Fransanın son addımları onun demokratiya və humanizm idealları ilə pərdələnmiş əsl simasını bir daha aydın göstərir - Elnur Allahverdiyev
21.11.2020

Fransa Senatı noyabrın 25-də qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağı dövlətə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Fransa Senatının bəzi deputatlarının təşəbbüsü ilə separatçı qurumun “müstəqilliyi”nin tanınmasına dair çağırış və bununla bağlı hazırlanan qətnamə layihəsi bu ölkə tərəfindən qəbul edilmiş həm beynəlxalq, həm də ikitərəfli öhdəliklərə ziddir.

Visiontv.az xəbər verir ki, bu fikirləri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elnur Allahverdiyev bildirib.

Deputat deyib ki, Fransa BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı götürdüyü öhdəliyə əməl etməlidir. Şübhəsiz, bu, erməni lobbisinin cidd-cəhdləri sayəsində ərsəyə gəlmiş növbəti təxribatdır. Bununla erməni lobbisi Fransada təsir dairəsində olan siyasətçilərin, parlament nümayəndələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır. Fransa bu hərəkətləri ilə beynəlxalq hüququn normalarını pozur.

E.Allahverdiyev qeyd edib ki, Azərbaycan 30 illik işğala son qoyaraq öz ərazi bütövlüyünü təmin edib. Bu illər ərzində Ermənistan işğalçıları tərəfindən insanlarımızın necə zülm çəkdiyinə, ərazilərimizin qanunsuz məskunlaşmasına seyrçi qalanlar bu gün fəallıq göstərirlər. Erməni lobbisinə xidmət edənlər haqqı, ədaləti unudurlar. Azərbaycan Prezidenti İlham Əliyev belələrinə həqiqəti və ədaləti xatırladaraq deyib: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər, onlara respublika elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var?”.

Deputat, həmçinin bildirib ki, qətnamənin təşəbbüskarları olan 5 deputatın Makron hökumətinə qarşı olması iki versiyanı ortaya çıxarır: bu, ya hökumət və Senat arasındakı ziddiyyətlərin növbəti təzahürüdür, yaxud da prezident Emmanuel Makron sənədi öz rəqiblərinin vasitəsilə Senata çıxarmağa çalışır. Hər bir halda, bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirməyəcək. Fransa Senatı erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Məsələn, İtaliya Deputatlar Palatası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib. “Görünən odur ki, Fransa da daxil olmaqla, bir sıra ölkələr Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər. Fransada belə ziyanlı təşəbbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar”, - o qeyd edib.

E.Allahverdiyev fransalı deputatlar tərəfindən hazırlanan qətnamənin yalnız bir təşəbbüs olduğuna diqqət çəkib: “Fransa Konstitusiyasının 34-1-ci maddəsinə əsasən bu, yalnız bir qətnamədir, icrası məcburi deyil. Bu və ya digər məsələlərlə əlaqədar il ərzində yüzlərlə təşəbbüslər irəli sürülür, lakin onların tam əksəriyyəti müzakirəyə belə çıxarılmır”.

Deputat Senatın Fransanın xarici siyasətin müəyyənləşdirilməsində son söz sahibi təsisat olmadığını qeyd edib: “Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın daxili işlərinə qarışanlar və bizdə günah axtaranlar əvvəlcə özlərinə baxsınlar. Qarabağ məsələsi Azərbaycanın daxili işidir və onlar münaqişəni qızışdırmaq deyil, regionda sülhün, təhlükəsizliyin təmin olunması barədə düşünsələr daha yaxşı olar. Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasətini Cənubi Qafqazda da reallaşdırmaq cəhdləri onun demokratiya və humanizm idealları ilə pərdələnmiş əsl simasını bir daha aydın nümayiş etdirir”.

Azərtac