Ermənilərin sosial şəbəkələrdə təxribatı xarakterli videomaterialın Cenevrə görüşü ərəfəsində yayması təsadüf deyil
Ermənilərin sosial şəbəkələrdə təxribatı xarakterli videomaterialın Cenevrə görüşü ərəfəsində yayması təsadüf deyil
03.10.2022 MEDİA Tərəfindən

2 oktyabrda Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.  Xarici işlər nazirlərinin görüşü ərəfəsində, guya Azərbaycan hərbiçilərinin ermənilərə qarşı təxribat törətməsi ilə bağlı sosial şəbəkələrdə videomaterial yayılıb. Bu videomaterialın XİN rəhbərlərinin görüşdüyü bir vaxtda yayılması təsadüfdürmü?  Bu və ya digər suallar ətrafında politoloqların fikirlərini öyrənməyə çalışdıq. Politoloq Samir Hümbətov Visiontv.az saytına bunları dedi:

“İndiki halda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin bu görüşündən ciddi bir nəticənin əldə ediləcəyi gözlənilmir. Baxmayaraq ki, bu görüş Azərbaycan və Ermənistan liderlərinin son Brüssel görüşlərinin nəticəsinə uyğun olaraq keçirilməsi qərar alınıbdır. Lakin mövcud vəziyyət ondan xəbər verir ki, hələlik hər hansısa ciddi bir nəticənin əldə ediləcəyi gözlənilmir. Amma müəyyən razılaşmalar ola bilər.  XİN rəhbərlərinin görüşü ərəfəsində yayılan videomaterialın təxribat xarakterli olduğunu düşünürəm.  Bunu əslində yaymaqla bir növ 3 – cü tərəflər prosesi pozmağa çalışır. Prosesi pozmaq üçün də ən ideal variant həqiqətə uyğun olmayan belə videomaterialların servis edilməsi ilə bir növ danışıqlar prosesini pozmağa xidmət edir. Və cəmiyyətlər arasında gərginliyin daha da artırılmasına yönəlib. Hesab edirəm ki, belə bir məlumatın yayılması, sırf üçüncü tərəflərin təxribat xarakterli hərəkətləridir. Təbii ki, bunu təsadüfü hesab etmək olmaz. Bu videomaterialların yayılması hesablanmış, planlı şəkildə reallaşdırılmış təxribatın tərkib hissəsidir. Hələ nəzərdə tutulub ki, XİN rəhbərlərinin noyabr ayında keçirəcəkləri görüşü oktyabra təyin olunsun. Görünür ki, burada müzakirə olunacaq müəyyən məsələlər var. Görüş noyabr ayına qalarsa proseslərdə hər hansısa bir ləngimə ola bilər. Düşünürəm ki, Azərbaycan bu məsələdə hər an ayıq – sayıqdı. Belə olan halda isə gərgin situasiyalardan çıxmaq mümkündür.  İndiki halda münaqişənin həll olunmasında maraqlı olmayan tərəflər, hansısa uğurlu nəticənin əldə edilməməsi üçün çox ciddi səylə çalışırlar.”

Politoloq Şəbnəm Həsənovanın fikirləri isə belədir: 

“31 avqust Brüssel görüşü müsbət məqamlarla yadda qalıb, konkret nəticələr vəd etsə də sonrasında Ermənistanın sentyabr təxribatları fonunda sülh gündəliyinə kölgə salındı, ciddi əngəllər yaradıldı. 5 maddəlik təklifin Ermənistan tərəfindən də qəbul olunduğunu nəzərə alsaq, deməli, sülhün əldə olunmasına maneə törədən yerdə qalan qüvvələr daxili və xarici erməni revanşistlərlə məhdudlaşmır. Guya Azərbaycan hərbiçilərinin ermənilərə qarşı təxribat törətməsi ilə bağlı sosial şəbəkələrdə videomaterialların Cenevrə görüşünün astanasında yayılması da təsadüf deyil. Hələ o faktı da nəzərə alsaq ki, biz Cenevrə görüşünün özünü də oktyabrın 6-da Avropa İttifaqının Praqada keçiriləcək tədbiri çərçivəsində Türkiyə, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli görüşünü istisna etməyən hazırlıq prosesi kimi dəyərləndirirdik. Təsadüf olmamasını sübut edən bir neçə aydın fakt isə hadisələrin baş vermə xronologiyası və hansı tərəflə bəlli amil üzrə əməkdaşlığın, əlaqələrin dərinləşdirilməsində gizlidir. Birincisi, nəzərə alsaq ki, Cenevrə görüşü 31 avqust tarixində Brüsseldə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib, tərəfin hansı vasitəçi olması öz sözünü deyir. O faktı da nəzərə alsaq ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bütün bu hadisələr fonunda açıqlamasında ona məhz azərbaycanlılara qarşı törədilmiş  hərbi cinayətləri əks etdirən bir neçə videonun göndərildiyini, araşdırılmasını və doğrudursa, məsuliyyətə cəlb edilməsini vurğuladı. Baş vermə ardıcıllığı və hansı vasitəçi məsələsinə qayıtsaq, təsadüf deyil ki, bu məhz Aİ ölkələrinə qaz nəqlini nəzərdə tutan interkonnektorun açılışı ilə eyni vaxta “düşdü”. Hər halda bir tərəflə əməkdaşlığın dərinləşdirilməsi sadəcə İrəvanın, erməni diasporunun qısqanclığına səbəb olmur, digər tərəfi də ciddi narahat edir. Bu və bənzəri cəhdlər Aİ-nin enerji təminatı üzr alternativ təchizatçı kimi Azərbaycana, tranzit kimi Türkiyəyə qarşı əks-təbliğat kampaniyalarının aparılmasına hesablanıb ki, həm də Qərbin bizə qarşı münasibəti dəyişsin, sərtləşsin.  İnsan amilini prioritet kimi qabardan Qərbin Azərbaycana təzyiqini məhz bu üsul və metodla alovlandırmaq cəhdinin cavabı isə zənnimcə, Toivo Klaarın açıqlaması ilə verildi. Yəni, açıqlama gecikmədi və Aİ-nin yanaşma tərzinin nə olduğu, necə ortaya qoyulacağı məlum oldu. Görünür Aİ vəziyyətə tam nəzarət edir, ola biləcək bütün ehtimalları hesablayır, nəzərə alır.
Ən önəmlisi isə təəssüf ki, bu hadisələr istisna etmədiyimiz potensial təxribatların planlaşdırıldığı cəhdlərindən də xəbər verir. Nəzərə alsaq ki, Ermənistan silahlı qüvvələrində fərarilik, məğlubiyyətin gətirmiş olduğu özünə inamsızlıq var, deməli, belə videoların yayılması ilə həm də onlara qisas almağa həvəsləndirmə, “düşmənə” qarşı bir olmanın vacibliyi aşılanır.”

Bünyamin Bünyadzadə

Visiontv.az