"Koronavirusdan sağalanlar yenidən Mərkəzə dəvət ediləcək" - TƏBİB
16.04.2020

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatı ilə tibbi tullantıların təmizlənməsi və utilizasiyasına dair layihə həyata keçirilir”.

Visiontv.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, həmçinin Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalara COVİD-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-S19 layihəsinə start verilməsi ilə əlaqədar keçirilən tədbirdə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hazırda cəmiyyətdə insanların istifadə etdiyi və atdığı tibbi maskalar tibbi tullantılar deyil, sadəcə tullantıdır: "Tibbi tullantılar koronavirusa yoluxması təsdiqlənən xəstələrin istifadə etdiyi tullantılardır və bu tibbi tullantıların utilizasiyasına dair layihə həyata keçirilir".

O qeyd edib ki, koronavirusdan sağalmış şəxsləri önümüzdəki həftədən Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəvət edəcəklər: "Onlardan alınan plazmalarından istifadə edilməsi sahəsində işlər həyata keçiriləcək. Sağalan insanların plazmasında anti-cisimlər var. COVİD-19 üçün anti-cisimlər yetərincə olsa, ağır xəstələrə köçürə bilərik”.