Kimlərsə milli barışığın olmamasında danışırsa, fikrimcə, əldə etdiyimiz bu dəyərləri istismar etməkdir-deputat Hikmət Babaoğlu
24.09.2020

Torpaqları işğal altında və hər an müharibə ilə üz-üzə olan istənilən ölkə üçün daxildə milli barış, vətəndaş həmrəyliyi ən zəruri amildir. Bunu hər kəs edir və tarixdə də belə olduğunun təsdiqləyən çoxsaylı faktlar var. Bu gün Azərbaycanın da torpaqları işğal altındadır və vətən müharibəsi hər an başlana bilər. Güclü ordumuzu var, ölkəmiz güclüdür.

Azərbaycanda milli barışıqdan da hər kəs danışır və bu məsələdə də ölkəmizin durumunu yaxşı qiymətləndirmək olar. Bəs hamının danışdığı milli barışığı daha da gücləndirmək və ən yüksək səviyyəyə qaldırmaq üçün kimlər, hansı məsələlər ətrafında bu milli barışığı yaratmalıdır? Ölkənin müharibə ovqatına kökləndiyi vaxt milli barışığın önəmi nələrdir?
 

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, ölkəmizdə milli barışıq və onun əsasını təşkil edən ictimai həmrəylik 1990- cı illərin ikinci yarısından bəri bərqərar olub və bu gün ictimai münasibətlərimizdə elə təzadlar və ziddiyyətlər yoxdur ki, biz onların aradan qaldırılması üçün milli barışıqdan danışaq. Əgər elə olmasaydı, bu gün sabitlik, ortaq dəyərlər və mənafelər ətrafında milli enerjinin konsolidasiyası hadisəsi də olmazdı: “Sevindirici haldır ki, Azərbaycan cəmiyyəti ümumi milli ideoloji və sosial identikliyi özü üçün təmin edib. Ortaq sosial kimlik məsələsi çoxdan həll edilib və ən üst sosial kimlik kimi bütün hüquqi dövlətlərdə olduğu kimi vətəndaşlıq kimliyi müəyyən edilib. Bu qədər vacib hüquqi və sosial reallıqları görməzlikdən gəlib kimlərsə milli barışığın olmamasında danışırsa, fikrimcə, əldə etdiyimiz bu dəyərləri istismar etməkdir. Doğrusu, bəzi marginal qruplar əslində müxtəlif manipuliyativ vasitələrlə bunu etməyə çalışırlar. Ona görə də çox diqqətli olmalı və süni şəkildə ”milli barışıq" mövzusunu ortaya atanların milli enerjimizi olmayan problemə yönləndirməsinə yol verməməliyik". 

Ölkənin müharibə ovqatına kökləndiyi vaxt milli barışığın önəmi nələrdir sualına gəlincə, deputat vurğuladı ki, əslində ən əsas məsələlər bu sualın birinci hissəsində olan məzmundadır: “Cəmiyyətimiz müharibə ovqatına köklənib və bu çox yaxşıdır. Torpaqlarının 20 faizi işğal altında olan xalqın belə əhval-ruhiyyədə olması olduqca vacibdir. Bu əhval-ruhiyyə o qədər kütləvi və qətiyyətlidir ki, özlüyündə həm də milli barışığın olmadığını deyənlərə yaxşı cavabdır. Milli barışıq olmasa, heç belə kütləvi milli vətənpərvərlik ruhu da olmazdı. Tanrıya şükürlər olsun ki, xalqımız vətənpərvərlik, döyüşkənlik, hər şeyini vətənin azadlığı üçün fədaetmə ruhunu heç vaxt itirmədi. Elə Ali Baş Komandanmızın rəhbərliyi altında Qarabağımızı işğaldan azad edəcək əzm və qətiyyət də budur”.

Visiontv.az