Dünyanın "ikinci ağciyərləri" də məhv olur - NASA DƏHŞƏTLİ PEYK GÖRÜNTÜSÜNÜ PAYLAŞDI
28.08.2019

Amazon meşələrindən sonra dünyanın "ikinci ağciyərləri" adlandırılan Konqo hövzəsi və Mərkəzi Afrika ölkələrinin meşələrində də idarə oluna bilməyən yanğınlar baş verib.

VisionTV.az xarici mediaya istinadən xəbər verir ki, NASA-nın (Amerika Milli Kosmik Agentliyi) məlumatlarına görə, Anqolada 6 min 902, Konqoda isə 3 min 395 yanğın baş verib. Bölgədə yaranan dəhşətli mənzərə NASA-nın peykdən çəkdiyi fotolarda da özünü göstərir.

Afrikada davam edən yanğınların Amazon meşələrindəki yanğınlardan daha dağıdıcı olduğu bildirilir. Risk altında olan ərazilər arasında Konqo hövzəsinin meşələri diqqət çəkir. Bu bölgədə Amazondan sonra dünyanın ən böyük tropik meşələri yerləşir. Bölgə milyon tonlar karbon qazını udur və alimlər tərəfindən iqlim dəyişikliyinə qarşı mübarizədə rolu yüksək qiymətləndirilir.

Qeyd edək ki, "dünyanın ağciyərləri" hesab edilən və oksigenin 20 faizini təmin edən Amazon meşələrində hazırda yanğın davam edir.