Ən dərindən və ən geniş üfüqdən...
Ən dərindən və ən geniş üfüqdən...
20.01.2022 Əkbər Qoşalı Tərəfindən

(20 yanvar düşüncələri)

Günlərdən 20 yanvar!.. Təqvimin bu günü 32 ildir bizimçün özünəxas anlamla kədər və qürur günü olaraq səciyyələnir. Kədərlidir - günahsız insanlar həlak olub, şəhərimizə, ölkəmizə, mülki vətəndaşlarımıza qarşı vandallıq törədilib. Özü də, bu vandallığı o ordu törədib ki, biz ölkə, xalq olaraq, o ordunun təminatı, güclənməsi, özəlliklə, II Dünya Müharibəsində qalib gəlməsi üçün qeyri-adi fədakarlıq etmişdik... Təsəvvür edin: o vaxt (XX yüzilin 40-cı illərində) respublikamızda təqribən 3.200.000 insan yaşayırdı, onlardan 640.000 nəfəri cəbhələrdə döyüşlərə cəlb olunmuşdu - bu, əhalinin 20% deməkdi!.. Necə deyərlər, yerdə qalanlar qocalar, uşaqlar, yaşı çatmayanlar, xəstələr, qadınlardı (hərçənd, önəmli sayda qadınlarımız da cəbhəyə getmişdi)... Və cəbhəyə gedənlərin təqribən yarısı həlak olmuşdu!.. Sovet ordusunun qalibiyyətində çox önəmli rol oynayan Azərbaycan "qara qızıl"ı (o "qara qızıl"ı yerin təkindən, dənizin dibindən çıxaran arxa cəbhə qəhrəmanlarımızın fədakar əməyi) isə ayrı yazının mövzusudur. Bütün digər faktorları da göz önündə tutsaq, Sovet ordusunun (qəhrəman adı SSRİ rəhbərliyincə etiraf olunmamış) Bakıda qırğın törətməsi tam əsassız, böyük günah, tarixi cinayət kimi xarakterizə oluna bilər. Bakıya qoşun yeridən, vandallıq edən keçmiş SSRİ hərbi-siyasi rəhbərliyini nə biz bağışlamışıq, nə tarix, və nə də Tanrı bağışlar!..
32 il keçib, amma xalqın yaddaşı diridir! 

Bu gün Qürur Günümüzdür - ona görə ki, xalqımız sınmadı, əyilmədi! Hər xalq, hər ölkə və paytaxt 20 yanvar faciəsindən bizim kimi çıxa bilməzdi! 32 il öncə şəhidlərin çox böyük izdihamla və 1918-ci il şəhidlərinin uyuduğu ərazidə torpağa tapşırılması,   paytaxtımızda Yeni Ziyarət Ünvanının yaradılması xalq ruhunun gücünü, milli cəsarətimizi, ölməz xəlqi iradəmizi ifadə edir. Xiyabanı hər gün (və əlbəttə, 20 yanvar günləri!) ziyarət edən insanlar 20 yanvar şəhidlərinin əziz ruhuna dərin sayğı ilə bütün dövrlərdəki şəhidlərimizi yad edir.

Ziyarətlərdə iştirak edən uşaqlar, yeniyetmələr zaman-zaman öz ruhlarına hopdurduqları və idrakları ilə ölkəmizin istiqlaliyyəti, dövlət müstəqilliyi, ərazi bütövlüyü, bir sözlə, qüdrətli Azərbaycan üçün mübarizələrə and içdilər və anda sadiq oldular! 20 yanvar Azərbaycanın (eləcə də, kecmiş "müttəfiq respublikalar"ın) azadlıq, SSRİ-ninsə əcəl zəngini çalmış oldu! 

Xiyaban I Qarabağ müharibəsi şəhidlərinin bir hissəsini də qoynuna aldı, şəhərin bu hissəsinin müqəddəsliyi daha da artdı, müstəqillik, ərazi bütövlüyü, tarixi haqlarımızın bərpası idealımız sarsılmaz xarakter aldı!

Mübarizlər, Muradlar, Poladlar, Cəbrayıllar... belə böyüdü!..

Ülvi Bünyadzadəyə o məşhur "AND"ını yazdıran milli şüur, bir gəncin yaddaşında suxurlaşmış xəlqi zehniyyət, illər sonra Mübariz İbrahimova da o tarixi "Vida məktubu"nu yazdırdı!.. Dövlət Himnimizdə çicək açan sözlərlə desək,  HÜQUQUNDAN KEÇƏN ƏSGƏR, HƏRƏ BİR QƏHRƏMAN OLDU!

*
Hər il dünyanın dörd yanından ölkəmizə gələn qonaqlar, dövlət başçıları, diplomatlar, ziyalılar, mədəniyyət, incəsənət xadimləri, gənclər, ... Şəhidlər Xiyabanını ziyarət edir.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyev əziz Şusanın azad olunması müjdəsini məhz Şəhidlər Xiyabanından xalqa duyurdu! O gündən sonra qərənfil xarıbülbüllə qoşa dayandı: kədər və qürur!..
Bir hadisə ki ölkəni, xalqı birləşdirir, güclu edir, o artıq yalnız kədərlə deyil, qürurla anılmağı ən dərindən və ən geniş üfüqdən haqq edir! - "Millət millət olur, xeyri-şəriylə, 
Torpağın bətninə cəsədləriylə 
Azadlıq toxumu səpdi şəhidlər"! (B.Vahabzadə).

*
Yaradıcı yeni nəsil aydınlarımızın təşəbbüsü ilə Şəhidlər Xiyabanındakı ilk qəbrin əbədi sakinləri - əbədi sevdalılar İlham və Fərizənin toy günü ictimai fikirdə Sevgililər Günü olaraq qəbul görüb, hər il müxtəlif tədbirlərlə qeyd olunur: "Biz sevə və sevdiyimiz uğrunda ölə bilirik"!
Ailə həyatı quran vətəncanlı gənclərimiz İlham və Fərizənin qəbrini, Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyini minnətdarlıqla ziyarət edir, sonra Şadlıq Evinə yollanır...
Şəhidlərimizin adı, "20 yanvar" adı, Bakı başda olmaqla, respublikamızın şəhər, rayon və kəndlərində əbədiləşdirilib.
Şəhidlərimiz haqqında yüzlərlə əsər yaradılıb, daha da yaradılır. Xalq şairi Bəxtiyar Vahabzadənin "Şəhidlər" poeması dillər əzbəridir. Və mən də 20 yanvarla bağlı düşüncələrimi həmin poemadan misralara tamamlamaq istərdim:

Zalımın zəfəri başdan qələtdir,
Zamanın səsini biz də dinlərik;
Dünya gücümüzə yaxşı bələddir,
Hələ biçilməmiş əkilənlərik!

32 il deyil, 132 il, 332 il... də keçsə, xalqımızın qan yaddaşı nə şəhidlərini, nə də Şəhidliyi unutmayacaq!

Şusada dalğalanan - Zəngəzur, Göyçə, İrəvana... yol göstərən müqəddəs bayrağımıza, haqq etdiyimiz böyük gələcəyə salam olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
(Bakı, 20.01.2022)

Əkbər Qoşalı

#20yanvar1990 #20Ocak1990
#BlackJanuary #20January1990 #32İl
#Bakı1990 #Baku1990 #Bakü1990

Visiontv.az