İranda öldürülənlərin meyitləri gizlədilir, dəfn mərasimlərinə icazə verilmir
28.11.2019

İran hakimiyyəti yanacağın bahalanmasına etiraz edənlərə qarşı repressiv addımların miqyasını qəsdən gizlədir. Bunu “Human Rights Watch” (HRW) insan haqları təşkilatı yeni hesabatında deyir.

Visiontv.az-ın turkustan.info-ya istinadən verdiyi xəbərə görə, noyabrın 15-dən başlanan etirazlarda 140-dan artıq adamın öldürüldüyü, 7 minədək şəxsin saxlandığı xəbər verilir. Məlumatı insan haqları qrupları və iranlı deputat verib. Bəzi məlumatlara görə, öldürülənlərin sayı hətta 200-ü keçib.

HRW noyabrın 27-də “İran: Qəddar divantutmanın bilərəkdən ört-basdır olunması” adlı hesabat açıqlayıb. Təşkilat bildirir ki, etirazların yatırdılmasından iki həftəyədək vaxt keçir, ancaq rəsmi orqanlar hələ də iğtişaşlarla bağlı ölü sayını açıqlamayıblar.