəaliyyətlərini pərdələməyi bacaran “istedadlı” kadrlar da kifayət qədərdir. Obyektiv informasiyanın əldə olunması üçün bir çox metodları var. Bu mövzuda cənab Prezidentin dediyi fikirlər yada düşür” nə vaxt icra başçılarından soruşanda ki, nə kimi problemlər var. Cavab verirlər ki, heç bir problem yoxdur. Hər şey əladır” Yəni bu prinsipdən imtina etmək lazımdır. Cəmiyyətin mövcud sosial sfarişləri dəqiqliklə öyrənilməli, təhlil olunmalı, aktuallıq dərəcələrinə uyğun olaraq tədbirlər görülməlidir. Yalnız belə olan halda, hansısa sosial gərginlik olmaz, davamlı sabitlik yaranar. Bütün sosial sorğular xalqın ölkə Başçısına sonsuz inamını, etibar etdiyini göstərir. Maksimum az itkilərlə qısa zaman kəsiyində Ali Baş Komandan kimi əldə etdiyi fantastik qələbə ən yüksək səviyyədə qiymətləndirilir və xalq əbədi olaraq öz seçimini edib. Lazımdır ki, komanda üzvləri də etimadı doğrultsunlar.

İlahə Əliyeva