“Könüllü hərbi birləşmələr” adı altında orduya muzdlular cəlb olunur-Elçin Mirzəbəyli
01.09.2020

Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərinə, o cümlədən Dağlıq Qarabağa səfərlərinin intensiv xarakter alması Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkmək niyyətində olmadığını, əksinə, rəsmi İrəvanın hərbi əməliyyatların bərpası üçün yeni təxribatlara əl atacağını sübuta yetirir. Ermənistanın baş nazirinin Qarabağa son səfərində işğalçı ordunun və onun nəzarəti altında olan qanunsuz hərbi birləşmələrin obyektlərinə baş çəkməsi bu faşist törəməsinin öz sələflərindən geri qalmadığını sübut edir. Həm bütün bunların, həm də Ermənistandakı ağır iqtisadi böhranın daha da dərinləşdiyi, ölkənin xarici borcunun 8 milyard ABŞ dollarını keçdiyini, ümumi daxili məhsulu 60 faiz, dövlət büdcəsini 2,5 dəfə üstələdiyini, büdcə kəsirinin 200 milyon ABŞ dollarına yaxınlaşdığını nəzərə alsaq, hərbi ritorikanın gücləndirilməsinin əsas səbəblərindən birinin diqqətin daxili problemlərdən yayındırılmasına xidmət etdiyini söyləmək mümkündür.

Visiontv.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspert bildirib ki, Nikol Paşinyanın Qarabağa səfərləri, həmçinin Azərbaycanla sərhəd xəttinin Tovuz istiqamətində təxribat törətməkdə fərqlənmiş erməni hərbçilərini mükafatlandırması, hətta onlardan birinə “Milli qəhrəman” adını təqdim etməsi İyul döyüşlərindən sonra Ermənistan ordusundakı ruh düşkünlüyünü aradan qaldırmağa hesablanıb. Ermənistan hakimiyyətinin “Müdafiə haqqında” qanuna əlavə və dəyişikliklər etməklə, “könüllü hərbi birləşmələr” adı altında orduya muzdluların cəlb olunması üçün hüquqi baza yaratmaq, digər tərəfdən “Repartasiya haqqında” yeni qanunun qəbuluna hazırlaşmaqla nəinki xaricdə yaşayan ermənilərin, hətta sözdə ermənilərlə identik olan digər xalqların nümayəndələrinin, əslində isə terrorçuların, hərbi cinayətkarların ölkəyə gəlişini və Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılmasını asanlaşdırmaq niyyəti də Paşinyan rejiminin Azərbaycana qarşı yeni hücum planı qurduğu barədə ehtimalları daha da gücləndirir.

Elçin Mirzəbəyli qeyd edib ki, Nikol Paşinyanın Qarabağa intensiv səfərlərini şərtləndirən amillərdən biri də onun ailə biznesini genişləndirmək istəyi ilə bağlıdır. Bu səfərlərlə, həmçinin Ermənistanın sabiq rəhbərliyinə və onların Qarabağdakı əlaltılarına təzyiqləri artırmaqla Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qanunsuz istismarından öz payını götürmək istəyir. Robert Köçəryan, Serj Sarkisyan və digərlərinə edilən hücumların məqsədi heç də iddia olunduğu kimi korrupsiyaya qarşı mübarizə ilə bağlı deyil. Nikol və ətrafı Ermənistanın sabiq hakimiyyətinin əlaltılarının “Sterlite Gold Ltd”, “Sirkap Armenian”, “Base Metals”, “Manex and Valex”, “Armenian Copper Programme”, FDM “Vallex Group” və Azərbaycan torpaqlarını talamaqla məşğul olan bu kimi digər şirkətlərindəki hissələrini öz əlinə keçirmək üçün bütün inzibati resurslardan istifadə edir.
Bu səbəbdən də təsadüfi deyil ki, Paşinyan Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “BeysMetls” (Base Metals CJSC) şirkətinin dağ-mədən kompleksində də olub.

“Qeyd edim ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da Dağlıq Qarabağa hər səfərində separatçıbaşı Bako Saakyanla birlikdə “BeysMetls”in qanunsuz istismar etdiyi mədənlərə baş çəkməyi unutmurdu və hazırda əlindən alınan ailə biznesinə birbaşa özü nəzarət edirdi. Azərbaycanın işğal altındakı torpaqlarında fəaliyyət göstərən müəssisələr həm də Ermənistan hakimiyyəti üçün büdcə vəsaitlərinin mənimsənilməsi və çirkli pulların yuyulması üçün əlverişli vasitə hesab olunurdular. Bu proses bu gün də estafeti Köçəryan və Sarkisyandan alan Nikol Paşinyan tərəfindən daha böyük acgözlüklə davam etdirilir”, - deyə siyasi ekspert bildirib.