İran bu günədək Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı izahat verməyib
İran bu günədək Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı izahat verməyib
07.02.2023 MEDİA Tərəfindən

Azərbaycanın Tehrandakı səfirliyinə hücumun planlaşdırılmış terror aktı olması rəsmən elan edildi.

Azərbaycanın Tehrandakı səfirliyinə hücumun planlaşdırılmış terror aktı olması rəsmən elan edildi.

Dünən Azərbaycan Xarici İşlər Nazirliyində Tehrandakı Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı brifinq keçirildi.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə hücumun başvermə şəraiti barədə baş verənlərin ardıcıllığı ilə detallı məlumat verdi və bunun planlı şəkildə həyata keçirilmiş terror aktı olduğunu bildirdi.

"İranda hücum üçün istirahət gününün seçilməsi, ehtiyat maqazinli avtomatik silahın və əlavə tapançanın, yandırıcı qatışığın olması, İran polisinin müdaxilə etməməsi bunun planlı terror aktı olduğunu deməyə əsas verir", - Hacızadə bildirib.

Yanvarın 27-də səhər terrorçu hücum üçün əlverişli an seçmək məqsədilə səfirliyin yanından iki dəfə -saat 08:05-də və 08:24-də öz maşını ilə keçib.

Saat 08:32-yə yaxın səfirliyin iki əməkdaşı diplomatik missiyanın binasına daxil olanda terrorçu öz avtomobilini səfirliyin park edilmiş avtomobilinə çırpıb.

O, işçilərin səs-küyə çıxacağını nəzərə alıb və açılan qapıdan istifadə etməklə avtomatdan atəş açaraq səfirliyimizə soxulub.

Bu zaman terrorçu səfirliyin qapısında postda dayanan İran polisinə əliylə işarə verib.

İki dəqiqədən sonra- saat 08.34-də səfirliyin qarşısında İran polisinin avtomobili görünüb, səfirliyin qapısında dayanan polislə qısa söhbətdən bir neçə saniyə sonra ərazini tərk edib.

Bu vaxt səfirliyin binasında 4 dəqiqə ərzində 08.32-dən 08.36-dək terrorçu atəş açıb.

Nəticədə Orxan Əsgərov aldığı yaralardan hadisə yerindəcə şəhid olub.

Səfirliymizin digər mühafizəçisi Mahir İmanov qolundan və ayağından ağır yaralar alıb.

Diğər mühafizəçi Vasif Tağıyev terrorçunu tərksilah etmək üçün onunla əlbəyaxa olub.

Bu zaman terrorçu atəş etməyə davam edib və Tağıyevi öncə çiynindən yaralayıb.

Buna baxmayaraq, Tağıyev terrorçunun avtomatından maqazini çıxara bilib.

Bundan sonra hücumçü cibindən "Colt" tapançasını çıxarıb və bu dəfə Tağıyevi çənəsindən yaralayıb.

İki dəfə yaralanmasına baxmayaraq, Tağıyev terrorçunu binadan çıxarıb qapını bağlamağı bacarıb.

Bütün bunların baş verdiyi müddətdə səfirliyin qapısındakı iranlı polis nəinki müdaxilə etməyib, hətta ərazidən kənarlaşıb.

Daha sonra terrorçu cibindən ehtiyat maqazin çıxarıb avtomata taxıb, iki dəfə əliylə kənardakə binada kiməsə işarə edib.

O, səfirliyin qapısına, daha sonra səfirlik əməkdaşlarının ailə üzvlərinin yaşadığı binanın yuxarı mərtəbələrinin pəncərələrinə atəş açıb.

Bundan sonra çölə çıxaraq səfirliyin avtomobilinin təkərlərinə benzin töküb yandırıb.

Sonra öz avtomobilinin baqajından bir çəkic çıxarıb qapıları sındıraraq yenidən səfirliyə girib.

Avtomatdan atəş açaraq ikinci mərtəbəyə qalxmağa çalışıb.

Lakin mühafizəçi Tağıyev bu dəfə də yanğınsöndürən balonla onun başına zərbə endirib və yaralayıb.

Bundan sonra terrorçu səfirliyi tərk edib.

Binadan çıxaraq yenidən səfirliyin avtomobilinə molotov kokteli atıb və yandırıb.

Məsafə yaxın olduğu üçün benzin terrorçunun öz üstünə də tökülüb və onun özünü də yandırıb.

Bundan bir müddət sonra səfirliyin qarşısında İran polisləri və yanğınsöndürənlər gəlib.

Lakin hadisə yerinə gələn polis terrorçunu tutmayıb , onunla kənarda söhbət ediblər.

Terrorçu polisin yanında da diplomatları təhdid etməyə davam edib, “hamını öldürəcəyilə" hədələyib.

Polis buna heç bir reaksiya verməyib. Terrorçu polisin yanında çəkici yenidən öz avtomobilinin baqajına qoyub.

Bundan sonra terrorçu səfirliyin əməkdaşı Tağıyevi bayıra çıxmağa çağırıb, yenidən binaya soxulub.

Bu zaman aşağı enən Tağıyevə yenidən hücum etməyə cəhd edib.

Bundan sonra polis hücum edən şəxsi saxlayıb və ərazidən çıxarıb.

Polis Azərbaycan səfirliyinin kamera görüntülərində hər şey əks olunduğunu öyrəndikdən sonra terrorçunu saxlayıb və ərazidən çıxarıb.

Bu vaxt maskalı bir adamın terrorçunun avtomobilindən naməlum əşyaları götürüb ərazidən uzaqlaşdığı barədə görüntülər var.

Bu şəxs hücum baş verən vaxtlarda yaxınlıqda keşik çəkib.

Bu günədək İran tərəfi baş verənlərlə bağlı izahat verilməsi, terror aktında əli olanların barəsində görülən tədbirlərlə bağlı Azərbaycanın tələbinə cavab verməyib.

Yeganə Hacıyeva

visiontv.az