Ermənistanın yeni müdafiə naziri kimdir?
26.11.2020

Ermənistan hökumətində çoxsaylı istefalar fonunda müdafiə naziri David Tonoyanın istefası və Vaqarşak Arutyunyanın bu vəzifəyə təyin olunması bir qədər diqqətdən kənarda qalıb.

Vaqarşak Arutyunyan (1956-cı ildə anadan olub) 1978-ci ildə Bakıda S.Kirov adına Ali Hərbi Dənizçilik Məktəbini bitirib.
Hərbi Dəniz Akademiyasını (1991-ci il) və RF SQ Baş Qərargah Akademiyasını (1998-ci il) bitirib.

1999-2000-ci illərdə artıq Ermənistanın müdafiə naziri idi, lakin 27 oktyabr 1999-cu ildə parlamentdə törədilmiş terror aktından sonra vəzifəsindən azad edilmişdi. Bəzi məlumatlara görə, o vaxtkı prezident Robert Köçəryanın etimadını itirmişdi. Ermənistanın siyasi elitası o zaman (elə indi də) hesab edirdi ki, parlamentdə 8 deputatın, o cümlədən baş nazir və parlamentin spikerinin ölümü ilə nəticələnən terror aktı Rusiya Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin işidir.

Terror aktı günlərində çoxları tərəfindən Arutyunyanın davranışı Azərbaycanla Qarabağa dair sülh sazişinin imzalanmasını pozmaq üçün hərbçilərin hakimiyyəti ələ keçirməyə və Köçəryanı kənarlaşdırmağa hazır olması kimi qiymətləndirilmişdi.

Ermənistan rəhbərliyi müdafiə nazirinin hərəkətlərini Moskvanın iradəsinin icraçısı kimi qiymətləndirib.

Vəzifədən uzaqlaşdırılandan sonra Arutyunyan siyasətə qoşulub və Köçəryan hökumətini tənqid etməyə başlayıb. 2002-ci ildə münaqişə apogeyə çatıb və Arutyunyan general-leytenant hərbi rütbəsindən məhrum edilib.

Sonrakı illərdə o, faktiki olaraq təqaüddə olub. Lakin 2019-cu ildə çoxları üçün gözlənilmədən Nikol Paşinyan onu əsas məsləhətçi təyin edib və rütbəsini bərpa edib.

Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olmasından və Tonoyanın istefasından sonra Arutyunyan yenidən müdafiə naziri postunu tutub. Azərbaycanın hərbi ekspertlərinin qiymətləndirmələrinə görə, Arutyunyanın zabit kimi səviyyəsi ortadan aşağıdır və o, Tonoyandan zəifdir. Eyni zamanda, Arutyunyanı 100% Rusiyanın adamı hesab etmək lazımdır. Bu, təkcə onun hər zaman Rusiyada xidmət etməsilə deyil, bütövlükdə siyasi oriyentasiyası ilə bağlıdır.

Visiontv.az