İlham Əliyevin Türk modelli Azərbaycan ordusu
31.07.2021

“Bu gün Türkiyə Ordusu NATO-da ikinci ordudur. Heç kim türk ordusunun qabağında dura bilməz. Bunu hər kəs gördü, hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha kiçik modelini qururuq və inşallah bərabər quracağıq. Bizim də qarşımızda bölgədə heç kim dura bilməz. Bizim və Türkiyənin işi haqq işidir”.

Bu fikirləri Prezident İlham Əliyev keçən il Vətən muharibəsindən sonra “TRT Haber” telekanalına müsahibəsində demişdi. Həmən vaxt İlham Əliyevin dediyi fikir politoloqların, siyasi şərhçilərin, hərbi ekspertlərin diqqətindən yayındı. Üstündən düz 1 il keçəndən sonra dünyanın və yerli aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirilən mətbuat konfransında Prezident həmən fikrə bir daha və ətraflı qayıtdı: “Mən müharibə dövründə demişdim və bu, hər kəsə bəllidir ki, Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Biz də Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib.Müharibə dövründə biz yeni təcrübə topladıq. Çünki bizim ordumuz demək olar ki, müharibələrdə iştirak etmirdi. Sadəcə olaraq, bu sahəyə, necə deyərlər, nəzəri baxımdan yanaşırdı. İndi müharibə çox böyük bir təcrübədir. Biz bu təcrübədən düzgün nəticə çıxarmalıyıq. Böyük uğurlarımız olub. Eyni zamanda, müharibə dövründə müəyyən çatışmazlıqlar da olub. Biz bunu da gizlətmirik. Müharibə dövründə Ali Baş Komandan kimi qəbul etdiyim qərarlar, o cümlədən hərbi heyətlə bağlı qəbul edilmiş qərarlar məhz onu göstərir ki, müəyyən problemlər də üzə çıxmışdı, amma biz onları həll etdik. Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır. Bu barədə mən artıq məlumat verdim, o silahlar yaxın zamanlarda gələcək. Bizim ordumuz daha güclü, daha müasir olmalıdır. Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə də bərabər çalışacağıq”.

Orduda kadr islahatları

Əslində Prezident İlham Əliyevin dediyi bu fikirlərin arxasında ciddi məqamlar var ki, bunu aydınlaşdırmağa çalışaq. Müharibədə qazanılan qələbənin ilk detallarından biri də məhz kadr məsələsi oldu. 2020-ci ilin əvvəlində, cəbhə bölgəsində ard-arda ermənilər təxribatlar törətdilər. Və bu andan sonra müharibənin qaçılmaz olduğunu bilən prezident İlham Əliyev ilk olaraq orduda kadr islahatlarına getdi. Düzdür bu proses çox sakit və ajiotaj yaradılmadan həyata keçirildi. İki gündən bir şimal qonşumuzun silahlı qüvvələrinin baş qərargahında qonaqlıqda olan Azərbaycan ordusunun yüksək rütbəli bəzi generalları ordudan sakitcə uzaqlaşdırıldı. Hətta bu generalları həmin ərəfədə ordunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqovun Bakıya guya qonaq, əslində isə siyasi hakimiyyətə təzyiq kimi dəvət etdyi Rusiya donanmasına məxsus gəmilər belə xilas etmədi. Yəni rus hərbi gəmilərinin Bakı limanın yan alması Prezident İlham Əliyevin orduda apardığı təmizləmə kompaniyasını dayandıra bilmədi. Şimaldan olan təzyiq fiaskoya uğradı və Azərbaycan ordusundan uzaqlaşdırılan generallar zərərsizləşdirildi.

 

Onların yerinə Ordu rəhbərliyinə gənc, perespektivli, Türkiyədə təhsil almış, döyüş qabiliyyətli generallar təyin edildi. Və müharibə zamanı həmən generalların fəailliyəti qələbənin ilk təməlini qoydu. Kadr siyasəti müharibədən sonra da davam etdirildi. Və bu ay orduda yüksək postlara yeni təyinatlar oldu. Azərbaycan Silahlı Qüvvələrinin baş Qərargah rəisi Kərim Vəliyev təyin edildi. Hərbi dairələrdə kifayət qədər nüfuz qazanan Kərəm Vəliyev milli kadr kimi peşəkar qiymətləndirilir. O Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Prezident İlham Əliyevin sərəncamı ilə 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni, 2005-ci ildə “Vətən uğrunda” medalı və 2012-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 2014-cü ildə müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Vətən müharibəsində şəxsən iştirak edən general “Zəfər” ordeni, Ağdamın, Qubadlının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. Azərbaycan Ordusunun Quru Qoşunlarına komandan isə birinci ikinci Qarabağ müharibəsinin iştirakçısı general-mayoru Ənvər Əfəndiyev təyin edilməklə aparlıan kadr islahatlarının uğurlu davam etdiyinə işarə verildi.

Müasir ordu, müasir silah

Növbəti addım isə Qarabağda başlanan müharibəyə 5-ci nəsil silahların və müasir döyüş taktikasının tədbiq edilməsi oldu. Görünür məhz bu ərəfədə Prezident İlham Əliyev Türkiyə ordusunun Suriyada və İraqda apardığı son döyüş təcrübəsindən istifadə etmək barədə qərarını verdi. Döyüş dronlarından istifadə etməklə möhkəm istehkamlara sahib erməni cəbhəsinin yarılması, xırda dəstələr şəklində xüsusi təyinatlıların düşmənin arxa cəbhəsinə sızması, çətin keçilən ərazilərdən istifadə etməklə desant çıxarma əməliyyatı göstərdi ki, Prezident İlham Əliyev müharibəni udmaq üçün ən effektiv döyüş taktikasını tətbiq etdi. Bu döyüşlərdə istifadə olunan taktiki gedişlər hələ uzun müddət hərb elmində araşdırılacaq və tədris olunacaqdır.

Qayıdaq Prezident İlham Əliyevin dediklərinə. Prezident “ordumuzu Türk ordusunu kiçik modelinə çevirəcəyik” fikri, məhz Qarabağ savaşında qazanılan uğurlara söykənərək dediyi qənaətindəyəm. Məhz bu model Azərbaycan silahlı qüvvələrini daha mobil və döyüş qabiliyyətli bir orduya çevirəcəkdir. Onu da nəzərə alsaq ki, Türkiyə ordusu NATO standartları səviyyəsində təşkil edilib. Onda bu qənaətə gəlmək olar ki, Azərbaycan ordusu həm NATO, həm də Rusiya standartlarından götürülən ən yaxşı elementləri özündə ehtiva edəcək. Çünki çevik döyüş qabiliyyətli və 5-ci nəsil dron silahlarla silahnamaqla yanaşı bizim Rusiya silah-sənayesi ilə bağlılığımız hələ çox güclüdür və əhəmiyyətlidir. Bizim aldığımzı və istehsal etdiyimiz ağır zirehli texnikanın əksəriyyəti Rusiya istehsallıdır. Və bundan imtina ediləcəyi hələlik mümkün görünmür.

Bu barədə Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb. O bildirdi ki, Rusiya və Ukraynanın Hərbi-sənaye kompleksi ilə əməkdaşlıq davam etdiriləcək: “Rusiya Federasiyası ilə gələcək hərbi-texniki əməkdaşlığa gəlincə, bu əməkdaşlığımız planlı xarakter daşıyır. Biz hərbi əməliyyatlar başa çatandan sonra bu mövzunu da Rusiya rəhbərliyi ilə müzakirə etmişik. Ona görə ki, bizim resurslarımız da, döyüş sursatımız da sərf edilib və təbii ki, bu arsenalı müharibədən əvvəlki həddə qədər tamamlamaq zəruridir. Bu istiqamətdə iş aparılır. Bizim əsas hərbi texnikamız Rusiya istehsalı olan texnikadır və Ermənistandan fərqli olaraq, biz heç vaxt şikayətlənməmişik. Ona görə ki, əvvələn, şikayətlənmək üçün səbəb olmayıb. Rusiyanın hərbi texnikası bəzi göstəricilər üzrə dünyada ən yaxşı texnika və bütövlükdə dünyada ən yaxşı texnikalardan biridir. Sadəcə, o, düzgün əllərdə olmalıdır ki, sonradan bu cür əsassız, əslində, Ermənistanda hərbi-siyasi böhrana gətirib çıxarmış ittihamlar olmasın”.

Yekun olaraq bildirmək istəyirəm ki, Prezident İlham Əliyev Qarabağda müharibəyə başlamadan Ordunu bəzi yüksək vəzifəli generallardan xilas etməyinin səbəbi bu gün daha aydın görünür. Ermənistanda baş verən hadislələr isə göstərdi ki, MDB ölkələrinin ordu rəhbərlərinin 90 faizi Rusiya Baş Qərargahının təlimatları əsasında fəailiyyət göstərir. Ermənistan ordusunun generallarının bəyanatı sübut etdi ki, onlar ölkəni qorumaq əvəzinə siyasi hakimiyyətə təsir etmək, devirmək üçün Rusiyanın aləti rolunda çıxış edirlər. Bu baxımdan Prezident İlham Əliyevin müharibəyə başlamadan orduda apardığı kadr islahatları ciddi uğur idi. Və bu islahatlar özünün də dediyi kimi “Azərbaycan ordusu Türk ordusu modelinə” çevrilənə kimi davam edəcək.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb.

Şöhrət El-Dəniz