Əsassız narahatlıq...
Əsassız narahatlıq...
03.12.2021 Bəybala Mirzəyev Tərəfindən

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov son açıqlamalarından birində "Türk Dövlətləri Təşkilatının hərbi əməkdaşlıq məsələləri müzakirə mövzudursa, bunun Türkiyənin və Türk Dövlətləri Təşkilatındakı müttəfiqlərin maraqlarına uyğun olduğunu düşünmürəm”,- deyə fikir bildirməsi tamamilə yersiz idi.

Çünki Türkiyənin və Türk Dövlətləri Təşkilatındakı digər üzv-dövlətlərin maraqlarına nəyin uyğun olub-olmamasına Rusiya deyil, həmin ölkələrin özləri qərar verir.

Bəs elə isə Rusiya nədən narahatdır?

Bu barədə danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz`un fikirləri maraqlıdır.

Sitat

"Rusiyanın narahatlığı yersizdir. Çünki Türk Dövlətləri Təşkilatı hərbi müdafiə təhlükəsizliyi paktı deyil. Hazırda “Türk Dövlətləri Təşkilatı”nın hərbi müdafiə təhlükəsizliyi paktı olmasına ehtiyac yoxdur. Təşkilatın regionda ikili münasibətlər və qarşılıqlı əlaqə baxımından olduğu səviyyə olduqca yüksəkdir. Hər sahədə əməkdaşlıq sürətlə inkişaf edir. Əlbəttə bu münasibətlərin hərbi müdafiə sahəsində də inkişaf etdirilməsi arzuolunan olsa da, indi buna ehtiyac duyulacaq xüsus yoxdur. Ona görə də Rusiyanın əssasız narahatlığına gərək yoxdur.

Psixoloji baxımdan “Turan ordusu” yaradılır deyə açıqlamalar bu təşkilatın nüfuzuna zərbə vurmaq, nəzərlərdə kiçiltmək, bir sözlə, təzyiq etmək məqsədi daşıyır. Türk Dövlətləri Təşkilatının fəaliyyət və istiqamətlərinin genişlənməsi Rusiya və bəzi dövlətlər həmçinin, İranın kəskin reaksiyasına səbəb olsa da, hazırda “Turan ordusu”nun Türk Dövlətləri Təşkilatına hakim olmasına ehtiyac yoxdur.

Türk Dövlətləri Təşkilatının siyasi əlaqələrlə yanaşı, bir-birinə bağlayan iqtisadi əlaqələr də mövcuddur. Bununla yanaşı, türkdilli dövlətlər iqtisadiyyatlarına yeni texnologiya və ixtiralar təqdim etməklə yerli sənaye sahələrini inkişaf etdirirlər. Karbohidrogen boru kəmərləri, avtomobil və dəmir yolu şəbəkələri inşa olunur və ya əsaslı təmir edilir. General xüsusilə vurğuladı ki, yeni nəqliyyat infrastrukturunun yaradılması ilə Türk dünyası, eyni zamanda, nəqliyyat şəbəkəsi vasitəsilə də birləşəcəkdir. Bu istiqamətdə Azərbaycanda görülmüş nəhəng işlər xüsusilə vurğulanmalıdır.

Ötən əsrin 90-cı illərindən başlayaraq türkdilli dövlətlərin başçılarının Zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır. Türkdilli dövlətlərin başçılarının Zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu və Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatların qurulması məhz bu zərurətdən irəli gəlmişdir. Lavrovun dediyi fikirlər “Böyük Turan” ideyasının perspektivlərini yox, bugünkü reallıqlarını əks etdirir. Onun dediyi mədəni, dil və təhsil əlaqələri çoxdan var.

“Böyük Turan ideyası”nın bugünkü hədəfi Türk dövlətlərinin iqtisadi birliyinə nail olmaqdır. Amma Rusiyanın 300 milyonluq Türk dövlətləri təşkilatına edilən psixoloji təzyiqlə mübarizə aparmaq da lazımdır. Bu səbəbdən təşkilatın fəaliyyətini də dünyada mövcud dəyərlərə uyğun bir şəkildə qurub icra etmək lazımdır. Ona görə də, dünyada baş verən hadisələri, regionda olan siyasi vəziyyəti də düzgün qiymətləndirmək önəmlidir. Bu məqsədlə təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Qafqazda, bütövlükdə isə regionda yeni reallıqlar yarandı. Bu reallıqların moderatoru isə “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyədir”.

Bəybala Mirzəyev

Visiontv.az