Ərdoğan və Putinin yolları ayrılır? - Suriyada dönüş nöqtəsi
05.02.2020

2 fevralda Suriyanın İdlib bölgəsində Suriya hökumət qüvvələri tərəfindən Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 8 türk əsgəri şəhid olub, bir o qədər də yaralanıb.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ordusunun güclü cavab tədbirləri görməsi nəticəsində İdlib bölgəsində gərginlik pik həddə çatıb.

Gərginliyi azaltmaq məqsədilə dünən axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon görüşü keçirilib. Hər iki lider bölgədəki son prosesləri müzakirə edib və problemin həlli yolları barədə fikir mübadiləsi aparıblar.

Bu, məsələnin rəsmi hissəsidir. Amma pərdə arxasında məsələ daha ciddidir. Məlum olduğu kimi, Türkiyə İdlibdə atəşkəsin əldə edilməsinin tərəfdarıdır. Bununla da İdlibdən Türkiyəyə gözlənilən böyük köçün qarşısını almaq istəyir. Türkiyə bir yandan İdlibdəki müxalif silahlı dəstələrə də dəstək verir ki, bu da Suriya hökuməti və əsas dəstəkçilərindən biri Rusiyanın maraqları ilə üst-üstə düşmür. Çünki son aylarda Suriya-Rusiya birləşmiş dəstələri İdlibi azad etmək üçün əməliyyatları genişləndirsə də, Türkiyə müxtəlif vasitələrlə buna mane olmağa çalışır.