Həbs edilən deputat və yaxud rusiyameyilli qüvvələrə vurulan növbəti şillə-Şöhrət El-Dəniz
Həbs edilən deputat və yaxud rusiyameyilli qüvvələrə vurulan növbəti şillə-Şöhrət El-Dəniz
03.08.2021 Şöhrət El-Dəniz Tərəfindən

Milli Məclisin buraxılması, referendum keçirilməsi fikri hələ real görünmür. Ən azından yaxın vaxtlar üçün bu məsələ aktual olmayacaq.

Deputat Eldəniz Səlimovun toxunulmazılığına xitam verilməsinin səbəbini ilk cümləmdə yazdığımla əlaqələndirmək düzgün olmazdı. Baxmayaraq ki, Milli Məclis tərəfindən atılan addım bu fikri də gündəmə gətirir. Amma mən Eldəniz Səlimovun bu cür sərt cəzalandırılmasının tamam başqa bir aspektini sizin diqqətinizə çatdırmaq istəyirəm. Əslində bu cür sərt cəzanın verilməsinə səbəb onun qudurğanlığı, polisə əl qaldırması da deyil. Sizə bu gün Milli Məclisdə deputat kimi oturan bir çoxlarının adını çəkərəm ki, Eldəniz Səlimov onların yanında toya gediləsidir. Prokurorluq onların işini ciddi araşdırsa hansı cinayətlərin üstü açılar bir Allah bilir. Deməli burda söhbət tək hansısa deputatın törətdiyi cinayət əməlindən getmir, həm də son vaxtlar siyasi dairələrdə, iqtidar dəhlizlərində, mediada və sosial şəbəkələrdə aktivləşən rusiyameyilli Ənvəroviç komandasına vurulan növbəti şillədən gedir.

Sizcə Jirinovskini bura gətirdənlər sakit oturub.  Təbii ki, yox. Jirinovskinin son müsahibəsində dedikləri, bizim ərz etdiyimiz kimi hansısa təlxəyin fikirləri deyildi. Bu fikirləri hazır mətn şəklində ona verən sifarişçilər var. Və bu sifarişçilər arasında bu gün Azərbaycanın Türkiyə və Pakistanla bir sırada durmasını həzm etməyən daxili qüvvələrin olmasını söyləməklə heç də yalnışlığa yol vermərik. Bu gün icraedici və qanunverici orqanda belə qüvvələrin mövcudluğu faktdır. Keçən ilin fevralında keçirilən Parlament seçkilərində qanunverici orqana kifayət qədər bu cür qüvvələrə xidmət edən deputatlar seçildi. Müharibə vaxtı və sonrası bu qüvvələrin neytrallaşması mümkün olsa da son vaxtlar yenidən onların dirçələrək aktivləşməsi açıq-aydın hiss olunmaqdadır. Şuşa və Bakı bəyannaməsindən sonra bu aktivliyin açıq formada mübarizəyə, şantaja, təxribatlara keçdiyi ortadadır. Rusiyadan idarə olunan bu qüvvələrin əsas hədəfi Prezidentin bütün sahələrdə apardığı islahatları gözdən salmaq, effekt vermədiyini cəmiyyətə təlqin etmək, idarəetmədə kök salmış adamları tərəfindən təxribatlar törətmək, narazılıqlar yaratmaq və sairdir. Və bu işdə ciddi maliyyə verdikləri media qurumlarından və sosial şəbəkələrdən çox məharətlə istifadə edirlər. Bu baxımdan islahatçılar komandası tərəfindən bu qüvvələrə qarşı görülən tədbirlər ajiotajlı olmasa da hüquqi baxımda effektli olur.

Fikrimcə deputat Eldəniz Səlimovun toxunulmazılığına xitam verilməsinin əsas səbəblərindən biri də budur. Deputatın konkret cinayət əməli törətməsi fakt kimi subut olunaraq cəzalandırılması həm də ı dediyim qüvvələrə verilmiş bir mesajdır. Özü də bu mesajın ünvanı tək icraçılara yox, həm də Rusiyada oturan ssenari müəlliflərinə də yönəlikdir. Mesajda əsas məqam icraedici və qanunverici orqanda aparılan islahatlara mane olan, təxribat törədən, vətəndaşlar arasında narazılıq yaradan qüvvələrin kimliyinin deşifrə olunduğunu göstərmək və mübarizə metodu kimi qanunun imkan verdiyi ən sərt tədbirlərin görüləcəyini nümayiş etdirməkdir. Zənn edirəm ki, bu mesaj ünvanına çatdı və çoxlarına dərs olacaq.

visiontv.az