Gəncədə media nümayəndələri təltif olunublar
23.07.2021

Azərbaycan Milli Mətbuatının 146-cı ildönümü münasibətilə Gəncədə bir qrup media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, habelə şəhərdə fəaliyyət göstərən mətbuat nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın, həmçinin şəhid jurnalistlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Niyazi Bayramov mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar və peşələrində yüksəliş arazulayıb.  2020-ci ilin yaddaşlarda  Zəfər ili olaraq  qalacağını qeyd edən şəhər rəhbəri, bu qələbədə medianın xüsusi rolunun olduğunu vurğulayıb.

“Biz nəyinki döyüş meydanında qazandığımız qələbə ilə, həmçinin informasiya arenasında da haqq səsimizi beynəlxalq aləmə media sayəsində çatdırmağı bacardıq. Dəfələrlə Ermənistan silahlı qüvvəlləri Gəncəni raket atəşinə məruz qoydu. Jurnalistlər düzgün və operativ şəkildə dinc əhaliyə qarşı törədilən bu vəhşiliyi  ictimaiyyətə çatdırmaqla öz vəzifə borclarını layiqincə yerinə yetirdilər. Eyni zamanda pandemiya dövründə maarifləndirmə tədbirlərini işıqlandırmaqla vətəndaşlarımıza da bir növ yardımçı oldular” - deyə o əlavə edib. 

“Azərbaycan” qəzetinin bölgə müxbiri Sabir Əliyev çıxışında qələm yoldaşlarını təbrik edib. Onlara sözlərinin kəsərli, qələmlərinin daima iti olmasını arzu edib. Bildirib ki, mətbuatın inkişafına,  KİV nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. 

“Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova bildirib ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin, onun yaratdığı “Əkinçi” qəzetinin müstəsna rolu və əhəmiyyəti var. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf edir. Bu gün də ölkə rəhbərliyi tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkə mətbuatının inkişafı sahəsində “azad söz azad cəmiyyətin təməl daşıdır” prinsipi əsas meyar kimi qəbul edilir. Gəncə şəhərində söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.
“Novosti Gyandji” qəzetinin redaktoru İrina Kalaşnikova həmkarlarını təbrik edərək bildirib ki, mətbuatımızın müstəqillik dövründə fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır.

Sonda Azərbaycanda fəaiyyət göstərən qəzet, televiziya, sayt və xəbər agentliklərinin Qərb bölgəsi üzrə müxbirləri Gəncə şəhərinin ictimai-siyasi həyatının, 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdikləri terror hadisələrinin və COVİD-19 pandemiyasına qarşı maarifləndirmə tədbirlərinin geniş işıqlandırılmasında göstərdikləri  səmərəli fəaliyyətə görə, Azərbaycan Milli Mətbuatının 146-cı ildönümü ilə əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təltif olunublar.

Binnət İsmayılov