Gürcüstan Azərbaycan sürücülərinin cərimələrini ləğv edib
20.04.2020

Ötən həftə Gürcüstan ərazisində xüsusi karantin tədbirlərinin gücləndirilməsi çərçivəsində yerli hökumət ölkəyə daxil olan xarici yük avtonəqliyyat vasitələrinin tranzit keçidinə 24 saat, yük gətirən və yaxud yük aparmaqla daşımaları həyata keçirən avtonəqliyyat vasitələrinin ölkə ərazisini tərk etməsi üçün 48 saatlıq limit tətbiq edib.

Visiontv.az xəbər verir ki, bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib. 

Onun sözlərinə görə, həmin müddətdə ölkə ərazisini tərk etməyən xarici daşıyıcılara münasibətdə hər avtonəqliyyat vasitəsi üçün 3 000 lari (təxminən 1 100 ABŞ dolları) dəyərində cərimə tətbiq olunması nəzərdə tutulurdu:

“Bununla bağlı olaraq Gürcüstan ərazisinə yük daşımalarını həyata keçirən Azərbaycan daşıyıcıları bizə müraciət etdi. DANX olaraq Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi ilə danışıqlara başladıq. Onlara izah etdik ki, Azərbaycan daşıyıcıları əsasən Gürcüstanın Poti limanına yük aparıb, oradan yük gətirir və bir istiqamətdə məsafə 500 km-dən artıqdır. Yükləmə və boşaltma işlərinə də əlavə vaxt tələb olunduğundan həmin daşımalara təyin olunmuş 48 saat kifayət etmir və bu müddətə Azərbaycan daşıyıcılarına münasibətdə yenidən baxılması zərurəti yaranıb. Nəticədə Azərbaycanın İqtisadiyyat Nazirliyi və Gürcüstanın İnfrastruktur və Dayanıqlı İnkişaf Nazirliyi arasında müzakirələrdən sonra Azərbaycanla bağlı yükdaşımalarının xüsusiyyətləri nəzərə alınaraq bu məsələyə yenidən baxıldı və göstərilən müddətin 7 gün olmaqla uzadılması barədə qərar qəbul olundu".

N.Allahyarova əlavə edib ki, Gürcüstan ərazisində qalan yerli daşıyıcılarımıza məxsus nəqliyyat vasitələrinə rəsmiləşdirilmiş cərimələr ləğv edilib:

"Bu həssas dönəmdə Gürcüstan hökumətinin etdiyi bu köməyə görə onlara təşəkkür edirik və daşımalar sahəsindəki əməkdaşlıqda bu cür anlayış faktorunu yüksək qiymətləndirdiyimizi xüsusi vurğulamaq istəyirik. Qeyd olunan müddətin uzadılması ilə bağlı arqumentlərimizi nəzərə alaraq qonşu dövlətin aidiyyəti qurumları tərəfindən göstərilən özəl dəstəyə görə minnətdarlıq edirik”.