Ərdoğanın İsveç və Finlandiya ilə bağlı mövqeyi NATO-nu təəccübləndirdi - VG nəşri
14.05.2022

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiyanın Alyansa daxil olması ilə bağlı mövqeyi NATO üzvü olan ölkələrin nümayəndələrini təəccübləndirib. Bir gün əvvəl Ərdoğan, onların üzvlüyünə qarşı çıxdı.

Bu barədə VG Norveç nəşri məlumat yayıb.

NATO mənbələrinin bildirdiyinə görə, bir neçə aydır ki, İsveç və Finlandiyanın bu qruma daxil olması mövzusu müzakirə olunduğu üçün Ərdoğanın sözləri Alyansı daxilində sürprizlə qarşılanıb. NATO qərargahındakı mənbə VG  nəşrinə bildirib ki bu, çox gözlənilməz oldu. 

Nəşr qeyd edir ki, baş katib Yens Stoltenberq dəfələrlə Finlandiya və İsveçin açıq ürəklə qarşılanacağını bəyan edib. Və yəqin ki, NATO ölkələrinin bütün səfirlərinin dəstəyi olmasaydı, o, belə bəyanatlar verməzdi.

İsveç və Finlandiya Alyansa rəsmi müraciət etdikdən sonra Türkiyənin necə davranacağı hələ bəlli deyil. Çünki yeni üzvlər üçün rəsmi qəbul prosesi cəmi iki həftəyə endirilsədə yekun sənəd bütün 30 ölkənin hökumətlərinin imzaları ilə təsdiqlənməlidir.

Təhlükəsizlik mənbələri deyir ki, indi çoxları Türkiyənin həqiqətən NATO-nun genişlənməsinə mane olub-olmayacağı və Ərdoğanın hansı tələblərlə çıxış edə biləcəyi ilə maraqlanır.

Xatırladaq ki, Ərdoğan bu ərəfədə İsveç və Finlandiyanın daxil olmasına müsbət baxa bilməyəcəyini, çünki bu ölkələrdə Türkiyədə terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyasının nümayəndələri fəaliyyət göstərdiyini bildirib.

İsveç və Finlandiyada cavab olaraq bütün fikir ayrılıqlarının həll oluna biləcəyini söylədilər.

Əli Əliyev

visiontv.az