General Polad Həşimov döyüşürdü, bəs durbinlə kim baxırdı?
08.08.2020

Ləyaqətli generalımız Kərim Vəliyev igid generalımız Polad Həşimovun və yanındakıların şəhid olması xəbərini qəhərlə xalqımıza çatdırdı.

Ancaq ləyaqətli bir general olduğu üçün bu xəbəri çatdıranda onun qəlbinin ikiqat incidiyini görməmək mümkün deyildi. Hərb elmini yaxşı bilən, döyüşün idarə olunmasını gözəl anlayan, döyüş nizamnaməsinin qanla yazıldığını Qarabağ müharibəsində də dərində hiss etmiş birinin qəlbini incidən bu iki şey nə idi: birincisi, generalın və yanındakıların həlak edilməsi, ikincisi isə, nələrinsə üzərinə pərdə çəkib yasalamağa məcbur olması. Bəli, “...general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdur, onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər...” o belə də dedi. İndi hamının axtardığı müamma da məhz burda gizlənir.

“...Qəhrəmancasına şəhid olmuşdur,.. şəhid olub, ...əfsuslar olsun ki, döyüşlər itkisiz olmur...” – bu xalqın anladığı dildir, “...ön xətdə..., bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər...” –bu isə hərbi mütəxəssislərə kəf gəlməkdir. Hörmətli generalımız yaxşı bilirdi ki, hadisəyə hərb elmi necə qiymət verir. Əslində böhran barədə açıqlama özü bir analizdir. Hüquqi qiymət öz yerində, ancaq hərbi qaydalar naminə əməliyyatçılar, istehkamçı-mühəndislər, kəşfiyyatçılar, rabitəçilər, kartoqrafçılar və s.analiz edib qərarın əyər-əskiyinin nə olduğunu ortalığa çıxarmalıdır. Baş Qərargah özünə qiymət verməlidir. Bunu hələ ki, yalnız ortada olan situasiya üçün deyirik. Ümumiyyətlə isə bu hadisə fonunda Baş Qərargah özünün hansı səviyyəyə gəlib çıxdığını görürmü görəsən. Əlbəttə, bu qəhrəmanlıqdır və reallıqdır. Göründüyü kimi cox uzaq gedə bilməmişdir və məhz ora qədər gedib çıxa bilmişdir. Amma dediyimiz kimi digər, özü də daha dərin məsələlər var. Ekspertlər ayrı-ayrı fikirlər bildirdilər, bəzi ictimaiyyət nümayəndələri araşdırma aparıldığını və onun nəticələrini gözlədiklərini söylədilər, texnoloji bir hücum kimi qələmə verənlər oldu. Amma bütün israrlar havadan asılı qaldı, ayrı-ayrı ictimai xadimlərin -axı bu necə baş verdi, bəyanatlarına susqunluqla cavab verildi, şayələr dolaşdı, xain axtarışı aparıldı, versiyalar ortaya atıldı, məsələ əli-vəli aşına döndü də dönəcək. Bəs necə oldu neçə illərdi deyirsiz- “ordunu cavuşlar idarə edir,” indi isə belə çıxır ki, general əsgərlərə döyüş tapşırığı verir, az qala deyirsiz ki, əsgərlərlə zabitlər xəritə üzərində döyüş planını çəkirdilər. Hanı sizin az qala kurikuliuma dönüşdürdüyünüz gənc döyüşçünün hazırlıq kurslarının, ixtisas kurslarının yetişdirdiyi ixtisasçı həqiqi hərbi xidmət və müddətdən artıq həqiqi hərbi xidmət əsgərləri ki, onların əvəzində mayorlar ordadır. Bir bölüyün, uzağı bir taborun müdafiə tapşırığına aid olan situasiyanın bu qədər mürəkkəbləşdirilməsinin səbəbi nədir. Məsələ də burdadır. Əslində nə baş verdiyi hörmətli generalımızın dilindən dedirdilməyi ürəyi sızıldadır. Bunu əslində Baş Qərargah deməliydi. Ümumiyyətlə irimiqyaslı əməliyyatlar zamanı bu cür halların baş verməsinin nələrə nail olacağını artıq Müdafiə Nazirliyi yox, cənab Ali Baş Komandan diqqətə almalıdır. Axı həm də deyilmişdi, “Ali Baş Komandan bu işi belə qoymayacaq.”

Hərbi jurnalist -Zakir Hüseynov

visiontv.az