Fəxri ad almaq üçün arayış nəyə lazım?- Şöhrət El-Dəniz yazır
Fəxri ad almaq üçün arayış nəyə lazım?- Şöhrət El-Dəniz yazır
10.07.2020 Şöhrət El-Dəniz Tərəfindən

Yəqin çoxlarınız bilirsiniz...

İndiki təsəvvürdə qəbul edilən fəxri ad məsələsi necə yaranıb?

Lenin bolşevikləri hakimiyyətə təzə gətirmişdi. Təhsil və mədəniyyət komissarı (vəzifəni səhv yazdımsa tarixçilər məni linç etməsin) Lunaçarski çalışırdı ki, Nikolaydan qalan ziyalıları yeni yaradılan hökümətin tərəfinə çəksin. Həmin ərəfədə dahi opera müğənnisi Şalyapinin yubileyi olur. Toplantıda

Lunaçarski da iştirak edirmiş. Hökumət adamı kimi buna da söz verilir. O da çıxışının sonunda hökumətlə razılaşmamış, qərar verilməmiş deyir ki, bəs Şalyapin bu gündən RSFSR-in xalq artisti tituluna layiq görülür. Lunaçarskinin dediyi bu fikir sonradan rəsmiləşdirilir və o gündən titul məsələsi qanuni qüvvəyə minmiş sayılır. Düzdür aradan heç 4 il keçməmiş Şalyapin bunların tituluna və qurduğu hökumətə tüpürüb aradan çıxır. Və təbii ki, onun xalq artistliyi ləğv edilir. Beləliklə Şalyapın SSRİ-də ilk xalq artisiti titulunu alan, həm də titulu əlindən alınan şəxs kimi tarixə düşür.

Çox uzatdım...

Bu ad vermək və yaxud almaq məsələsi bu gün Azərbaycanda da dəbdədir. Müsbət baxıram. Nə olsun bizdə adı dövlət rəsmi şəkildə verir, xaricdə isə

Qeyri-Hökumət Təşkilatları, fondlar tərəfindən verilir. Ciddi müzakirə etsək mahiyyət eynidir. Bir növ şəxsin uzun illər çəkdiyi əziyyətə simvolik qiymətdir. Ki, bu da alan üçün təsəlli xarakterli hədiyyə sayılır. Amma qardaş bizdə bu ad vermə məsələsini həddindən artıq bürokratik bir qəlpəyə salıblar. Və öz mahiyyətini itirib.

Necə...

Yazır ki, 20 il mətbuatda yazısı, imzası olan şəxslərə əməkdar jurnalist adı verilir. Sonra da deyir ki, bu adı istəyən adını, soyadını, işinin adını, 3-ün 4-də şəkli, doğum, ölüm haqqında arayış, əmək kitabçasının, nigah kağızının, dədəsinin, nənəsinin (bir az özüm abardıram) saralmış ölüm kağızlarının kopyasını çıxarıb göndərsin, araşdıraq görək bu adda adama ad düşürmü. Cümlə bitməmiş sual yaranır...

Qardaşım bir jurnalist ki, 20 il yazıb və onun imzasını heç kim, hətta mətbuat nümayəndələri, cəmiyyət, dövləti idarə edən sizlər və bu zəhrimara qalmış adı verənlər belə tanımırsa ona əməkdar jurnalist adını necə verirsiniz?

Və yaxud əksinə...

Cəmiyyətdə, mətbuat aləmində, vətəndaşlar arasında imzası tanınan, efirdə boyu-buxunu görünən, azdan-çoxdan hörməti olan, məmurlar tərəfindən məhkəmələrdə süründürülən, müxalifət nümayəndələri tərəfindən bütün günü sosial şəbəkədə söyülənin sənəd-sünədini bax neynirsiniz?

Mənim düşüncəmdə ad vermək üçün heç bir rəsmi sənəd, arayış lazım olmamalıdır. 20-30 il mətbuatda can qoyan 3-4 şərəfli, imzalı jurnalistin adını qeyd edin, özlərinin də xəbəri olmadan verin Prezidentə. O, da təltif etsin. Bu qədər bəsit. Yoxsa elə bil jekə işci qəbul edilir. Arayış, 3-ün 4-ə şəkil, şəxsiyyətin sürəti, metrikanın sürəti, doğum haqqında arayış..,

Gülməlidir vallah.

Visiontv.az