Gənclərin xaricdə təhsili: çətinliklər və imkanlar- Fərqanə Əliyeva
17.12.2018

Gənclərin xaricdə təhsili: çətinliklər və imkanlar -Fərqanə Əliyeva

Gənclərin xaricdə təhsil alması hər zaman Azərbaycan dövlətinin  maraq dairəsində olub və bu səbəbdən gənclərin xaricdə təhsil almasına kömək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” layihəsi həyata keçirilib. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmış, sərəncama uyğun olaraq hazırlanmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulub. Proqram çərçivəsində çoxsayda gənc dünyanın ən nüfuzlu universitetlərində təhsil alıb. 2015-ci ildən sonra təhsilin müəyyən pillələri üzrə xarici ölkələrdə təhsil və tədqiqatla bağlı çətinliklər yaranmışdır. Belə ki, artıq xarici ölkə universitetlərə müraciət edən gənclər ya özləri bütün xərcləri ödəməli, ya da həmin universitetlərin təqaüdlərini əldə edə bilmədikləri təqdirdə qəbul olunduqları universitetdən imtina etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə  2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Hər iki sənəddə gənclərin təhsili, elmi biliklərə yiyələnməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, eləcə də fundamental tədqiqatlara cəlb edilməsi, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi ön plana çəkilir. Proqramdan irəli gələn məsələlərin həyata keçirilməsində effektiv nəticələrə nail olmaq üçün  təkcə ailə təhsil müəssisələri deyil, eyni zamanda onların ailələrinin və ictimai birliklərin birgə əməkdaşlıqları zəruridir. İctimai birliklər bu istiqamətdə layihələr həyata keçirməklə, gənclərlə seminarlar, təlimlər və dəyirmi masalar ətrafında müzakirələr aparmaqla onlara yardımçı olmalı, təqaüd proqramlarının tapılması və əldə edilməsində kömək göstərməlidirlər. Dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə  Azərbaycan gənclərinin innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə etməsini, gənclər arasında intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək mühüm əhəmiyyət daşıyır. Bu əhəmiyyətin zəruriliyini qəbul etmək üçün gənclər beynəlmiləlləşməli, onların xarici ölkə universitetlərində təhsili təmin olunmalıdır.

Gənclərə xarici ölkələrdə təhsil üçün müraciət edərkən qarşılaşdıqları problemlərin aradan qaldırılması və uğur qazanmaları üçün bir çox işlər görülüb və görülməkdədir. Qafqaz Araşdırmaları Mərkəzinin həyata keçirdiyi “Gənclərin xarici ölkə universitetlərində təhsilə təşviq edilməsi (turizm və menecment ixtisaslarına yönəlik)” layihəsi də bu qəbildən olan fəaliyyətdəndir. 

QAFAM-Fərqanə Əliyeva