Əvvəllər ancaq iqtidar, onun liderləri söyülürdü-Rauf Arifoğlu
19.09.2020

indi hər kəs hər kəsi söyür.

Millət ellikcə sosial şəbəkəyə çıxıb, yaylağa çıxırmış kimi… Və sosial şəbəkələrin bütün seqmentlərində aparıcı element söyüşdür, hazırda...

Zarafatla xalq yaradıcılığı da demək olar, prosesə. Əvvəl şərhlərdə söyürdülər, daha sonra bundan cəsarətlənənlər oldu, "Youtube" platformasında yeni “yutuberlər” peyda oldu, xitablarını söyüşlə başlayır, söyüşlə bitirirlər. Əvvəllər ancaq iqtidar, onun liderləri söyülürdü. İndi hər kəs hər kəsi söyür. Elə bir durum yaranıb ki, çıxıb getməyə də yer qalmayıb - efir dünya məkanıdır və onun sərhədləri yoxdu. Ona görə də buna dözməliyik - baş verən ümummilli fəlakət kimi bir şeydi, inşallah ki keçəcək. Lakin keçməsi üçün dua azdır. Bunu azaltmağın yolları var, konkretdir və mümkündür. Tənqid ölkənin efir və mediasından yığışdırılıb. Tənqid indi mühacirətdədi, kontrolsuzdu və oranın şərtlərində söyüşə çevrilib, ölkəmizə yağır. Bu barədə dəfələrlə açıq şəkildə yazmış və danışmışam . Xaricdəki xainlərin əlində silaha çevrilməməsi üçün, tənqidi Azərbaycana qaytarmaq, efirdə Heydər Əliyev modelinə qayıtmaq lazımdır. Belə bir güclü silahı bir dəstə nadanın, yazıb-oxumağı bacarmayanların istifadəsində saxlamaq, ondan imtina etmək və efirdə qadağalamaq doğru deyil. Real TV, İTV, APA və “Yeni Müsavat” kimi platformaları tənqidə, özü də sərt tənqidə, polemika və debatlara açmaq lazımdır. Təcrübə göstərdi ki, bundan iqtidara heç nə olmur, əksinə ölkədəki gərginlik daha da azalır, xarici faktorların daxili ictimai rəyi yönəltməsinə imkan və sahə qalmır…