"Ermənistan sülh məsələsini qəbul etməlidir, bu, bir gerçəkdir"
07.06.2023

Bugünkü konfrans zamanında həyata keçirilməklə yanaşı, həm də çox faydalı bir konfransdır.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı tədbirdən sonra BMT Baş Assambleyasının 75-ci Prezidenti Volkan Bozkır jurnalistlərə açıqlamasında deyib.

O, konfrans iştirakçılarının əvvəlki dövlət başçıları, baş nazirlər, xarici işlər nazirləri və digər bu kimi dövlət və hökumət səviyyəli şəxslər olduğunu qeyd edərək Azərbaycan rəsmiləri tərəfindən iştirakçılara olduqca önəmli məlumatlar verildiyini vurğulayıb: “Hansı ki bu məlumatlar önümüzdəki bazar ertəsi günü BMT-nin baş katibi ilə görüşümüzdə bizim üçün faydalı olacaq. Yəni biz bu mövzuda üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik”.

Volkan Bozkır Şuşada və Qarabağda davam edən yenidənqurma işləri barədə də fikirlərini bölüşüb: “Mən Şuşada sonuncu dəfə keçən il olmuşdum. Keçən qısa zaman ərzində Şuşada olduqca böyük dəyişikliklər olub. Yəni gələcək yönümlü ciddi addımlar atılır. Təbii, 30 ilik işğaldan sonra, bu cür təxribatdan sonra hər şeyi bərpa etmək asan deyil. Yolboyu mən baxdım, ərazidə dağıntılar var, buna rəğmən orada da - Füzulidə də tikinti-quruculuq işləri davam edir. Cənab Prezident İlham Əliyevin düzgün liderliyi ilə Azərbaycan Qarabağ və Şuşada böyük nailiyyətlər əldə edəcək. Ermənistan isə bunları gördükcə bu ərazilərdə etdiklərinə görə vicdan əzabı çəkməli və dərs çıxarmalıdır deyə düşünürəm”.

Diplomat Azərbaycan-Ermənistan arasındakı sülh prosesini də dəyərləndirib: “Azərbaycan aradan keçən 30 illik təxribata rəğmən, sülhü daha çox istəyir. Sırf Ermənistana qalsa, bəlkə, sülh daha rahat və tez başa gələr, lakin erməni diasporu dünyada rahat həyat sürdüyü halda, sanki buradakı ermənilərin yoxsul vəziyyətdə yaşamaları həqiqətini qəbul etmirlər. Yəni onlar doğulduqları gündən bu cür - türk, Azərbaycan düşməni kimi yetişdiriblər. Amma nəticə etibarilə sülh məsələsini qəbul etməlidirlər, bu, bir gerçəkdir. Hesab edirəm ki, zamanla buna nail olunacaq. Azərbaycan güclü olduğu təqdirdə, sülh müzakirələrinin diapozunu daha geniş olacaq. Biz Türkiyə olaraq, “bir millət, iki dövlət” prinsipi ilə eyni düşüncədəyik və Azərbaycanın yanındayıq”.