Ermənistanın və ermənilərin təbliğatının məhək daşlarından biri də budur-Elçin Alıoğlu
22.07.2021

Ermənistanın və ermənilərin təbliğatının məhək daşlarından biri də budur: "Azərbaycan adlı dövlət 1918-ci ildə yaradılıb, bu adda ərazi və ya ölkə olmayıb, Azərbaycanın yaşı Coca-Colanın yaşından kiçikdir" və s.

İrəvandakı bədbəxtlərə uzun-uzadı cavab vermək niyyətim yox. Zatən qatıldığım bütün beynəxalq tədbirlərdə, konfranslarda, seminarlarda, konqreslərdə və digər müsamirələrdə həmin zatıqırıqların cavablarını yetərincə vermişəm, zatlarının Hindistanın şimal-şərqindəki köçəri qaraçı qəbilələrindən gəldiklərini demişəm.

Cavabları arqumentsiz olub.

Xüləs, gələk "Azərbaycan" kəlməsinə.

Hicri ilə 22-ci, yəni indiki təqvimlə 643-cü ildə, Reyi və Mərkəzi Parsıstanı ələ keçirəndən sonra xəlifə Ömər "Azərbaycanı istila edin!" əmri vermişdi. Rəşidun Xilafəti də sərkərdə Əl Müğir bin Şübahı yolladı Azərbaycanı ələ keçirməyə.

Bunu Əhməd bin Sabit əl Raziyə istinadən tarixçi, bizləri "Təbəri" kimi tanıdığı Əbu Cəfər yazıb.

Yürüş başlayandan az sonra sərkərdə Hüdeyfə Zəncana yollanır, şəhəri ələ keçirir.

Sonra ərəblər Ərdəbili mühasirəyə alırlar. Şəhərdəki farslar qapıları açırlar, qala  ələ keçirilir və ərəblər şəhər əhlinə cizyə şərti qoyur.

Bundan sonra Xəzərin qərb sahili boyunca şimala doğru yeriyən ərəblər Babı ələ keçirsələr də, xəlifə sərkərdə Hüdeyfəni geri çağırır.

Əvəzində Azərbaycana sərkərdələr Bükeyr ibn Abdullah və Ütbə bin Fərhad göndərilir.

Curmizan yaxınlığındakı döyüşdə ərəblərə sinə gərən qoşunların sərkərdəsi İsfəndiyər ağır yaralanır, əsir alınır.

Əsir olsa da, İsfəndiyar ərəblərə deyir: "Azərbaycan sizə boyun əyəsi deyil!"

Hicri ilə 25-ci ildə Osmanın Qurani-Kərimi Azərbaycan əhalisi üçün tərcümə olunur. Bunu eşidən Hüdeyfə Osmana deyir: "Əgər tərcümə müshafın ilkin məzmununa tam uyğunlaşdırılmasa, əvvəlki təfsir mənasını itirəcək".

645-ci ildə isə Valid bin Ukbanın başçılıq etdiyi ərəb qoşunları dörd illik gərgin savaşlardan sonra Azərbaycanın şimalına qədər yeriyə bilir.

... "Azərbaycan" kəlməsinə hədislərdə də rast gəlmək olar.

Bu isə ayrı söhbətin mövzusudur.

Visiontv.az