Əslində hamı sosial məsafə arzulayırdı - Natiq Məmmədli
22.01.2021

Yazıçı, jurnalist Natiq Məmmədli Novator.az saytının suallarını cavablandırıb.

Visiontv.az həmin müsahibəni təqdim edir:

– Dünyanın işdəklərindən danışaq… Necə düşünürsünüz, pandemiya bəşəriyyətə göndərilən cəzadır, yoxsa gələcəkdə gözlənən daha dəhşətli bəlaların anonsu?

– Sizi təəccübləndirəcək bir söz deyim: mən pandemiyanı sevdim və onun üçün darıxacağımı düşünürəm. İnsanlarla sosial məsafə saxladıqca, evimə, daha doğrusu, özümə qapandıqca necə xoşbəxt olduğumu da söyləmək istəyirəm.

Əslində hamı sosial məsafə arzulayırdı, hamı istəyirdi ki, həyat və ölüm haqqında, özünü, “məni” və imkanları, bu dünyadan nə istəməsi barədə düşünmək üçün vaxtı olsun. Pandemiya bizə ümumbəşəri dəyərlərə yaxınlaşmağımız üçün bir şans oldu. Kiminsə pulunun, ya da ağlının çoxluğu onu virusa yoluxmaqdan qoruya bilmədi. Bəşəriyyət öz evində həbsə məhkum edildi, on milyonlarla insan xəstələndi, milyonlar həyatını itirdi. Gözlənilməyən təhlükə qarşısında biz bir-birimizdən fiziki planda uzaqlaşdıq, amma mənəvi müstəvidə sıx birləşdik.

Hələ maskaları demirəm. İndi maskanın altından burnun görünsə səni cərimə edərlər, yəni bir növ virus deyir ki, “ey insan, öz işinlə məşğul ol, öz həyatını yaşa, burnunu hara gəldi dürtüb başqalarının həyatını göy əskiyə bükmə”. Spirt iyi dünyamızın ən təmiz və təhlükəsiz qoxusuna çevrildi, kimin ağlına gələrdi?

Pandemiyanı cəza kimi dəyərləndirmirəm, bəşəriyyət bundan betər bəlaları adlayıb, bu, daha çox sınaq idi.

Deyə bilərsiniz bəs pandemiyadan sonra dünya necə olacaq, virus bizə nə öyrətdi? Dünyamız necə varsa, elə də qalacaq, insan xisləti dəyişmir. Hər şey əvvəlki axarına düşəndə görəcəksiniz ki, haqlıyam.

– Savaş durduruldu, Vətən uğrunda xeyli şəhid verdik, könüllü döyüşənlər evlərinə dönür, qazilər də yavaş-yavaş hospitallardan evə buraxılırlar. Müharibə bitdimi?

– Dünya istəyir ki, müsəlmanın müharibəsi heç vaxt bitməsin. Müsəlmanlar yaşayan coğrafiyaya bir nəzər salın. Azərbaycan xalqı öz mədəni-intellektual səviyyəsi, tolerant həyat tərzinə görə həmişə sülh tərəfdarı olub. Tarixə nəzər salaq, biz yalnız iki halda silaha sarılmışıq: ya öz elimizi-obamızı yadellilərdən müdafiə eləmək üçün, ya da tərkibində olduğumuz böyük dövlətlərin təhriki ilə.

Biz heç vaxt öz təşəbbüsümüzlə müharibə etməmişik. Azərbaycan türkü tarix boyu elə əlverişli coğrafiyada yaşayıb ki, onun başqasının torpağında gözü olmasını iddia eləmək, sadəcə, mümkün deyil. İmperialist düşüncəmiz yoxdur, öz torpağımızı becərib, öz güzəranımızı sürmüşük. Əksinə, öz imperiyalarının sərhədlərini genişləndirmək istəyən işğalçılar, bu yerlərə gəlmələr bizim diyara yağlı tikə kimi baxıblar, biz yalnız müdafiə olunmuşuq. Elə prezident İlham Əliyev də bu baxımdan düzgün qeyd edir ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib.

Xalqımız XX əsrdə üç respublika quruluşunda yaşayıb. Milli ideyamızdan yaranmış Xalq Cümhuriyyətindən fərqli olaraq sovet sosialist respublikası işğal faktının nəticəsi kimi meydana çıxmışdı, Sovet İttifaqının çökməsi və milli azadlıq mübarizəsinin gedişində cümhuriyyət dəyərləri Azərbaycan Respublikası timsalında yenidən təcəssüm etdi. Siyasi-ideoloji məzmunu, idarəetmə formasına görə bir-birindən fərqlənən hər üç dövlət quruluşu modeli, nə qədər qəribə olsa da, torpağa münasibət məsələsində eyni aqibəti bölüşməyə məcbur qalıb. Birincidə İrəvan, ikincidə Zəngəzur, üçüncüdə isə Qarabağı itirmişik. Azərbaycan öz sərhədlərinin bütövlüyünü bərpa etməklə artıq inkişafının yeni mərhələsinə qədəm qoyduğunu bütün dünyaya sübut etdi.

Bir yazımda qeyd etdiyim fikri bir daha xatırlatmaq istəyirəm: müasir dövlətçilik tariximizdə bu dəyişiklikləri öz məzmununa görə artıq dördüncü respublika kimi qiymətləndirmək olar.

– Cəmiyyətin sosial sifarişinə qoşulan ədəbiyyat müharibə mövzusuna köklənib. Ancaq üzə çıxan bədii mətnlərin bəziləri şablon şüarçılıq, hay-küylə doludur. Müharibə mövzusunda ən yaxşı əsərlərin meydana çıxması üçün onilliklərin lazım olduğunu söyləyənlər var. Belə fikirlərə münasibətiniz necədir?

– Müharibəylə bağlı dolğun əsərlər indən belə yazılacaq. Birincisi, Qarabağ münaqişəsi tarixində böyük bir mərhələ artıq başa çatdı, ikincisi, ürəyimizdən tikan çıxardan qələbə qazandıq. Və ən əsası: Şuşa artıq bizimdir. Biz qalamıza qayıdırıq, bizdən yuxarıda indi yalnız Allah var. Başı qarlı dağlara uzaqdan baxırdıq, vətənin hüdudlarını görmək üçün mütləq zirvəyə qalxmaq lazım idi. İndi millətimiz və onun təfəkkürünün daşıyıcısı olan ədəbiyyatımız öz istinad nöqtəsinə qovuşub. Bir çox qaranlıq sualların cavablarını artıq bilirik.

Birinci savaşda biz məğlub olmuşduq, iş ondadır ki, heç qarşı tərəf də qalib deyildi. Qarabağ mövzusu erməni ədəbiyyatının ana mövzusuna çevrilə bilmədi. İndi etiraf edirlər ki, otuz il ərzində Şuşanı özlərininki edə bilməyiblər. Məğlubiyyətdən sonra erməni baş nazir Şuşaya rişxənd elədi, onu dumanlı, tutqun və uğursuz şəhər adlandırdı. Siz bilirsiniz mən Şuşanın dumanından ötrü necə ölürəm? Hər il Novruz qabağı Ağsu aşırımına gedirəm ki, yazqabağı dumana düşüm, torpağımın ətrini duyum, Şuşanı yadımdan çıxartmayım. Hikmət Sabiroğlunun “Qarabağ söhbətləri” kitabından götürdüyüm bir fraqment əsasında “Şuşa dumanı” adında bir hekayə yazmışdım, hər dəfə Şuşaya duman gələndə Bakıda dizləri ağrıyan insanların həyatından bəhs edir. Duman görəndə ürəyimizin riqqətə gəldiyini Paşinyan haradan bilə bilər ki? Qarabağ tək bizim torpağımız deyil, mənəviyyatımızın əsas məsələsi, ədəbiyyatımızın ana mövzusudur.

– Qəhrəman döyüşçülərimiz bir çox xarici dövlətləri, hərbi ekspertləri, peşəkar komandirləri heyrətə salan şücaətləri ilə XXI əsrin yeni savaş modelini nümayiş etdirdilər, tarix yazdılar. Dünyanı bürüyən, azərbaycanlılara da acı çəkdirən koronavirus pandemiyası sanki belə bir ağır durumda müqavimət hissimizi daha da gücləndirdi. Pandemiyanın psixoloji təsiri və müharibə reallığı. Əlaqə varmı?

– Burada yəqin ki, yalnız mistik əlaqə haqqında danışa bilərik. Oqtay bəy, əldə etdiyimiz möhtəşəm qələbə haqqında düşünərkən mən daha çox başqa şeyə təəccüblənirəm. Füzuli istiqamətində düşmənin keçilməsi mümkünsüz görünən istehkamını yaran, otuz ilə yaxın həsrətində olduğumuz Zəngilanı bir neçə saata azad edən və nəhayət, Şuşa zəfərinə imza atan müzəffər əsgərimiz bu gücü haradan alırdı? Noyabr ayında, payızın qatı dumanında sıldırımlardan dırmaşaraq dədə-baba qalasını əlbəyaxa döyüşlə azad edən əsgərin fiziki göstəricilərindən savayı siyasi-ideoloji hazırlığı da yüksək səviyyədəydi. Əsas məsələ odur ki, ruh vardı.

Bir yazıçı kimi bu ruhun mənbəyi mənə maraqlıdır. Bunu ədəbiyyatmı vermişdi? Xeyr. Yaxşı bilirik ki, bu illər ərzində bizim o səviyyədə bədii mətnlərimiz yaranmadı. Bəlkə təhsildən qaynaqlanırdı? Xeyr. O əsgərlər Azərbaycanının təhsil sistemində islahatların getdiyi illərdə məktəbə gediblər, yeri gəlmişkən, o islahatlar hələ də davam edir və dərsliklərimiz hələ də təkmilləşməkdədir. Televiziyalarımzda, mətbuatımızda vətənpərvərlik təbliğatı indi-indi düzəlməyə başlayır. Uzun illər mediamız, QHT-lərimiz maarifçiliyə yalnız qrant layihələri həyata keçirmək vasitəsi kimi baxıblar. Bəs Azərbaycan gəncinin bu ruh yüksəkliyi, bu vətən sevdası haradan qaynaqlanır? Sizə “Əli və Nino” romanından bir epizodu xatırladım – Əli eşidəndə ki, sevgilisi Ninonu Naxararyan götürüb qaçıb, dərhal atına minib onun arxasınca çapır. Naxararyanın başının üstünü haqlayanda erməni naqanını çıxardıb onu vurmaq istəyərkən Əli bir göz qırpımında atın üstündən düşüb xəncərini onun ürəyinə saplayır. Müəllif özü də yazır ki, görəsən, Əli haradan alırdı bu gücü, necə oldu ki, real ölümün üstünə atılmaqdan qorxmur və özü də cavab verir ki, bu onun qanına işləmiş Cavanşir nəslindən gələn babalarının gücü idi.

Bax, vətən torpağını xain düşmənin tapdağından xilas edən, Pənahəli xanın binəsini qoyduğu o müqəddəs qalanı əlbəyaxa döyüşlə azad edən Azərbaycan əsgərinin gücünün mənbəyi onun gen yaddaşındadır. Sən demə, Qarabağ bizim qanımıza işləyibmiş, o heç vaxt əsarətdə qala bilməzdi. Duman görəndə uşaq kimi sevinən, ürəyi fərəhlə dolan nəsil əvvəl-axır qalasına yiyə durmalıydı, durdu da.

– Öz işini yaxşı bacaran bir qəzetçi, redaktor təcrübəsi olan peşəkar jurnalist kimi sizdən də soruşum: qəzetlərin tarixə çevrilib keçmişə gömüləcəyinə inanırsınızmı?

– Qəzet bizim sonuncu qalamızdır, Oqtay bəy, o, tarixə çevrilsə biz məğlub olarıq. Qəzet bizim arzumuzdur, onu yarıda qıranlar, onu məzmunsuz kağız parçasına çevirənlər, qəzetin gücündən qorxub onu gözdən salanlar özləri tarixin künc-bucağında itib-batacaqlar. Azərbaycanda keyfiyyətli qəzetlərin bumu hələ bundan sonra başlanacaq, mən buna inanıram və heç vaxt bu inamımdan dönmərəm. Azərbaycanda kitab oxuyanlar, bilet alıb teatra gedənlər, gözəl bir tablonun qarşısında dayanıb onun palitrasından zövq alanlar, klassik musiqinin melodiyasında ruhunu ovutmağı bacaranların hamısı qəzetin oxucularıdır. Belə adamlar var, azdırlar, amma həmişə olublar.

Gəlin “qəzet bizə lazımdırmı” sualı ətrafında fikirləşmək əvəzinə “müasir dövrün qəzeti necə olmalıdır” sualına cavab tapaq. Qəzetin siması müasirləşməlidir, gəncləşməlidir, mətbuatımız süni yolla, arxa qapılardan redaksiyalara doluşmuş parazitlərdən təmizlənməlidir. Ətrafında düşünən beyinləri, əliqələmli ziyalıları birləşdirən qəzet cəmiyyətin ictimai müqavimətini gücləndirir və eyni zamanda dövlətin intellektual potensialını göstərir. Yaxşı qəzet bütün ağıllı cəmiyyətlərin sosial sifarişidir. Bizim yaxşı qəzetlərimiz hələ bundan sonra çıxacaq. Arzularımızın yarımçıq qaldığı yerdən davam etmək şansımız olacaq.

– Sizi publisistikadan ədəbiyyata gələn yazıçılar sırasına daxil etmək olarmı?

– Daha doğrusu, publisistikadan ədəbiyyata gələn və ədəbiyyatdan publisistikaya keçən yazıçı hesab eləmək olar. Dediyiniz istiqamətlər, obrazlı desək, müəyyən vaxta qədər Kürlə Araz kimi ayrı-ayrılıqda axırlar. Bu o vaxta kimi davam edir ki, nəhayət onlar Suqovuşanda üz-üzə gəlirlər və bir müddət hərə öz rəngində davam edir, sonra bir-birlərinə çulğaşıb böyük dənizə sarı bütöv çay kimi axırlar.

Publisistikayla bədii sözün sərhədi o qədər şəffafdır ki, bunu hiss eləməsən mətn yaradıcılığında onlar bir-birlərinə mane ola bilərlər, yəni hər iki janrın təmas nöqtələrini, qovuşma anını duymaq lazımdır. Bir də çox şey yazıçının mövzunu necə görməsindən asılıdır, yəni publisistika romanda kompozisiya elementidirsə maraqlı görünəcək, yox eləcə şüur axını kimi ortaya çıxıb öz bildiyi səmtə gedirsə, ehtiyatlı olmaq lazımdır. Hər halda mən yaradıcılığımda hər iki janrın xətrinə dəyməməyə çalışıram.

– Hərdən mənə elə gəlir ki, siz özünüz üçün yazırsınız. Təbliğat qurmaq üçün özünü oda-közə vuran bəzi nəfəsiyanıq qələm sahiblərindən fərqlənirsiniz. Bəlkə başınız yarımçıq yazılara qarışıb? Tezliklə Natiq Məmmədli imzasında yeni əsər görə biləcəyikmi?

– İcazə verin bu sualın cavabında yenə də qəzetdən danışım. Burada ciddi səbəb-nəticə əlaqəsi var. Bizim yaxşı qəzetlərimiz olsaydı, kitablarımız da yaxşı satılardı, necə deyərlər, ixtisaslı oxucularımız da olardı. Təbliğata gələndəsə, bunun hədəfi olmalıdır. Keçən il “Qəhrəmanım sənsən” hekayələr kitabım işıq üzü gördü. Orada oxucularıma müraciətlə yazdım ki, “mən səssiz qəhrəmanların yazıçısıyam”. Kimdir bu adamlar? Onlar qeyri-adi heç nə etmirlər, sadəcə oxuyurlar və mənəvi dünyamızdan gurultulu sözlər danışmağı sevməzlər, lakin onun sərhədlərini qoruyarlar. Onlar məsləhət vermir, öz şəxsiyyətləriylə nümunə yaradırlar. Və beləliklə, mən özümü bu cür adamların – “səssiz qəhrəmanların” yazıçısı hesab edirəm.

Yeni əsərə gəlincə, iki ildir üzərində işlədiyim romanımı pandemiya dövründə başa çatdırdım. Bu il “Azərbaycan” jurnalının ilk saylarında ixtisar olunmuş variantı işıq üzü görəcək, yəqin ilin axırına kimi kitaba da çevrilər. Sevgi romanı yazmışam, Sarı Aşığın mifik eşqi fonunda dumana bürünmüş müasir sevgi əfsanəsi.

– Qayıdaq müharibə mövzusuna… Sovet dövrünün qəlibindən qopa bilməyən bəzi qələm sahiblərinin əsərlərində ancaq qələbə mənzərəsi görürdük. Bu səpkidə əsərlərə indi də rast gəlmək olar, xüsusilə də poeziya nümunələrində. Bir yazıçı kimi faciə və savaş mövzusuna fərqli yanaşmanız olmamış deyil.

– Müharibənin yaradıcılığa belə ehtirasla təkan verməsi haqqında çox oxumuşdum, amma indi əyani şahidinə çevrildim. Müharibə dağıdıcıdır, lakin onun yaradıcı gücü də varmış. Əsəri elə yazmaq lazımdır ki, kimliyindən asılı olmayaraq istənilən şəxs onu oxuyanda mənim keçirdiyim ağrı-acını öz ruhu ilə hiss eləsin və anlasın ki, bu tək mənim yox, həm də onun, bütün insanların savaşıdır. Müharibə harada baş verməsindən asılı olmayaraq bütün insanlığa qarşı yönəlir. Bu baxımdan bizim Vətən müharibəsinə yalnız lokal, regional miqyasdan yanaşmaq düzgün deyil.

Yeri gəlmişkən bir məsələni də deyim ki, bədii mətndə yalançı sülh göyərçini kimi görünməyə cəhd göstərmək də hay-küyçü vətənpərvərlik kimi mənasız işdir. Yazıçı mövzunu bilməli və ümumbəşəri aspektlərini nəzərə alaraq təhlil etməlidir. Cəfər Cabbarlının “1905-ci ildə” əsərində “atan kazaklardır” ifadəsini götürək, düşünürəm ki, Cənubi Qafqazda yüz ildən çoxdur davam edən erməni-müsəlman qarşıdurmasının bundan yaxşı bədii ifadəsi yoxdur. Məgər dünyada Xocalı faciəsi kimi soyqırımı təkcə bizim qismətimizə düşüb?

İki il bundan qabaq Srebrenitsada əriylə övladları soyqırımına məruz qalmış Munira Subaşiç adlı ana Bakıya gəlmişdi. O, Xocalı abidəsini ziyarət edərkən 1992-ci ilin fevralın 26-da hər iki valideyni qətlə yetirilmiş Yasəmən Tofiqqızı ilə təsadüfən rastlaşır, ana-bala kimi qucaqlaşırlar. Mən dünyamızın fərqli coğrafiyalarında müharibənin şikəst qoyduğu bu insanların həmin şəklini saxlayıram, həmişə Xocalı soyqırımı günü onu sosial şəbəkədə paylaşıram. Ədəbiyyatın müharibə mövzusu belə insanların yaddaşında çoxdan yazılıb, sadəcə belə adamları axtarıb tapmaq, onları dinləmək lazımdır.

– Natiq bəy, nədənsə bu qarışıq məqamda “Mən də hamı kimi” hekayəsini xatırladım. “…Qlobal çağırışlara cavab verməyi müasirlik kimi anlamışam, amma həmişə içimdə o müasirlikdən iyrənmişəm”. Elə isə ən yaxşı müasirlik nədir, haradan qaynaqlanmalıdır, keçmiş ənənələrdənmi? Necə fikirləşirsiniz, bizdə Azərbaycan sayağı müasirlik modeli yaratmaq mümkündürmü?

– Adını çəkdiyiniz hekayədə insanın azadlıq anlayışına münasibətini, bunu nə dərəcədə arzulamasını aydınlaşdırmaq istəmişəm. Vacib humanist dəyərlərin indi necə böhran keçirməsini məyusluqla müşahidə edirik. Pul və şöhrət dalınca qan-tər içində qaçan mədəniyyət özünü təməl prinsiplərindən uzaqlaşdırmaqdadır. Tutaq ki, hansısa azlıqların hüquqlarının müdafiəsi müasir demokratiyanın trendinə çevrilir, amma bütöv millətlərin, əzilən dünyanın səsini eşitmək istəmirlər. Dünyada ədalət anlayışına, beynəlxalq hüquqa münasibət dəyişib. XXI əsrdə çox şeylər qaranlıq orta əsrləri xatırladır, yəni gücün varsa, deməli, haqlısan. Bu düşüncədən uzaqlaşmaq üçün humanistlər əsrlər boyu nə qədər kitab yazıblar, görürsünüz dünyanın məzmunu dəyişilməz qalıb. Konkret misallar çəkmək istəmirəm, bunun üçün kifayət qədər nümunə var.

Biz elə məqama gəlib çatacağıq ki, qlobal çağırışlara cavab verməkdənsə öz simamızı qorumağın vacib olduğunu dərk edəcəyik. Bəli, bizə milli-mənəvi dəyərlər adı altında elə ənənələr sırınıb ki, onları məmnuniyyətlə qlobal çağırışlara qurban verə bilərik və heç nə itirmərik. Amma həyat göstərir ki, milli simamızı qorumağımız şərtdir. Baxın bayrağımıza, inandırım sizi ki, mən ən çox bayrağımın qırmızı rəngini sevirəm, babalarımız deyirdi ki, o “firəng kafalı” olmağa, yəni müasirliyə işarədir. Vətən müharibəsindən sonra isə qırmızı rəngi lap çox sevdim, çünki o indi mənim üçün torpaq yolunda canını fəda eləmiş şəhidlərimizin qanını simvollaşdırır.

Deyə bilərsiniz, bəs müasirlik? Biz “firəng kafalı” dünyanın münasibətini gördük, bizim getmək istədiyimiz, arzuladığımız Avropa artıq yoxdur, onu dələduz siyasətçilər, pula görə hər şeyi satışa çıxarmaqdan utanmayan lobbi təşkilatlarının fırıldaqçı şəbəkələri zəbt edib. Qərb gərək əvvəlcə özü itirdiyi kələfin ucunu tapsın, öz möhtəşəm dəyərlər sisteminə yiyə dursun. Təəssüflər olsun ki, müasirliyi indi əksəriyyət yalnız müasir İKT-nin inkişafı kimi başa düşür. İnformasiyanın ötürülmə sürəti artdıqca dünyamız çox dəyərindən imtina etməli olacaq.

– Qlobal pandemiya dövründə, hələ də barıt qoxusu çəkilməyən yaralı bir ölkədə tam arxayınlıqla “hər şey yaxşılığa doğru” söyləməyin vaxtı nə zaman yetişəcək?

– Hər halda hər şey yaxşılığa doğru getməsəydi, biz bu qədər yolu qət edə bilməzdik. Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasından otuz il keçir. Üç onillikdir ki, cibimizdə müstəqil dövlətin pasportunu gəzdirib, müstəqil bayrağın kölgəsində yaşayırıq. Çoxlu uğurlarımız var, Azərbaycan otuz il əvvəlki Azərbaycan deyil, bunu hətta düşmənlərimiz də etiraf elədi, bütün dünya da gördü. Biz bir-birimizin qədrini bilməliyik, üz-üzə gələndə başımızı dik tutmalı, bir-birimizin əlini ürəkdən sıxmalıyıq. Hər şey yaxşılığa doğru getməsə də, biz çox şeyləri yaxşılığa doğru aparmağı bacarmalıyıq.

– Natiq bəy, vaxt yetişəndə… Sizə Şuşada ən gözəl əsərinizi yazmağı arzu edirəm…

– Allah ağzınızdan eşitsin! İnşallah, növbəti söhbətimizi qalada edərik