Ermənistan yenidən müharibəyə başlayır - Azərbaycan Ordusu döyüşə hazırdır
03.07.2020

“Ermənistan tərəfi yenidən müharibəyə başlamaq istəyir. Ancaq işğalçı ölkə bu dəfə törətdiyi təxribata elə cavab alacaq ki, onu heç vaxt unutmayacaq”.

Visiontv.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

Onun fikrincə, Rusiya həmişə Ermənistanı öz ordusu kimi silah-sursatla təmin edib.

“Ermənistan silahlı qüvvələri artıq Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsidir. Rusiya Ermənistanı kifayət qədər silahla təmin edib. Bunu yalnız indi deyil, həmişə öz qoşunlarına etdiyi kimi edir”, - partiya sədri vurğulayıb.

A.Mollazadə bildirib ki, Ermənistan hər vaxt qoşunların təmas xəttində təxribatlar törədir və bunu davam etdirməkdə maraqlıdır: “Ermənistan müharibəni yenidən başlamaq və işğal etdiyi əraziləri genişləndirmək istəyir. Düşünürəm ki, dövlətimizin keşiyində duran Azərbaycan Ordusu da bu təxribatlara cavab verməyə tam hazırdır. Cavabımız elə ağır olacaq ki, Ermənistan tərəfi bunu çətin unuda bilsin”.

Hərbi ekspert Ramil Məmmədli isə hesab edir ki, iqtisadi imkanlarını, daxili siyasi vəziyyətini analiz etdikdə birmənalı şəkildə Ermənistanın müharibə edəcək gücdə olmadığı üzə çıxır:

“Təbii ki, ermənilər adətləri üzrə təxribat xarakterli əməliyyatlar keçirə bilərlər. Əgər belə bir cəhd olarsa, əlbəttə ki, Azərbaycan Ordusu bunun qarşısını almağa və əks-hücumla Ermənistan ordusunu yerində oturtmağa qadirdir. İnanmıram ki, Ermənistanın hazırki hərbi-siyasi rəhbərliyi 2016-cı ilin aprelində baş verənləri yenidən yaşamaq istəsinlər. Onların ordusunun şəxsi heyətinin sayını, texniki imkanlarını Azərbaycan Ordusu ilə müqayisə edəndə, işğalçı ölkənin yenidən müharibəyə başlamasının mümkün olmadığı aydın olur”.