İlk yaddaş fleşkartı: Azef və mən
İlk yaddaş fleşkartı: Azef və mən
18.03.2023 MEDİA Tərəfindən

Hərdən paslı yaddaşımın soyuğuna da gün şüaları düşür, bəli. O tarixi təqvim günündə-1973-cü ilin avqustunda da, yadımdadı, oxşar isti, ilıq gün şuaları, yatdığım xəstəxananın düz içinə sızdı.

Sanki casus addımları ilə irəliləyib, çarpayıdakı cansız sifətimi oyatdı.

O vaxt mən- “nefrit” adlı uşaq xəstəliyinə yoluxmuş bir zavallı, ölümcül xəstəydim. Pişəvərinin yadigarı-Azərbaycan Demokrat Firqəsi, İran “Tudə” partiyasının xüsusi xahişi ilə Moskvada, Lenin adına Ümümittifaq Pediatriya İnstitutu xəstəxanasında ölümlə çarpışırdım.

“Tudə” siyasi Büro üzvləri-İyrəc İskəndəri, yazıçı Bözorg Ələvi, Davud Münşüzadə və nəhayət atam, Qafar Kəndlinin qara kölgələri, deyərdim, bəzən hətta ancaq zəif siluetləri, bəli, hərdən, mənim xəstəxana palatama yığışardılar.

Mövzular çox vaxt eyniydi-"3-cü palata" indi nə qələt edir, hansı oyundan çıxır.

HAŞİYƏ: SAVAK-ın 3-cü şöbəsi, sırf ADP, Tudəyə qarşı fəaliyyəti ilə məşhurdu. Açması, az sonra.

Soyuq palata döşəməmi qızdırmış o sağlam günəş şüalarını, yadımdadı, ayaq pəncələrimin canında duyunca, məni sanki ildırım zərbəsi vurdu sanki.

Dərk etdim-bəli, bu "3-cü palata", elə bizim ADP-nin, Tudənin Tehrandakı baş ofisi, tam məxfi ali qərərgahıdır. Əsl Siyasi Böro da elə orda yığılır əslində.

Nəinki mənim xəstəxana palatamda.

Beynimdəki bütün neyronların fəallığını hiss etdim o müdhiş, tam amansız məqamda.

Yadımdadı...yarımçıq bir şer qafiyəsi beynimi sardı-“həm amandayam, həm zamanda”...

Palatamın sıra nömrəsi də, tərsliyə... yox ey, bəsitliyə bir bax- Çexov irsindəndi. Aleksandr Çexov şifrəsiylədi-nömrə 8.

Tehrandakı ünvan da, bu bəsit bədii estetika məhsulundandı.

Məxfi partiya jarqonumuzda "3-cü palata" adlanırdı.

Gündəliyimi açıb, müdhiş kəşfimi, öz aləmimdəki şifrələrlə, qara-quralarla, kağız üzərinə köçürdüm.

Sonra...sonra, beli üstə yıxılıb, fiziki zəiflikdən, bayıldım.

Axşam, qapı cırıldadı.

Atamın sifəti, düz gözlərimin dibinədək sancıldı.

-Anladınmı, hə?

Rəhmətlik, həmişəki kimi, çox qısa cümlələrə, bəzən hətta tək, özü kimi tənha sözlərlə danışmağa meyilliydi.

-Anladım.

-Beləysə, bu sənədi imzala.

“Partiya sirrini açmamaq haqda” adlı soyuq kağız vərəqə, məni yox...gözlərimi diksindirdi.

Bədənim xəstəydi, canısızdı. Gözlərdə, bəli ancaq gözlərimdə hələ də son həyat işartıları yanır, sonra öləzəyirdi elə bil.

İmzaladım.

-İndi sən də Siyasi Büro üzvüsən, bildinmi. Öhdəlikləri yaxşımı mənimsədin?

Mən də keçdim, bütün digər tudəçilər, adp-çilər kimi qısa cümlələrə:

-Bəli.

O vaxtdan inqilab estetikasının, yox...antiestetikasının əsas kimyəvi prosesi beynimdədir.

Bu, Alman Kayzer kəşfiyyatının ali, tam məxfi planıdır.

Əvvəl düşmənin, o cümlədən Çar “Oxrankası”nın, “İnqilabçılarla mübarizə” şöbəsi tam ələ keçirilir.

İnqilabçı antiçar eser, bolşevik dərnəklərini bütün nöqtələrdə, bütün Rusiya imperiyası boyu məhz bu şöbə yaradır. Sonra özü də, bəli, həbs edir iştirakçılarını. Satqınları, dışlayır, dözümlüləri göndərir həbsxanalara. Sürgünə. Bu ünvanlar da, inqilab ssenarindən heç də kənarda deyil. Oralar, elə inqilab kitabxanaları, ali partiya kurslarıdır.

Şərqi Alman kəşfiyyatı Ştazi, bu ssenarini oxşar yeni çara, yeni mütləqiyyətə qarşı-Şahənşaha qarşı tədbiq etmişdi.

Əvvəlcə, SAVAK-ın antitudə, antiadp şöbəsi-3-cü şöbə tam nəzarətə alınmışdı.

Partiya üzvlərimizi özümüz həbs edirdik. Özümüz işkəncələrə məruz qoyurduq hətta bəzən.

Təki, gələcək labüd satqınlarıın qurbanı olmayaq.

Sağlam təfəkkürlülər, heç, Evinə təyinat alırdı.

Ora kitabxanamız, qiraət komamız, ali Universitetimizdi.

Diplom, əsl üzvlülük kitabçası isə, ovcunda isinədəcəyin, Səməd Behrənginin “Balaca qara balıq” kitabçasıydı, biləsiz. Həmin kitabça, ovcunun dərinliyində, kitabxananda yoxdursa, demək, hə... satqınsan.

Satacaqsan.

Sandıqda gizlədiyin adi üzvlük kitabçası isə, gözaldadıcıydı.

Bəli, tale hökmüylə, məhz o uzaq 1973-cü ildən, 13 yaşımdan, ADP-nin, Tudənin an azyaşlı, gənc üzvünə çevrilsəm də, düzü, bu, atamın bir zarafatı idimi, yaxud ciddi şahmat gedişi?

Düzü, bunu hələ də anlamamışam.

Nöqtəm yoxdi burda.

Vergülüm, üç nöqtələrim isə, hələ də beynimi silkələməkdədir.

Çarizmə qarşı hazır bu inqilab planını bilmək, mənə öncəgörməlik istedadı bağışladı.

Bizdəki AZEF , eser-bolşevik nümunəsindən fərqli olaraq, kollektivdi. Adı qısaydı-ADP, Tudə Siyasi Bürosu. Yaxud...

Yaxud, SAVAK-ın 3-cü şöbəsi.

Jarqonumuzda-"3-cü palata".

İclaslar, Şərqi Berlindəki məhz Lenin ünvanları, marşrutlarındaydı.

Drezden, Leypsiq. Şərqi Berlinin tarixi, qəmbər daşlarla döşənmiş, amansız, qarakölgələrlə dolu "Kayzerştrasse" ünvanı...

Berlin kənarındakı nəhəng, Kayzer dövrü yadigarı "Bux" xəstəxanası.

Rusca "Цветочная улица"-qısası, Lenin kölgəsini hələ də unutmayan məşhur inqilabi marşrut....

Qəhvəyi rəngli, iki qatlı inqilabçı çamadanları...

Astarını söksən çox sirlər aşkarlanar bu yadigarlardan.

Bir qoşası hələ də məndədir.

Cürətlənib, astarını sökməyə, dözümüm yox...göz yaşlarım mane olur...

Həəəə....son sait səsi, burda uzatmağa məcburam.

Hə, sonrası...Davam edirəm-bir ucuyla da, Bakıdaya gəlib çıxırdı bu inqilabi tranzit xətt.

Bakıdakı "İskra" küçəsi..."Nina" mətbəəsi..."İran siyasi pənahəndələr" klubunun gözaldadıcı siması-guya təqaüdçülər klubudur bura. Pişəvəri mirası, guya burda tozlanır.

Yox...şəxsən mən tozlu deyildim Elə atam da. Pişəvəri tozunu çoxdan üstümüzdən silmişdik. "Arzular, arzuolunmazdı" parolu, yaddaşımızı möhürləmişdi.

Tanıtım kodu, buydu.

Rusca bu ifadə daha qısa, daha qanadlıydı, yadımdadı-"Мечтать, вредно"

Atam deyirdi ki, bu, Leninin dühası, bir növ "dua"sıdır.

Lenin, malıdır.

Ulyanovun gizli kodlarından biridi. Bəs, almanlar onu bizə etibar edib indi.

Bu, uşaqlıq dramatizmimdən sonra, təcrübəmdəki bütün digər inqilab proseslər, silkələnmələr də, tam eyni süjet daşıyıcısıydı.

Növbəti qurbanımız, Şahənşah Baş Ordu Qərərgahıydı.

Azərbaycan Demokrat Partiyasının hələ 1945-ci ildən üzübəri tam məxfi üzvü Əhməd Müqərrəbi, general mayor, caynağımızdaydı.

Ordunun “Xarici silah alqı-satqısı” şöbəsi də eyni ssenari ilə, əlimizə keçmişdi. ABŞ, Fransa, İtalyanın istənilən silah növünü, sənədlərini bu yolla qamarlayıb Şərqi Berlinə ötürürdük.

Ancaq, ssenarinin növbəti zəncir halqası, tam amansız oldu, hətta bizim üçün də.

Çar Rusiyasının oxşar generalı –Çar baş qərərgah rəisi Vladimir Suxomlinov idi. Kayzerə işləyirdi.

Vaxt çatanda, Berlin özü, bəli məhz özü, bu vacib şahmat fiqirini-məhz öz ALİ CASUS-nu deşifrələdi.

Niyə?

Çünkü, inqilab ssenarisi, amansızdı.

Gərək, öz ən vacib fiqurunu vaxtında deşifrələyib, növbəti qurbanlıq ölkədə, bəli, həlledici düyməyə öz soyuq barmağını basasan.

Bizim belə qırmızı düyməmiz, Şahənşah general- mayoru, ADP üzvü, Əhməd Müqərrəbi oldu.

O üzü...məhz özü seçdi bu ağır son final qərarını.

Şahənşah, 1977-ci iln sonunda Vaşinqtona gedəcəkdi. İnqilabı sürətləndirmək, pik nöqtəsinə çatdırmaq naminə Əhməd Müqərrəbi özü bax bu şəhadət qərarını verdi.

Özü, bəli, özü, piyaləsinə zəhər süzdü. Özünü deşifrələdi.

Bu, müdhiş, bütün İranı, Vaşinqtonu, Pentaqonu silkələyəcək qərar 1977-ci ilin mayında baş tutdu.

Son nəticədə, Şahənşah bütün Vaşinqton elitası qarşısında etibarını sıfırladı, oldu heç nə...Azərbaycan Demokrat Partiyasının qurbanı. Şahmat piyadası.

Şahmat, "mat"la nəticələnib bütün İranı, bütün dünyanı deyərdim hətta, silkələdi.

Özü də necə...

Əhməd Müqərrəbi, ADP üzvü, rusların tikdiyi İsfəhan metallurgiya fabrikinin domna sobasında yandırıldı.

Külü, Səməndər quşunun irsi kimi, ilk dəmir-polad məhsuluna qatılıd.

Cəhənnəmlə-cənnət, kül ilə küll, bir birinə qovuşdu deyərdim.

Acı və fərəhli mənzərə idi.

Zəif əsəblər üçün deyil, deyərdim.

İnqilab poladı, bu cür, yarandı.

Külündən, küll, yarandı.

Əhməd Müqərrəbi, özünün "Kavə" ləqəbini, kod adını tam doğrultdu.

Əfsanəvi zülmkar şah Zöhhakı yenidən, nağıl qəhrəmanı Dəmirçi Kavə sayağı, məğlub etdi.

Öz kirli önlüyünü, inqilab bayrağına çevirməyi bacardı, deyərdim, vallah.

Önlük-konspiratsiya deməkdi.

Bir gün çıxarılmalıydı mütləq.

Çıxarıldı da.

Məhkəməsini-əvvəlcədən düşünülümüş planla, kütləviləşdirib, Ştazinin göstərişi ilə Gerorgi Dmitriyev nümunəsinə oxşatdı.

Şahənşah bütü və taqutu laxladı, hə...

Yenə də son sait səsləri burda uzatmağa məcburam.

Güneydə, islamçıların şəhadəti də, insafən, az deyildi.

Ancaq bu şahədat şərbəti, dünya, Pentaqon çapındaydı deyə, hə, lap yerinə düşdü.

İslamçılarınkı, yerli məzmunluydu. Epizodikdi.

İnanılmaz şücaət və cəsarət.

Kavənin hisli-paslı fəhlə önlüyü, öncədən bayrağımızdı-bunu da unutmayın.

Yaddaşınıza həkk edin.

Partiya "Kavə"miz, Əhməd Müqərrebi də, bu prototipindən geri qalmır deyərdim.

Şahnamə süjeti, alman redəktəsində, real ştrixlər qazandı.

İnqilablar isə, həmişə, əfsanələrdən, kitablardan ayrılıb, acı reallıqla öz kritik, ancaq labüd sintezini qazanmalıdır.

Növbə, Təbrizə çatdı.

Tarix öz salnəməsini heç vaxt özü yazmır axı. Əlləri, barmaqları həmişə daha ciddi işlərlə, siqnal işarələri ilə məşğuldu.

Qələm, bütün kəsici alətlər, cəbbəxanalar, Trotskii nümunəsində-buz baltası,- düşmən əlindədir həmişə.

Tarixin süjeti, özü belə istəyib deyəsən.

Bu bədii müdaxiləmə aludəçilik, sizi, əziz oxucularımı, reallıq hissindən uzaqlaşdırar deyə, o dövrə qayıdıram. Belələliklə...

1978-ci il 19 fevral Təbriz qiyamının planı, masa üzərindəydi.

Şərqi Berlin, start düşyməsini, üsyankar və dumanlı, dumansız Təbrizə həvalə etmişdi.

P. S. İKİNCİ FLAŞKARTIN ANONSU: Bu, işarələdiyim 1978-ci il Təbriz" fevral"ı , Rusiyadakı 1917-ci il fevral inqilabını tam təkralayıb, ölkəni öz yeni "Noyabr"ına sürükləməliydi.

Yatmış yaddaş fayllarımı, fəallaşdırıram.

Həmid Herisçi

visiontv.az