İctimai nəzarətin əhəmiyyəti nədir?
19.01.2022

Hakimiyyətin dördüncü qolu olan media ictimai nəzarətin gücləndirilməsində özünəməxsus məsuliyyət daşıyır.

Hər bir ölkənin inkişafını təmin edən ən mühüm amillərdən biri dövlət ilə cəmiyyət arasında münasibətlərdə ahəngdarlığın təmin edilməsidir. Yəni hakimiyyətin həyata keçirdiyi siyasətə milli maraqların təmin olunması naminə ictimai dəstəyin göstərilməsi vahid məqsədə çatmaq üçün önəmlidir. Təbii ki, ictimai dəstək və nəzarət mexanizminin formalaşdırılması dövlət tərəfindən müvafiq addımların atılması və cəmiyyət nümayəndələrinin adekvat reaksiya verməsindən asılıdır. Bu baxımdan, Azərbaycan nümunəsi diqqəti cəlb edir.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, güclü ictimai nəzarətin təmin olunması ölkənin qarşısında duran məsələlərin həllində çox mühüm amildir. Xüsusilə də, müxtəlif sahələrdə neqativ halların aradan qaldırılmasında ictimai nəzarətin vacib rolu var. Ona görə ki, xoşagəlməz hallar yalnız dövlət üçün neqativ nəticələr doğurmur, eyni zamanda, cəmiyyətə, hər bir fərdə - vətəndaşa zərər verir. Ona görə də mənfi amillərin, o cümlədən rüşvətxorluq və korrupsiya kimi sosial bəlaya çevrilmiş halların aradan qaldırılmasında təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar ciddi məsuliyyət daşıyırlar. Hüquqi dövlət fəlsəfəsinə və qanunun aliliyi prinsipinə zidd olan istənilən fakt barəsində fərdlər, ictimai fəallar, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən aidiyyəti dövlət strukturlarına müvafiq məlumat verilməsi ümumi problemlərlə birgə mübarizə aparılması - çatışmazlıqların aradan qaldırılması baxımından önəmlidir. Yeri gəlmişkən, bu prosesdə hakimiyyətin dördüncü qolu adlandırılan media təsisatının da xüsusi rolu - müstəsna yeri var. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məqamlara toxunaraq “Biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin”, - deyə bildirib. Dövlət başçısı media nümayəndələrinin bu sahədə çox böyük rolunun olduğunu diqqətə çatdırıb: “Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidenti mediaya inam - güvən ifadə etməklə yanaşı, milli mətbuatın inkişafına xüsusi diqqət göstərir. Dövlət başçısının siyasi iradəsinin nəticələri ortadadır: bu gün medianın inkişafı istiqamətində çox mühüm addımlar atılır - müasir tələblərə və çağırışlara uyğun mütərəqqi islahatlar həyata keçirilir. Bu səpkidə son olaraq “Media haqqında” Qanunun qəbul olunması yeni dövrün tələblərindən və reallıqlarından irəli gələn zərurətdir. Yeni qanun media üçün ictimai-hüquqi yol xəritəsi olacaq. Bunu “media məcəlləsi” də adlandıra bilərik. Çünki orada əksini tapan məsələlər milli maraqların informasiya müstəvisində qorunmasına imkan verməklə yanaşı, ictimai münasibətlərin tənzimlənməsi baxımından da əhəmiyyətlidir. Şübhəsiz ki, yeni hüquqi baxış milli medianın hakimiyyətin dördüncü qolu kimi yeni ictimai münasibətlər formalaşdırmasını təmin edəcək. Bu, sıravi jurnalistdən tutmuş media subyektlərinə, sadə vətəndaşdan başlamış vətəndaş cəmiyyəti təsisatlarına qədər - bütövlükdə bütün cəmiyyət və dövlət üçün faydalı, zəruri və önəmli məsələdir. Yeni mərhələdə isə ictimai nəzarətin gücləndirilməsində media özünəməxsus məsuliyyət daşıyır.

Nurlan Qələndərli

yeniazerbaycan.com