İstifadə olunmuş maskaları yığıb yenə satırlar?
28.04.2020

İddialara görə, istifadə olunduqdan sonra küçələrə, parklara və yaxud da zibil qutularına atılan tibbi maskalar sonradan bəzi işbazlar tərəfindən yığılaraq, müəyyən prosedur həyata keçirildikdən sonra yenidən satışa çıxarılır.

Visoontv.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "Maskanın istifadə müddəti bitdikdən sonra, yaxud istifadə edib bitirdikdən sonra elə olduğu kimi də çıxarıb atıram zibil qablarına".

Eyyub Hüseynov - AİB-in sədri: "Tullanmış maskaları yuyurlar və yaxud yumurlar təzədən satışa çıxarırlar. İstehlakçılar zəng vurub deyirlər ki, biz səhər zibil yeşiyinin yanından maskaları yığıb üst-üstə qoyan adam görmüşük".

Ekspertlərin sözlərinə görə, bu koronavirusdan da ağır xəstəliklərin yayılmasına səbəb ola bilər.

Eyyub Hüseynov - AİB-in sədri: "10 dənə maska yığırlar, 5 dənəsi təzə, 2-sini də onun arasına qoyurlar satırlar. Kənd yerlərində, rayon yerlərində hər yerdə aptek yoxdur. Həmin yerlərdə yaya bilirlər. Bəli, yəni bunlar yığılır, yenidən çıxarılır bazara. Necə ki, vaxtı keçmiş malların vaxtını dəyişib təzədən çıxarırlar bazara. Yəni maska da alınan bir şeydir, ona da təlabat var".

Respublikanın baş infeksionisti Cəlal İsayev deyir ki, istifadə olunmuş maskanı yuyub, qaynatmadan 2-ci adam istifadə edərsə, o yoluxa bilər. Amma əgər qaynadılıb, istifadə edilərsə, o zaman maska öz keyfiyyətini itirər.

Cəlal İsayev - Baş infeksionist: "Əgər yuyub, qaynadıblarsa, heç bir təhlükəsi yoxdur. Amma gigiyenik nöqteyi nəzərdən də düzgün deyil".

Səkinə Babayeva - Tibbi maska istehsalçısı: "Gizli sexlərdə tikilən maskalar, parçadan hazırlanan maskalar və ya vaxtı keçən maskalar. Bunlardan istifadə qadağandır. O ki qaldı maskaların yığılmasına, həmin maskaları sonradan apteklərə vermək, əlbəttə ki, ikitərəfli məsuliyyətdir. Düşünürəm ki, belə adamlar varsa əgər, ictimaiyətin qınağına çevrilməlidir".

Mütəxəssislər vətəndaşlara tibbi maskaları istifadə etdikdən sonra əzərək, ya da cıraraq yararsız vəziyyətə salmağı tövsiyə edirlər. Belə olan halda maskanın təkrar istifadəyə çıxarılmasının qarşısını almaq olar.