Düşmənimizin dostu: Təəssüf ki, Hindistan da düşmənlərimizin sırasında yer aldı
Düşmənimizin dostu: Təəssüf ki, Hindistan da düşmənlərimizin sırasında yer aldı
30.09.2022 MEDİA Tərəfindən

44 günlük müharibə zamanı hansı ölkələrin bizə qarşı dost və hansılarının düşmən münasibət sərgilədiklərini tam olaraq bildik. Təəssüf ki, Hindistan da düşmənlərimizin sırasında yer aldı.

12-13 sentyabr sərhəd toqquşmalarında isə Hindistan Ermənistana açıq şəkildə dəstək verdi. İndi də məlumat yayılıb ki, Hindistan Ermənistana müasir raketlər və tank əleyhinə silahlar satacaq. Həmin silahların ümumi qiyməti təxminən 270 milyon dollar dəyərindədir. 

Hindistanın Ermənistana satacağı “Pinaka” raketləri 40 kilometr uçuş məsafəsinə və dəqiq zərbə vurma qabiliyyətinə malikdir. Bu raket sisteminin yüksək effektivliyi Kəşmirin dağlıq bölgələrində Pakistana qarşı aparılan müharibədə istifadə edilib.

Eyni zamanda Hindistanın Ermənistana tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatlar da verəcəyi gözlənilir.

Ermənistanın müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri və hakim “Mülki müqavilə” partiyasının deputatı Andranik Köçəryan Hindistandan silah tədarükü barədə danışarkən bildirib ki, “Ermənistan bu silahların ölkəyə çatdırılması üçün bütün mümkün və qeyri-mümkün vasitələrdən istifadə edəcək”. 

Baxın, bu o deməkdir ki, düşmən ölkənin silahlandırılması üçün Hindistan və Ermənistan hökumətləri hətta beynəlxalq hüquq normalarını da pozmağa hazırdılar. 

Çin və Pakistanla rəqabət və düşmənçilik aparan Hindistanın get-gedə cızığından çıxması bu ölkənin şər siyasəti yürütməsinə səbəb olur. 

Lakin Hindistanın açıq-aşkar Ermənistanın yanında yer alması bu günün söhbəti deyil. Bu proses uzun illər öncə başlayıb. Və Hindistan tərəfi bunu heç vaxt gizlətməyib. 

Ancaq biz isə Hindistanın ermənipərəst siyasətinə göz yummuşuq. Və hətta Bakıda Hindistan sərgilərinin təşkilinə, hind mallarının satışına hər cürə şərait yaratmışıq. Bu da bizim ən böyük yanlışımız olub.

Yaxşı ki, artıq dostlarımızın da, düşmənlərimizin də kimliyini bilirik.

Bəybala Mirzəyev

visiontv.az