Elçin Quliyev-general, yoxsa rüşvətxor məmur-Şöhrət El-Dəniz
Elçin Quliyev-general, yoxsa rüşvətxor məmur-Şöhrət El-Dəniz
23.06.2020 Şöhrət El-Dəniz Tərəfindən

Əvvəlcə onu deyim ki, mən general Elçin Quliyevlə axırıncı dəfə 2002-2003-cü illərdə görüşüb, danışmışıq. 16-17 ildir mən bu generalla bir dəfədə olsun rastlaşmamışam. Halbu ki, 2000-2003-cü illərdə demək olar ki, həftədə 2-3 dəfə görüşürdük. Ona görə əvvəlcə tanışlıqdan yazım.

Mən Elçin Quliyevi tanıyanda polkovnik idi. Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarına yeni komandan təyin edilmişdi. Aradan çox az vaxt keçdi və prezident Heydər Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidməti yaradıldı. Elçin Quliyev isə general-mayor rütbəsində ən gənc xidmət rəisi təyin edildi. Mən həmən vaxtlar SPACE-də “Hərb və Sülh” adlı hərbi-siyasi veriliş hazırlayırdım. Və tanışlığımız da iş prosesindən başladı.
Elçin Quliyev vətənini, millətini sevən özüdə ruslar demişkən “boyevoy” bir general idi.

Əsgərini sevən, onun qeydinə qalan bir general idi.

Azərbaycanın indi gördüyünüz sərhəd infrastrukturunu qurub-yaradan bir general idi.

Qarış-qarış sərhədləri gəzib, zastavaların yerinə qədər təyin edən bir general idi.

Gecə düşdüyündən zastavada əsgəri ilə bir yerdə 30 dərəcə şaxtada odun peçində qızınan, kazarmada yatan bir general idi.

İndi mübahisəsi gedən Keşikçidağ deyilən ərazidə ilk zastavanın təməlini qoyan general idi.
Gözümlə görmüşəm, şahidəm.

Həmin ərazidə ilk qarşıdurma olanda helikopterlə ora uçduq. Sonra həmin zirvəyə zülmlə ayaqla qalxdıq. Orada Keşikçidağ monastır kompleksinin ətrafında 2-3 gürcü sərhədçisi və keşiş varıydı. Özlərini elə aparırdılar ki, sanki həmən ərazlilər Gürcüstan torpaqlarıydı. Elçin Quliyev ora çatıb onların üstünə necə qışqırıb qovdusa, arxalarına belə baxmadılar. Ardıncada əmir verdi ki, burda gecə-gündüz post qurulsun və əli silahlı əsgərlər dayansın. Ordan təqribən 2-3 kilometr aralıda isə böyük bir zastava tikdi ki, nəzarət güclü olsun. Yoxsa gürcülər çoxdan həmin ərazidə yerləşən monastır kompleksini özününküləşdirmişdilər. Və biz də sonradan heç nə edə bilməyəcəkdik. Yəni deməyim odur ki, bu torpağın hər qarışı üçün mücadilə apardığını görmüşəm general Elçin Quliyevin. Onunla Azərbaycanın bütün sərhəd dəstələrini, sərhəd zastavalarını gəzib 50-60-dan çox açılışlar etmişik. 20-dən çox film çəkmişəm. Ona görə mən 2000-ci ilin əvvələrində tanıdığım Elçin Quliyev kimi generalın rüşvətxor məmura çevrildiyinə, sınmasına və sındırılmasına inanmıram.

Amma…

15-20 ildən çox vaxt keçib. Bilmirəm general Elçin Quliyev mənim yadımda qalan generaldır, yoxsa adi bir rüşvətxor məmura çevrilib. Mətbuatın yazdığından, dediyindən onun sıradan bir rüşvətxor məmura çevrildiyi təəsürratı yaranır. Hektarlarla villası, nə bilim malı-mülkü, rüşvət üstündə tutulan işçiləri, özünün ittiham edilməsi və sair.
Doğurdanmı maşın qalxa bilmədiyinə görə helikopterlə dağ zastavaya əsgərlərinə baş çəkməyə gedəndə az qala qəzaya düşüb həlak olmağımıza gülüb zarafatla ört-basdır edən bir general indi xırda rüşvətxor bir məmura çevrilib.

İnanmıram. İnana bilmirəm…

Mən hələ də general Elçin Quliyevin başına gələnləri anlaşılmazlıq kimi dəyərləndirirəm. İnanıram ki, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ciddi araşdırıldıqdan sonra bütün daşlar öz yerinə oturacaq. Və mən növbəti dəfə Elçin Quliyev haqqında rüşvətxor məmur kimi yox, elə o vaxtlar tanıdığım əsil general kimi yazacağam.

Visiontv.az