İcra başçısına nə qədər maaş verilməlidir? - Rüşvət almasın deyə
08.05.2020

Ötən gün İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin saxlanılmasından sonra ölkədə həbs edilən icra başçılarının sayı 5-ə çatıb.

Visiontv.az xəbər verir ki, ölkədə bəzi millət vəkilləri icra başçılarının rüşvət almaması üçün müxtəlif variantlar təklif ediblər.

Bunların arasında icra başçılarının maaşlarının artırılması da var. Müxtəlif rayonların icra başçılarının maaşları nə qədər artırılmalıdır ki, rüşvət və digər korrupsiya hallarına rast gəlinməsin? Bu suala cavab tapmaq məqsədilə millət vəkili Fazil Mustafaya müraciət etdik.

Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, icra başçılarının ya səlahiyyətləri artırılmalı, ya da tam azaldılmalıdır: "İcra başçılarının səlahiyyətləri artırılmalıdır ki, rayona məsuliyyət daşımaq imkanları olsun. Burada icra başçılarının səlahiyyət yetərsizliyi var və onlar bir sıra məsələlərdə rayon həyatına müdaxilə edə bilmirlər. Lakin məsuliyyəti onlar daşıyırlar.

Ona görə, icra başçılarının ümumi standartlarda yüksək maaş almasına ehtiyac var. Belə olan halda icra başçılarının başqa yerdən umacaqları olmaz. Bu, bütün sahələrə aiddir. Bir yerdə ki, korrupsiya tüğyan edir, orada maaşlar yetərli deyil. Çünki maaşlar yetərli olanda heç kim öz ictimai reputasiyasını korlamaq düşüncəsi ilə problemə baxmır və prosesdə iştirak etmir. Hamı çalışır ki, bu kimi məsələlərdə daha ehtiyatlı və qaydalara uyğun davransın".