Əfqanıstanlı, iraqlı və suriyalı cinayətkarların Türkiyəyə göndərilməsi xəbəri təkzib edilib
17.11.2025

Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamenti nəzdində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan “Əfqanıstanlı, iraqlı və suriyalı cinayətkarların Avropadan təyyarələrlə Türkiyəyə göndərilməsi” iddialarını təkzib edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, mərkəzin məlumatında Türkiyənin başqa ölkələrdən üçüncü ölkə vətəndaşlarını qəbul etməsi ilə bağlı hər hansısa qərarın mövcud olmadığı bildirilib.

Qeyd olunub ki, cinayət törətmiş və ya qanuni yaşayış hüququ olmayan əcnəbilərin Türkiyəyə ekstradisiyası isə mümkün deyil. Türkiyə yalnız öz vətəndaşları ilə bağlı prosedurları beynəlxalq hüquq çərçivəsində və fərdi qaydada həyata keçirir.

Açıqlamada sözügedən iddiaları yayan şəxslər barəsində “ictimaiyyəti çaşdıracaq məlumatı açıq şəkildə yayma” ittihamı ilə Respublika Baş Prokurorluğuna müraciət olunduğu vurğulanıb.