Gəncədə genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir - FOTOLENT
12.05.2020

Gəncədə koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Visiontv.az xəbər verir ki, bunlardan biri də mütəmadi olaraq aparılan dezinfeksiya işləridir. Gəncənin küçə və prospektlərini, habelə çoxmənzilli binaları əhatə edən dezinfeksiya işləri xüsusi qrafik üzrə həyata keçirilir.

Mütəmadi davam edən işlərə Dezinfeksiya Stansiyasının əməkdaşları ilə yanaşı, MKTİB-in 100-ə yaxın xüsusi təlim keçmiş işçisi və onlarla texnikası cəlb edilib. Dezinfeksiya işləri əsasən insanların gediş-gelişinin çox olduğu yerlərdə, çoxmərtəbəli binaların giriş qəfəsləri, liftləri və ətrafında aparılır. Yeraltı piyada keçidləri, dayanacaqlar, park və xiyabanlar da dezinfeksiya olunurlar. MKTİB-in xüsusi su çiləyici avtomobilləri şəhərin Heydər Əliyev, Atatürk və Nizami Gəncəvi prospektlərində, habelə ara küçələrində dezinfeksiya işləri aparırlar. Qeyd olunan yerlərə xüsusi dezinfeksiyaedici məhlull çilənir. İşlər şəhərin qəsəbələrini də əhatə edir. Gəncə Şənər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərdə aparılan dezinfeksiya işlərinə fevral ayından başlanılıb.

Bu müddət ərzində qeyd olunan yerlərlə yanaşı uşaq bağçaları, məktəb və universitetlərdə, habelə Gəncə Uşaq Evi, Gəncə Şəhər 2 saylı Körpələr evi, Gəncə “SOS” Uşaq Kəndi, o cümlədən Gəncə Şəhər Pensiyaçıların Ərzai Sosial Xidmət Mərkəzində bir neçə dəfə dezinfeksiya işləri aparılıb. Xüsusi karantin rejimi günlərində fəaliyyət göstərən idarə və müəssisələr də diqqətdən kənarda qalmayıblar. Gəncədə dezinfeksiya işlərinin həyata keçirilməsinə Kəpəz və Nizami Rayon İcra Hakimiyyətləri, Kəpəz və Nizami rayon bələdiyyələri, habelə MİS-lər də dəstək verirlər. İşlər bundan sonra da davam etdiriləcək.

Binnət İsmayılov - GƏNCƏ