"Keçəl Həsən, ya Həsən keçəl": Belədirsə Bəxtiyar getsin "Xalq qəzeti"nə, Həsən də gəlsin "Azərbaycan"a
22.09.2022

Mətbuat Şurasının sədri Əflatun Amaşovu tənqid də etmək olar, hələ lazım gəlsə tərifləmək də. Yəni tənqid etsən, gülümsəyə-gülümsəyə oxuyacaq, bəlkə də başını da yelləyəcək, azacıq da olsa, narazılığını da bildirəcək və.s və ilaxır. Tərifləmək üçün də əsaslarım var. Heç vaxt mənə pis adam təsiri bağışlamayıb. Diqqət də göstərib, işimizə dəyərini də gizlətməyib. Onunla ünsiyyət yaratmaq asandır, müzakirələrə açıqdır və yenə də və s. və ilaxır.

Amma eşidəndə ki, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənovun yerinə o təyin olunacaq, sözün açığı inanmaq istəmədim. Elə indi də inanmıram. Yəni bu xəbəri eşidəndə ilk olaraq ağlıma gələn bu oldu: "Keçəl Həsən, Həsən keçəl". Ona görə yox ki, Əflatun Amaşov bu vəzifəyə yaraşmır. Əsla. Əgər elədirsə, Mətbuat Şurasının sədri kimi ona nə mane olur media islahatları hərəkatına töhfələr verməkdə? Elə ondansa, Bəxtiyar getsin "Xalq qəzeti"nə, Həsən Həsənov da getsin "Azərbaycan"a. İş bitsin, vəssalam.  

Əgər həqiqi islahatdan danışırıqsa, bu, bir qədər köklü və olduqca təsirli olmalıdır. "Xalq qəzeti"nə, "Azərbaycan"a, "Respublika"ya yeni yanaşma, yeni baxışlar olmalıdır. Sözlər hər birimizə xoş gələ bilər, amma sözün əsl mənasında yeniliklər olmalıdır. Yoxsa toplananların yerini dəyişəndə cəm dəyişmir. Azərbaycanda kifayət qədər peşəkar, savadlı və təcrübəli jurnalistlər var ki, onlar daim prosesdən kənarda qalıblar. Hələ AzərTAC-dan danışmıram. Televiziyaları qurdalamıram. Heç həsənovçuluqdan bəhs eləmirəm. Amma bir onu deyə bilərəm ki, "çevir tatı, vur tatı" prinsipləri işləməyəcək. Xalid Niyazov, Xatirə Sadiq, Faiq Hüsiyev, Rəşad Nəsirov, Yunis Orucov, Firuz Kazımoğlu, Şöhrət El-Dəniz, Vəli Əkbər və daha adını çəkmədiyim nə qədər jurnalistlər var ki, şərh bölməsində xatırlaya bilərsiniz. Bütün peşəkarlar bu prosesə cəlb olunmalıdır.

Başa düşürsünüz, CƏLB OLUNMALIDIR!

Fadil Paşayev konkret.az saytının baş redaktoru

visiontv.az