Ərdoğanın Şuşa səfəri olduqca əhəmiyyətlidir və bir çox suallara aydınlıq gətirəcəkdir - deputat Nəsib Məhəməliyev
Ərdoğanın Şuşa səfəri olduqca əhəmiyyətlidir və bir çox suallara aydınlıq gətirəcəkdir - deputat Nəsib Məhəməliyev
14.06.2021 Nəsib Məhəməliyev Tərəfindən

Ermənistanın Ağdam rayonu ərazisində basdırılmış minaların xəritəsini təqdim etməsi, ötən həftənin tarixi hadisədir və şübhəsiz Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin qələbəsi kimi qiymətləndirilməlidir.   Xatırlayırsınızsa ermənilər bütün dünyaya car çəkərək, minalanmış ərazilərin xəritələrinin mövcudluğunu dövlət səviyyəsində inkar edirdilər. Bu hadisə bir daha göstərdi ki, Ermənistan ciddi dövlət deyil. Siyasətçiləri isə, yalan danışmağı özlərinin həyat tərzinə çevirmişlər. 

Azərbaycan, xəritələrin müqabilində ağır cinayət törətməmiş 15 diversantı  geri qaytarmaqla, öz humanist mövqeyini nümayiş etdirdi. Sülhə hazır olduğumuzla bağlı, beynəlxalq birliyə növbəti dəfə mesajlarını çatdırdı. Təbii,  iki ölkə arasında baş tutmuş belə mühüm jestlərin pərdəarxası məqamları da yox deyi. Ermənistanda növbədənkənar parlament seçkilərinə saylı günlər qalıb. İki fərqli qütblərin maraqlarına xidmət edən siyasi qüvvələr arasında dövlətin gələcəyi ilə bağlı gərgin mübarizənin fonunda, əsir düşmüş diversantların bir hissəsinin qaytarılmasının, hakimiyyətin reytinqinə təsiri böyükdür. 

Türkiyə Prezidenti Ərdoğanın Şuşaya səfərini Azərbaycan xalqı yüksək qiymətləndirir. Bu səfər tarixi olmaqla bərabər, dövlətlərarası münasibətlərdə yeni dönəmin başlanğıcından xəbər verir. Hər kəsə aydındır ki, 44 günlük vətən müharibəsindən sonra Azərbaycan torpaqlarını azad etməklə yanaşı, regionda yeni reallıqlar yaratmışdır.

Yeni situasiya ilə barışmaq istəməyən qüvvələr isə, kifayət qədərdir. Son 30 il ərzində ciddi fəaliyyəti ilə seçilməyən Minsk qrupu üzvlərindən tutmuş, darmadağın olmuş Ermənistan ordusunu praktiki olaraq yenidən quran, silahlarla təchiz edən qonşu İrana qədər. Paradoksal olsa da, ABŞ-ı ilə bütün məsələlərdə düşmən mövqeyində olan, özünü müsəlman adlandıran bu ölkənin erməni məsələsində siyasəti uzlaşır. 

Digər tərəfdən Ermənistanda hakimiyyətə can atan qüvvələrin tam əksəriyyəti müharibə çağırışları səsləndirir. Beynəlxalq birliyin ermənipərəst qüvvələrini Azərbaycan əleyhinə birləşməyə sövq etməklə, 10 noyabr bəyannaməsinin hüquqiliyini tanımaq istəmirlər. "Status" məsələsini qabardırlar. 

Belə bir vəziyyətdə qardaş Türkiyə ilə münasibətlərin dərinləşməsi zamanın tələbidir. 

Düşünürəm ki, hörmətli Ərdoğanın səfəri olduqca əhəmiyyətlidir və bir çox suallara aydınlıq gətirəcəkdir.