Hal-hazırki gərginlik Rusiyanın maraqlarına uyğun deyil: Bu regionda, suyu bulandıran əsas dövlət İrandır
Hal-hazırki gərginlik Rusiyanın maraqlarına uyğun deyil: Bu regionda, suyu bulandıran əsas dövlət İrandır
13.09.2022 Nəsib Məhəməliyev Tərəfindən

Dünən gecə Ermənistan-Azərbaycan sərhəddində baş verən təxribat 2-ci Qarabağ savaşından sonra ən böyük hərbi münaqişə hesab etmək olar. Baş verənlərdə təbii ki, Ermənistanda revanşist qüvvələrin əli olduğu danılmazdır. O cümlədə bu cür qarşıdurmalarda Rusiyanın da maraqlı olduğu dilə gətirilir. Hadisə ilə bağlı millət vəkili Nəsib Məhəməliyevin münasibətini öyrəndik.

- Ermənilərin dünən gecə Azərbaycan sərhəddində törətdiyi təxribatda Rusiyanın barmağı varmı?

-Ermənilərin dünən gecə törətdikləri təxribatın əsas günahkarı baş nazir Paşinyandır. Hadisələrin bu istiqamətdə cərəyan etməsi, Ermənistan hakimiyyətinin öz üzərinə düşən öhdəlikləri yerinə yetirməməsindən irəli gəlir. Moskvada, Brüsseldə əldə olunmuş razılaşmalardan müxtəlif bəhanələrlə yayınma, vaxtın uzadılması, Qarabağdan silahlıların, ağır texnikanın çıxarılmaması, sülh müqaviləsinin bağlanmasını əngəllədirdi. Təbii, burada xarici güclərin təsiri mümkündür. Düşünürəm ki, hal-hazırki vəziyyətdə bölgədəki gərginlik Rusiyanın maraqlarına uyğun deyil. Onun kifayət qədər başqa problemləri var.

-Ermənistanın KTMT-a müraciəti Avropaya meyilli Paşinyanın Rusiyanı növbəti konfliktə cəlb etmək cəhdi kimi dəyərləndirmək olarmı?

-Ermənistan təkcə KTMT-yə yox, eyni zamanda BMT Təhlükəsizlik Şurasına, Avropa İttifaqının prezidenti Şarl Mişelə, Fransa prezidenti Makrona müraciət etmişdir. Daima şikayət etməklə, öz problemlərinin başqalarının əli ilə həll olunması, erməni xislətinin mahiyyətidir. 44 günlük müharibə zamanı dəfələrlə müxtəlif beynəlxalq strukturlara, o cümlədən KTMT-yə yalvarmaqlarına rəğmən, ermənilərin timsah göz yaşlarına heç kim inanmadı. İndiki halda, Rusiyanın konfliktə qoşulması qeyri mümkündür. Həmin təşkilatın Ermənistan xaric, bütün üzvləri Azərbaycanla dostluq münasibətlərindədir. Bu regionda, suyu bulandıran əsas dövlət İrandır. Bu gecəki erməni təxribatından sonra səsləndirdikləri bəyanat da molla rejiminin ölkəmizə yönəlik siyasətinin göstəricisidir.

-Azərbaycanın mövqeyini sərt adlandırmaq düzdürmü. Və növbəti addımlar nə olmalıdır?

-Azərbaycanın mövqeyi tamamilə beynəlxalq hüququn təməl prinsiplərinə söykənir. Prezident İlham Əliyevin irəli sürdüyü 5 prinsipial şərt, həm Ermənistan, həm də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmişdir. Burada qanunsuz heç nə yoxdur. Azərbaycanın mövqeyinin sərt olduğunu iddia edənlər, aparılan danışıqların, əldə olunmuş razılaşmaların icra olunmamasının səbəblərinə, xarici qüvvələrin təhriki ilə, ermənilərin yenidən toparlanaraq müharibə hazırlıqlarına diqqət etməlidirlər. Növbəti addımların necə olması, Ermənistan rəhbərliyindən asılıdır. Hər bir hərəkət adekvat olacaqdlr. Təxribatlara son qoyulmalı, Azərbaycan Ordusunun döyüş qabiliyyətini sınamamalı, öhdəlikləri yerinə yetirməli, sülhə yönəlik real addımlar atmalıdır.

İlahə Əliyev

visiontv.az