Ermənistan addım-addım hərbi çevrilişə yaxınlaşır - Elxan Şükürlü
22.10.2020

Bütün məğlubiyyətlərin kökündə qorxu, vahimə və ümidsizlik yatır! Düşmənin canına qorxu və vahiməni sala bildinsə, ümidsizliyə düçar etdinsə, qələbə artıq sənindir!

Əgər düşmən döyüş meydanında 10 min nəfərə yaxın hərbçisinin cəsədlərini, eləcə də hərbi texnika və silah-sursatlarını, döyüş bayraqlarını rüsvayçı şəkildə tullayıb qaçırsa, könüllü əsir düşürsə, deməli, Azərbaycan Ordusu nəinki erməni ordusunun, bütün Ermənistan cəmiyyətinin canına bu qorxunu salmağa və ümidsizlik yaratmağa nail olub artıq!

Bunu hamıdan yaxşı bilən Nikol Paşinyanın belə bir vəziyyətdə Rusiya ilə strateji müttəfiqlikdən danışması və "Bu münaqişənin diplomatik həlli yoxdur, erməni xalqı silahlanmalı, savaşmalıdır" çağırışını səsləndirməsi, əslində, Ermənistan cəmiyyətini təslimçi sülhə hazırlamağa və cəbhədəki məğlubiyyətin məsuliyyətini də xalqın üzərinə yıxmağa hesablanıb.

Çünki o, aşkar görür ki, ermənilərin döyüş əzmi sınıb və çoxsaylı itkilər hərbi müstəvidə tam kapitulyasiya ilə, deməli, həm də onun hakimiyyətdən devrilməsiylə yekunlaçacaq.

Odur ki, indi əzmi qırılan və qorxu hissinin idarə etdiyi Ermənistan cəmiyyətini Rusiyanın dəstək verəcəyinə ümidləndirməklə, həm də iki seçim qarşısında qoyur: ya savaşmalısan, ya da Qarabağın itirilməsiylə barışmalısan!

Dünən Rusiyanın dəstəklədiyi "Qarabağ klanı"nın əsas liderləriylə təcili keçirilən görüş və sabiq prezident Serj Sarkisyanın da xarici mətbuata müsahibəsində vəziyyətin bu həddə gəlib çatmasının əsas təqsirkarı kimi Paşinyanı göstərməsi də mənzərəni tam aydınlaşdırır.

Ermənistan addım-addım hərbi çevrilişə yaxınlaşır!

Visiontv.az