Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub
05.10.2022

44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qasımov Nicat Elşan oğlu, Məmmədov Hikmət Lətif oğlu və Məmmədov Altun Nüsrət oğlunun xatirəsi anılıb. Əvvəlcə Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları  ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirələri ehtiramla yad edilib və ruhlarına dualar oxunub. 

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Nizami və Kəpəz İcra Hakimiyyətinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, Nizami və Kəpəz Bələdiyyələrinin sədrləri Qoşqar Məmmədov, Yaşar Abdullayev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, şəhid ailələri, müharibə iştirakçıları və əlilləri iştirak ediblər. 
Rəsmilər şəhidlərimizin ailələrinə baş sağlığı verib, onlara  Allahdan rəhmət, yaxınlarına səbr diləyiblər. Bildirilib ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda canını fəda edərək həlak olan qəhrəman şəhidlərimiz hər zaman yad olunur, xalqımızın və millətimizin qəlbində daim yaşayırlar.

Qeyd edək ki, hər 3 hərbiçimiz 2 oktyabr 2020-ci ildə müxtəlif istiqamətlərdə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 4 oktyabr 2020-ci il tarixdə Gəncənin Şəhidlər Xiyabanında dəfn edilmişlər. 
Xatırladaq ki, Qasımov Nicat Elşan oğlu və  Məmmədov Hikmət Lətif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümlərindən sonra  “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdurlar. Məmmədov Altun Nüsrət oğlu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Binnət İsmayılov
Visiontv.az