İrana bu sualları tək biz yox, həm də orada yaşayan 40 milyonluq azərbaycanlılar da verir
29.09.2021

İran-Azərbaycan qarşıdurmasında mətbuat niyə ucuz məntiq ardınca qaçır? Çünki məqsədli şəkildə mübarizəni ölkədaxili qeybət formatına salırlar. Kimin hansı dindardan xoşu gəlmir İranpərəst, kimdən isə xoşları gəlir fars olsa belə qardaş kimi təqdim edir. Hamısı da türkçü, millətçi adı altında həyata keçirilir. Hətta ağlı başında zənn etdiyim böyük saytlar və jurnalistlər belə bu oyunda fəal iştirak edirlər. Amma məsələnin kökü bizim hansısa mollada deyil. Çalışacam izah edim.

İllərdir İranın, Fransanın patronluğu, Ermənistanın isə fitnəsi ilə həyata keçirmək istədiyi “Ariana” layihəsi Əfqanıstan, Azərbaycan, İraq daxil olmaqla bütün cəbhələrdə iflasa uğradı.
Azərbaycanın Ermənistanla apardığı 44 günlük Vətən müharibəsində qazandığı qələbə bu iflasın əsas stimulverici qüvvəsi oldu. Qarabağ savaşından dərhal sonra İranın Fransa kəşfiyyatının xeyir-duası ilə həyata keçirməyə çalışdığı “Ariana” layihəsi zəncirvari reaksiya kimi İraqda və nəhayət Əfqanstanda iflasa uğradı. Bu iflasın baş tutmasında Azərbaycanla yanaşı təbii ki, Türkiyə və Pakistanın da böyük rolu oldu.
Məhz bundan sonra regionda yaranan yeni geopolitik vəziyyət İranın ziyanına işləməyə başlayıb.

Ermənistanın müharibədə darmadağın olması, Azərbaycanın bölgədəki bütün strateji əhəmiyyət daşıyan yollara nəzarət etməsi, İrəvanla yanaşı Tehranı da Bakıdan asılı vəziyyətə salıb.
Həmçinin İranın və Ermənistanın müttəfiqi rolunda çıxış edən, Avropada özünü liberal qüvvələrin mərkəzi sayan Fransanı ABŞ və İngiltərə elə bir vəziyyətə saldı ki, Parisin hal-hazırda hansısa böyük layihələri yenidən dirçəltmək cəhdi mümkün görünmür.
Hazırda Makronun gücü ona etiraz olaraq yumurta atan vətəndaşını dəlixanaya salmağa çatır. Bir də media vasitəsilə Azərbaycan və müttəfiqlərinə qarayaxmaqla məşğuldur. “France-24” televiziya kanalının müxbirinin prezident İlham Əliyevə verdiyi təxribat xarakterli suallar buna sübutdur. Təbii ki, Prezident bu suallara sərt və məntiqli cavabı verməklə Fransanın yürütdüyü anti-Azərbaycan siyasətini də ifşa etdi. Dediyim kimi, Azərbaycanın Qarabağdakı qalibiyyəti Fransa başda olmaqla İranın və Ermənistanın regionda həyata keçirmək istədikləri planı alt-üst etdi. Fransanı yazdığım kimi ABŞ, İngiltərə və müəyyən qədər Rusiya oyundan çıxardı. Ermənistanı biz məhv etdik və dirçəlmələrinə hələ uzun bir vaxt lazımdır.

Qalır İran…

İran mollaları hələ müharibədən əvvəl başladıqları məkirli oyunun iflasa səbəb olmasının günahını Azərbaycanda görürlər. Baş verən proseslərdən kənarda qalan Tehran regionda kiçik və zəif hesab etdiyi Azərbaycana məğlub olduğunu həzm edə bilmir.

Ona görə də…

İlk ortaya atdıqları oyun etnik separatçılıq oldu. Amma Azərbaycanda yaşayan millətləri üz-üzə qoymaq cəhdələrini mediada gündəmə çevirə bilmədilər. Cəmiyyət qəbul etmədi. Fərqli səbəblər deyilir. Amma bu təxribatın baş tutmamasının tək səbəbi var. O da 44 günlük Vətən müharibəsi oldu. Müharibə vaxtı savaşan və şəhid olanların etnik tərkibi saf-çürük edilmədi. Azərbaycan bir yerdə bu savaşa qatıldı və döyüşüb şəhid olanların yaxınları hansı millətə mənsub olduğunun fərqinə varmadı. Ona görə etnik təxribat iflasa uğradı.
Təbii ki, bu məsələdə Rusiyanın bəzi şovinist qüvvələri İrana dəstək vermədi.
Səbəb…
Hal-hazırda Rusiyanın özündə bu məsələ çox həssasdır. Və istənilən bir qığılcım etnik qarşıdurma alovunu yaya bilər.
İranın növbəti addımı ərazi bütövlüyümüzə hörmətsiz davranması oldu. 30 il Qarabağdaki erməni separatçıları ilə əməkdaşlıq edən İran işğal olunmuş ərazilər azad olunandan sonra da qaldığı yerdən davam etmək qərarına gəldi. Tez-tez İran maşınlarının Xankəndinə erməni separatçılarına yük daşımaları Bakını hövsələdən çıxardı. Amma təmkinini pozmadı. İlk olaraq İranın Azərbaycandaki səfirinə etiraz notası təqdim etdi.
Sonra səfirlə rəsmi görüşlər keçirdi, nəhayət məsələni kökündən həll edərək Xankəndinə qanunsuz gedən yük maşınlarının sürücülərini həbs etdi. Təbii ki, İranın bu addımları Azərbaycanı təxribata cəlb etmək cəhdi idi. Amma dediyim kimi bu məsələdə də Azərbaycan təmkin nümayiş etdirərək problemi beynəlxalq qanunlar çərçivəsində həll etdi.Ona görə Tehran menyusunda olan digər bir silahını təriqət zəminində məsələni şişirdib, illərdir şirə kimi bəhrələndiyi sionist amilini ortaya atmaq. Bu məsələdə İranın Azərbaycanda az olmasa da ürək bulandıracaq qədər tərəfdarları var. İlk olaraq Ərdəbilin SEPAH mollası Amulinin ağzı ilə bizimlə danışdı. 5 il bundan əvvəlki məsələni qabardaraq Azərbaycana hədə-qorxu tonu ilə mesaj yolladı. Ardınca buradaki tərəfdarlarına ürək-dirək vermək üçün sərhəddə hərbi təlimlərə başladı. Və indiyə kimi Azərbaycan sərhədinə 80-ci illərin hərbi texnikaları olsa da hərbi qüvvə yığır.

Bəs İranın azarı nədir?..
İranın azarı böyük oyunda uduzduğunu anladığına görə bölgədə qarşıdurma yaratmaq, Azərbaycanın qalibiyyətdən əldə etdiyi layihələrə mane olmaqdır. İlk hədəfi isə Zəngəzur dəhlizidir. Tehranda oturan əmmamə sahibləri təbii ki, bu dəhlizin açılmasında böyük dövlətlərin böyük maraqları olduğunun fərqindədirlər.
Amma bütün hallarda çalışırlar ki, ya mane olsunlar, ya da hansısa formada bu layihədə iştirak edib uduşlu vəziyyətə düşsünlər. Baş verən proseslər göstərir ki, bu layihənin dayandırılması mümkün olmayacaq. Ona görə də İran çalışır ki, sərhəddə təxribatlar törətsin, Azərbaycanın daxilində isə illərdir Qumda yetişdirdiyi tərəfdarları tərəfindən qarşıdurma yaratsın. Bu baxımdan İranın Zəngəzur dəhlizinin açılmasına mane olacaq gücü yoxdur. Böyük dövlətlərin marağında olan bu layihəyə İranın mane olması inandırıcı deyil. Qalır Azərbaycanda bəslədiyi iranpərəst qüvvələr vasitəsilə ölkədə xaos yaratmaq cəhdləri.

Bacaracaqmı?..

Prezident İlham Əliyevin Anadolu agentliyinə verdiyi müsahibəsindən aydın oldu ki, İran-Azərbaycan münasibətləri bir başa öz nəzarətindədir. Və Azərbaycanda hansısa mollanın, dindarın nə deməsi elə də əhəmiyyət kəsb etmir. O cümlədən Prezident müsahibəsində izah etdi ki, bu İranın, İslam dinini sionistlərdən qorumaq üçün göstərdiyi təşəbbüs deyil.
Bu İranın bölgədə illərdir apardığı ermənipərəst və anti-türk siyasətinin nəticəsidir. Din amili, təriqət amili süni ortaya atılaraq mətbuatda və cəmiyyətdə şişirdilərək gündəmə çevirmək cəhdindən başqa bir şey deyil.
Təəssüf ki, bu oyunda mediamız fəal iştirak edir. Ciddi məqamlar kənarda qalır. Ortaya qeybət məzmunlu fikirlər atılır və müzakirələri o istiqamətə yönləndirilir. Məsələnin əsl mahiyyətini anlamaq üçün Prezident İlham Əliyevin tək bu fikri bəs edir: "O ki qaldı bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüb doğuran bir məsələdir.
Çünki, 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. İlk növbədə, deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır. Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir.
Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır”.

Prezidentin “bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir” fikri o deməkdir ki, İrana bu sualları həm də orada yaşayan və heç bir hüquqları olmayan 40 milyonluq azərbaycanlılar da verir. Yəni dediyim kimi bu məsələ heç də təriqət təşəbbüsündən irəli gələn molla oyunu deyil. Bu bir milli, özünə qayıdış və bütövləşmə məsələsidir. Ona görə mediamız və cəmiyyət cılız molla oyununa qoşulmamalı, problemə daha qlobal yanaşmalıdır. Təxribatlara uymamalıdır. İranın ölkəmizdə apardığı bu cılız təriqət oyununa isə çox guman ki, yaxın vaxtlarda hüquq-mühafizə orqanları lazımi və sərt tədbirlər görməklə yekun vuracaqlar. Bunun üçün Azərbaycanın güc strukturlarının 95-96-cı illərdə ümummili lider Heydər Əliyevdən qalma effektli təcrübə metodu mövcuddur.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb.


Şöhrət El-Dəniz