“İran ərazisində yerləşən torpaqlarımız bizim üçün çox önəmlidir…”
“İran ərazisində yerləşən torpaqlarımız bizim üçün çox önəmlidir…”
03.02.2023 MEDİA Tərəfindən

“Tarixi torpaqlar haqqında” qanunun qəbul edilməsi üçün tarixi və hüquqi  zərurət yaranıb? Bu qanun Azərbaycanın tarixi torpaqlarına iddia etməsi kimi başa düşülməlidirmi?

 Sözügedən suallar haqqında politoloq Samir Hümbətov Visiontv.az saytına açıqlama verib:
 
“Əlbəttə ki, hər bir dövlətin və xalqın öz tarixi torpaqları var. Bu torpaqlar həmin xalqın və ya dövlətin orada öz milli kimliyinin qorunması və mədəni – etnik tərkibinin saxlanılması baxımından önəmlidir. Düşünürəm ki, Azərbaycanın tarixi topraqları ilə bağlı qanun qəbul edilməlidir. 

Əgər bu qanun qəbul edilərsə, əslində qonşu və region dövlətlərinə bir mesaj xarakteri daşıya bilər. Azərbaycan bəlkə də yeganə dövlətdir ki, sərhədləri öz tarixi torpaqları ilə əhatə olunubdur. Misal üçün Borçalıda təxminən yarım milyondan çox azərbaycanlı yaşayır. Amma Azərbaycan hələ də fikir səsləndirmir ki, Borçalı ərazisi bizimdir.  Azərbaycan ora iddia etmir və orada mədəni bir oturuşma var. Bu baxımdan düşünürəm ki, tarixi torpaqlarımız barədə qanunun qəbul edilməsi heç də Azərbaycanın bütün dövlətlərə ərazi iddia etməsi deyil.

Amma Ermənistanla ərazi məsələsində isə biz ərazidən çıxarılmışıq. Tarixi torpaqlarımızdan mədəni izlərin silinməsi prosesi gedir. Eyni zamanda İranda assimiliyasiya siyasəti gedir. Azərbaycan dilinin qadağan edilməsi və bizə aid olan milli mənəvi dəyərlər sıradan çıxarılır. Bu proses Dağıstanda da mövcuddur. Hesab edirəm ki, belə bir qanun qəbul edilməlidir. Bu mənada zərurət getdikcə artmaqdadır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Türk dünyasının əsas aparıcı dövlətlərindən biridir.

Çünki gələcəkdə həmin bölgədə yaşayan əhali öz müstəqilliklərini tələb edərlərsə Azərbaycan da onları qəbul edərək bölgədə böyük bir dövlətə çevrilə bilər. Yəni hər şey tarixi proseslərdən asılıdır.  Ola bilər ki, Ukrayna müharibədə qalib gələr və Rusiya bununla da parçalana bilər. Hətta Ukrayna – Rusiya savaşı yeni başladığı dönəmlərdə Çin televiziyalarıdan biri Rusiyanın parçalanmış xəritəsini də nümayiş etdirmişdi.  

Təbii ki, İran ərazisində yerləşən torpaqlarımız bizim üçün çox önəmlidir.  Bu ərazi hətta bizim indi dövlət ərazimizdən də böyük ərazidir. Düşünürəm ki,  bütün bunları nəzərə almaqla bu qanunun qəbul edilməsi vacib və əhəmiyyətlidir.”

Bünyamin  Bünyadzadə
Visiontv.az