"Kanada cəmiyyətinin ən sevdiyim tərəfləri..."
"Kanada cəmiyyətinin ən sevdiyim tərəfləri..."
21.09.2022 MEDİA Tərəfindən

Ərazisinə görə dünyanın ikinci böyük ölkəsi Kanadadan danışacağıq....

Milyonlarla insanın yaşamaq üçün xəyal etdiyi ölkələrdən ən birincilər sırasında birmənalı olaraq Kanadadır deyə bilərik. Müsair dünya ölkələrinə sözün əsil mənasında yaxşı nümunə olmağı haqq edən Kanada məlumdur ki, həm də çoxmillətli ölkə kimi də tanınır. Bir çox mədəniyyətlərin və xalqların qarşılıqlı anlayış və rifah içində yaşadığı bu gözəl ölkədə xeyli həmyerlilərimiz də yaşayır. Həmin həmvətənlərimizdən biri də Vəliyəddin Quliyevdir. Beləliklə biz bu dəfə bir çoxlarının xüsusi maraq dairəsi olan Kanada barədə danışmışıq. Ümidvaram ki, müsahibəmiz oxucularımız üçün maraqlı olacaq.

Öncə haqqınızda oxucularımıza məlumat verməyinizi istərdim!

Mən Vəliyəddin Quliyev dostlar qısa olaraq Vəli də deyirlər(gülür).Bakı şəhərində 1994-cü ildə doğulmuşam.Ali təhsilliyəm, ixtisasım isə nəqliyyat mühəndisliyidir.
Siyasi baxışım liberal, dini baxışım isə deistdir.

Bu gün Kanada bir çoxlarının arzusudu. Bəs sizin üçün Kanadaya yolçuluq necə başladı?

Kanadaya gəlişimi mən bir neçə il öncədən planlaşdırırdım, sadəcə bəzi ailəvi səbəblər və evimizlə bağlı olan problem məni bir az gözlədirdi.2020-ci ilin sonları dekabr ayında qərarımı qətiləşdirdim.Dostların yardımı sayəsində Niaqaranın Kollecinə qəbul aldım.İyun ayında isə yola düşdüm.Daha sonra ixtisasımın mənə uyğun olmadığını görüb Toronto Kolleclərindən birinə Centenial Kollecə qəbul aldım.Hal-hazırda isə ingilis dili üzrə kurs keçirəm bitirdikdən sonra software təhsil almağı düşünürəm.

Təbii ki, miqrasiya zamanı daim problemlər olur. Kanadaya miqrasiya edərkən əsas hansı problemlərlə qarşılaşdınız?

Miqrasiyanın ən birinci problemlərindən biri heç kəsi tanımamağın, yeni cəmiyyət, yeni insanlar, qaydalar, mətbəx və həyat tərzi ən birinci çətinləşdirən səbəblərdir.Amma ünsiyyət qurduqca və keyfiyyətli insanlarla münasibət bu yolda olan çətinliklərin öhdəsindən gəlməyə çox böyük kömək edir.

Sizə görə Kanada cəmiyyətinin ən çox təqdir etdiyiniz və bəyənmədiyiniz tərəfləri varmı?Varsa bunlar nələrdi?

Kanada cəmiyyətinin ən sevdiyim tərəfləri öz hüquqlarını bilib onu tələb etmələridir.Bu dövlətin inkişafında duran əsas səbəbdir.
Bəyənmədiyim ciddi tərəflərini müşahidə etməmişəm ( gülür ).

Statistikaya görə Kanada sabit, təhlükəsiz ölkələrdəndir. Lakin hər ölkənin özünəxas problemləri var. Bu mənada Kanadada durum necədir?

Kanada dünyanın inkişaf etmiş ölkəsidir və dünya ÜDM təxminən 5 % yaxını bu ölkənin payına düşür.Kanadanın ən birinci problemi əmlak qiymətləridir.Toronto şəhərində evlər astronomik qiymətlərə qalxıb.Hər adamın alacağı gücdə deyil.Bununla belə hökümət qabaqlayıcı tədbirlər görmək istəyir.Kirayə qiymətləri çox yüksəkdir.Bu isə insanların aylıq gəlirlərinə xüsusilə evli ailələrin ciddi təsir edir.Ərzaq, elektronika, istehlak səbəti baxımından isə problem yoxdur.Düzdür son 20 ildə inflasiya problemi gözə dəymirdi.Amma pandemiyadan sonra ilk dəfədir inflasiya sürətlə gedir.Bu isə qiymətlərin normal olaraq qalxmasına səbəb olur.Buna baxmayaraq minimal saat hesabı işçi maaşlarını qaldırırlar.Bizim Ontariyo əyaləti üzrə bu il minimal saat üzrə maaşı 15,50$ qaldıracaqlarını deyiblər.

Hər gün yenilənən dünyada peşələrlə bağlı tələblər tez - tez dəyişir. Bəs Kanadada, hansı ixtisas sahiblərinə, peşə adamlarına tələbatın olduğunu söyləmək olar?

Kanada universal dövlətdir.Burada istənilən peşə sahibi normal qazancı olur.Xüsusilə tikinti sektorunda çox ciddi gəlirlər var.Məsələn bəzilərini deyə bilərəm.Kafel-metlax ustası günlük 300 $, qaynaqçı 350 $, qapı-pəncərə 200-300 $, elektrik 300-350 $, havalandırma mütəxəssisi 500-550 $ və.sBu maaşlar ixtisaslı işini bilən peşə sahibləri üçündür.Yerdə qalan sahələr üzrə isə maaşlar saat hesabı 20-50 $ kimi olur.Bura İT mütəxəssis, mühafizəçi, polis, tibb bacısı, hərbçi, mühasib və.s yazmaq olar.
Ən birinci burada sənin işini nə səviyyədə bilməyin, sertifikatların və aldığın təhsil önəm daşıyır və əlbəttə ingilis dilini necə bilməyin.

Vəli bəy! Deyə bilərsinizmi hansı halda Kanada şirkətləri digər ölkələrdən işçilərə ehtiyac duyur? Bəzən Azərbaycandakı həmyerlilərimiz sosial şəbəkələrdə tez-tez Kanadadan iş dəvəti aldıqlarını yazır və bunun reallığa nə qədər uyğun olub olmadığını soruşurlar. Onlar necə bilsinlər ki, onları işə dəvət edən hansısa işbaz deyil, həqiqətən şirkət yetkilisidir? Bu barədə nələri vurğulaya bilərsiniz?

Kanada şirkətləri ixtisaslı kadrları ölkədə tapmayanda ölkə xaricindən işçi axtarışına çıxırlar.Əgər göstəricilərinə uyğun işçi tapsalar onun gətirilməsi üçün dövlətə sənədlərini təqdim edib, work permit vizasına müraciət edirlər.Hər dəvətə inanmaq olmaz.Əgər çağıran şirkət etibarlıdırsa zatən viza müraciəti və cavabında bu özünü göstərir.Hal-hazırda pandemiya səbəbindən 2 milyona yaxın sənəd sıxışıb qalıb.Kanada dövləti bu problemi sürətlə həll etmək üçün əlavə miqrasiya işçilərini işə qəbul ediblər.

Kifayət qədər bu ölkəyə bələd olan şəxs kimi deyə bilərsinizmi Kanadanın miqrantlar üçün hansı işəgötrümə proqramları mövcuddur?

Kanada miqrantlar üçün sırf dövlət xətti üzrə ixtisaslı kadrları cəlb etmək üçün express entry proqramı mövcuddur.Ora istənilən şəxs müraciət edir.Xüsusi dil, ixtisas, bilik üzrə yoxlamada bal yığılır ortalama balı yığan şəxs növbəti mərhələyə keçir.Hal-hazırda isə bu proqrama müraciət edib cavab gözləyən təxmini 180.000 nəfər var.Yəni onlar balı yığıb növbəti mərhələyə keçiblər.Belə deyək hovuz düşününün və bu hovuza düşmüsünüz sadəcə indi sizi oradan çıxarmağı gözləyirsiniz .

Məsələn həmvətənlərindəki hansı xüsusiyyətləri kanadalı dostlarında tapa bilmirsiniz? Və ya əksinə!

Həmvətənlilərimiz arasında mənfi və müsbət xüsusiyyətləri ilə fərqlənənləri var.Mən bura gəldiyim vaxtdan bəzilərini çıxmaq şərtiylə mənə çox doğma, yaxın hiss etdiyim şəxsləri tapmışam.Biraz əvvəl dediyim kimi keyfiyyətli insanlarla tanış olmaq lazımdır. Mən əməliyyat keçirdim və tanıdığım insanlardan əlaqə saxlayan, maddi dəstək göstərən, yanıma gəlmək istəyənlər çox oldu.Onların hər birinə təşəkkür edirəm.Bu elə bir-birimizə dəstəyin bir nümunəsidir.Buna baxmayaraq keyfiyyətsiz həmyerlilərimizdə hərəkətləri ilə Kanada dövlətinin yaddaşında ölkə olaraq yaxşı xatırlanmırlar.

Müsahibəmizin sonunucu sualı bu olsun. Ümumiyyətlə miqrasiya etmək niyyətində olan həmvətənlərə ilk olaraq nələri məsləhət görürsünüz?

Miqrasiya etmək istəyən şəxslərə ən birinci tövsiyyək odur ki, miqrasiya edəcəkləri ölkəni ciddi şəkildə araşdırsınlar.İkinci yüksək səviyyədə ingilis dili bilikləri olsun.Üçüncü istənilən bir peşə bilikləri olsun ki, gəldikləri zaman müvəqqəti onlara maddi gəlir gətirə bilsin.Ən əsası isə daima öz üzərlərində inkişaf etməyi planlaşdırsınlar.Çünki öz üzərində işləyən, inkişaf edən insanlar bu dövlətlərdə hər zaman uğur qazanırlar.Fürsətdən istifadə edərək Bünyamin bəy sizə də öz təşəkkürümü bildirirəm ki, mənə belə bir şans tanıdınız.Gələcək fəaliyyətinizdə uğurlar !

- Mən sizə təşəkkür edirəm. Uzaq Kanadada Tanrı hər zaman yardımçınız olsun.

Söhbətləşdi: Bünyamin Bünyadzadə

Visiontv.az