Əksəriyyət ölkənin siyasi mənzərəsini çox bəsit təsəvvür edir-professor Səlahəddin Xəlilov
03.06.2020

Siyasi və psevdosiyasi mənzərə -böyük məsələ haqqında kiçik qeydlər: Əksəriyyət ölkənin siyasi mənzərəsini çox bəsit təsəvvür edir:

- İqtidar və Müxalifət.

 Amma bu təsəvvür nəinki bəsit, həm də qüsurludur. Əvvəla, "İqtidar" nə isə yekkcins bir şey deyil (xüsusən, son dönəmdə) və vahid bir normativə sığmır, necə deyərlər, - eyni arşınla ölçülə bilməz.

 İkincisi, "müxalifət" adı altında mətbuatda çox fərqli, mahiyyətcə heç uzlaşmayan tərəflər "ehtiva olunur". Halbuki bu ictimai qruplara vahid meyar tətbiq oluna bilməz, çünki bu qruplarda daban-dabana zidd nəsnələr, hadisələr təmsil olunur. Ən azından, bir neçə fərqli anlayışa ehtiyac var: "Siyasi müxalifət",

"peşəkar müxalifət", "müxalifətə müxaliflik" və "xaraktercə müxalif olanlar".
 Yəni iqtidarın müxalifləri heç də sadəcə siyasi müxalifət deyil... Eləcə də müxalifətin müxalifləri heç də sadəcə iqtidar deyil.

Biz normal bir "müxalifət" fenomeninin xaraktercə müxalifliklə və ya qarayaxma işinin peşəkarlaşması ilə qarışıq salınmasını istəməzdik. Siyasi mövqe başqa, xarakterdən gələn müxaliflik başqa, "erməni sindromu"na mübtəla olmaq başqa.

"Peşəkar müxalifət" - müxalifliyini peşəyə, qazanc və dolanışıq mənbəyinə çevirmiş adamlardan oluşur. Necə ki, bəzi TV kanalları mənəviyyatı satışa çıxarmağı (reklam toplamaq üsulu kimi) bazar iqtisadiyyatı hesab edir, eləcə də müxalif bir qəzet "siyasi xidməti" satışa çıxarır.

 Şəxsi əxlaqını satışa çıxaranları qınayan çox olur, çünki bunu adi şüurla da anlamaq mümkündür. Amma milli mənəviyyatıı gəlir mənbəyinə çevirənlər nənəvi əxlaqın qınağına çevrilmir, çünki bunun mahiyyətini hər adam anlamır.

Axı biz kapitalizmə keçmişik, - kim hardan qazanc əldə edə bilirsə, - bu, yeni dövrün açdığı imkanlar kimi dəyərləndirilir.

Mətləbdən çox uzaqlaşmayaq, - "peşəkar müxalifət"in nə demək olduğunu anlayanlar anladı yəqin.

Əslində bu, nəinki "müxalifət", heç müxaliflik də deyil. Sadəcə peşəkar qarayaxma/piyar kampaniyalarıdır. Və onların xidmətindən nəinki bütün tərəflər, ayrı-ayrı şəxslər də istifadə edir, - məsələn vəzifə (tutmaq) savaşlarında.

 "Xaraktercə müxalif olanlar" qrupu da yekcins deyil: burda "milli nihilizm" və ya "milli çarəsizlik" sindromundan əziyyət çəkən insanlar da var. Bu çox ağrılı bir prosesdir və "milli intihar" dəhşətinin ilk simtomlarıdır. Bu qrupda habelə "erməni sindromu"na mübtəla olanlar da var. Bu da başqa bir təhlükədir. Belə adamlar bugünlə kifayətlənməyərək, keçmişimizə də qara eynəkdən baxırlar. Böyük xidmətləri olan insanlarda hansı isə bir nöqsan aramağa, onların simasında bütün tarixi keçmişimizə ləkə yaxmağa çalışırlar.

P.S.

Bir sözlə, bu gün milli varlığımızı sadəcə antimilli qruplardan deyil, sadəcə milli və dövlət mənafeyini satan dövlət "xadimlərindən" qulluqçularından/məmurlardan deyil, həm də özünü millətçi sayan, əslində isə "millətçiliyi" özlərinə, öz çıxarlarına və ədalətsiz mövqelərinə sipər edənlərdən qorunmalıyıq.

Milləti "millətçi"lərdən qorumaq zərurəti.

Dad, - yarımçıq əlindən. Dad, - nəyi satdıqlarının fərqində olmayanlardan. Dad, - nadanlardan.

İstər iqtidarda olsun, istər müxalifətdə, ən böyük düşmənimiz - nadanlıqdır.

Visiontv.az