Ərdoğanın təşəbbüsü ilə Rusiya-Ukrayna arasında 200-də çox hərbi əsir dəyişdirilib: Aralarında "Azov"un komandirləri də var
Ərdoğanın təşəbbüsü ilə Rusiya-Ukrayna arasında 200-də çox hərbi əsir dəyişdirilib: Aralarında "Azov"un komandirləri də var
22.09.2022 MEDİA Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə apardığı diplomatik müzakirələr nəticəsində Rusiya ilə Ukrayna arasında 200 hərbi əsirin bu gün dəyişdirildiyini açıqlayıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ səfəri ilə bağlı Nyu Yorkdakı “Türkevi”də jurnalistlərə açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən əsir mübadiləsinin müharibənin sona çatması istiqamətində mühüm addım olduğunu, Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərin davam etdiyini bildirib.

Qeyd edək ki, azad olunanlar arasında  hərbçilər, polislər, milli qvardiyaçılar, sərhədçilər, qoşun döyüşçüləri, gömrükçülər, mülki şəxslərdir. Onların arasında zabitlər, Ukrayna Qəhrəmanları, “Azovstal”ın müdafiəçiləri var.

O cümlədən, Milli Qvardiyanın 118 hərbçisi, 9 polis əməkdaşı və 9 sərhədçi Rusiya əsirliyindən azad edilib”, - məlumatda qeyd olunur.
Azad edilənlər arasında Ukrayna uğrunda döyüşmüş və ölümlə təhdid edilən 10 əcnəbi də var.

"Ukrayna öz qəhrəmanlarını 50 Rusiya vətəndaşına və Ukrayna pasportu olan Viktor Medvedçuka dəyişib", - Daxili İşlər Nazirliyi bildirib.

Mübadilə prosesində Ukrayna prezidenti Vladimir Zelenskinin adından daxili işlər naziri Denis Monastırski və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov iştirak edib.

Azad edilən əsirlər arasında Ukrayna qəhrəmanı, "Azov" batalyonunun komandiri Denis Prokopenko və onun müavini Svyatoslav Ponamar da var. Bundan başqa, məşhur döyüçülər Yevgeni Bova, Lev Paşko, Dmitro Kozaçki, Mikola Kuş, Kostantin Nikitenko, Mixaylo Verşinin, Katerina Polişuk, Maryana Mamonova, Valentina Zubko, Yana Şumoveçka, Zoryana Repeçka, Anastasiya Çernenko da əsirlikdən buraxılanlar arasındadır.

Ümumiyyətlə 215 nəfərdən 108-i "Azov" döyüşçüsüdür. Yeri gəlmişkən, Rusiyanın azad etdiyi əsirlər arasında 1999-cu il təvəllüdlü Babayev Rüstəm Arif oğlu adlı bir azərbaycanlı da var.

"Azov"çular Ukraynada ən məşhur rusiyayönümlü siyasətçi və oliqarx, Putinin qohumu Viktor Medvedçukla dəyişdirilib.

Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenskiyə məhbus mübadiləsini təmin etdikləri üçün təşəkkür edən Ərdoğan, “Mən də bu prosesdə əməyi keçən bütün dostlarıma təşəkkür edirəm” dedi. 

İlahə Əliyeva