Ermənilər “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında” Konvensiyanın Baş Assambleyasının sessiyasında təxribata əl atıblar
27.11.2019

Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev 27 noyabr tarixində UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib.

Visiontv.az-ın məlumatına görə, Ümumdünya İrs Komitəsinin sədri kimi nazir Əbülfəs Qarayev 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edib.

Nazir qeyd edib ki, Komitənin Bakıda keçirilən 43-cü sessiyasında ümumilikdə 2000-dən artıq şəxs iştirak edib, müxtəlif ölkə və təşkilatlar tərəfindən 53 paralel tədbir təşkil olunub və 29 yeni məkan Ümumdünya İrs Siyahısına daxil edilib. Sessiyadan əvvəl təşkil olunan Ümumdünya İrsi üzrə Gənc Peşəkarlar və  Ümumdünya İrsi üzrə Abidə Menecerləri Forumları barədə məlumat verən nazir forumların bir sıra mühüm nəticələrini qeyd edib.