Dünya Fatehi Əmir Teymurun doğum günüdür
09.04.2019

Böyük sərkərdə bu gündə anadan olub

Hər birimiz Əmir Teymuru  türk dünyasının ən böyük fatehlərindən biri kimi tanıyırıq. O, 1336-cı ildə indiki Özbəkistanın Qaşqadərya vilayətində, hərbçi ailəsində anadan olub.

 O, paytaxtı Səmərqənd olan Teymurilər dövlətinin banisidir. Teymur Qızıl Orda dövlətini darmadağın edərək, İran, Qafqaz, Hindistan, kiçik Asiya və digər dövlətlərə istilaçı səfərlər edib. Bu səfərlər adətən bir çox şəhərlərin dağıdılması və Teymurilər dövləti sərhədlərinin genişlənməsi ilə nəticələnib.

Ərəb mənbələrinə əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində  teymur adının mənası yeni ki, Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi qeyd olunub.

 MƏnbələrə istinadən qeyd edək ki, Çingizlilər sülaləsindən olmayan Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Məhz bu səbəbdən o, özünə əmir (tayfa başçısı) titulunu götürdüyü deyilir. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan titulunu götürür. Monqol dilində bu kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürəkən" deməkdir.

 Fars mənbələrinin əksərində  Teymur Ləngin adına  "Topal Teymur" deyə rast gəlmək olar. Ehtimal olunur ki, bu addan həmin dövrdə Teymuru alçaltmaq və həqarət etmək üçün istifadə edilib. Vurğulayaq ki,  bu ad sonradan qərb dillərində müxtəlif formalarda yayılıb (Tamerlan, Tamerlane, Tamburlaine, Timur Lenk).

 

Orta əsr bioqrafları Teymurun fitri yaddaş sahibi olduğunu, türk, fars dillərini bildiyini yazırlar. Hətta Əmir Teymur dahi sərkərdə və qəhrəmanların tarixçələrini çox yaxşı bilir və döyüşdən qabaq əsgərləri ruhlandırmaq üçün onlara danışarmış. 12 yaşından at belində olan, döyüş texnikasının bütün növlərinə bələd olan, hər iki əli ilə qılınc oynatmağı, qalxan tutmağı bacaran bu türk oğlu Fateh Teymur döyüşlərdə 72 dəfə yaralansa da, bir dəfə də olsun, aldığı yaralara görə səsini belə çıxarmayıb. Bu haqda özü yazır ki, “... dişlərimi bir-birinə qıcayıb səsimi çıxarmazdım, çünki, əsgərlərim səsimi eşitsə, ya məni gücsüz sanar, ya da ki, ruhdan düşərdilər”. Elçi de Klavixo  “Əmir Teymurun sarayına qədər səyahət gündəlıyı”ndə yazırdı:

“... Böyük sərkərdənin xasiyyətinə bələd olmayan bəzi yabançı ölkələrin hökmdarları onun qəbuluna gələndə yerə əyilərək, Teymur bəyə baş əyirdilər.

Teymur belə məqamlarda özünün etirazını bildirərək deyirdi ki, insanlar ancaq namaz vaxtı böyük Allahın qarşısında baş əyməlidirlər. Buna görə də, Teymurun iqamətgahına gələn elçi və qonaqlar, hər təbəqədən olan insanlar, ona yaxınlaşıb, diz üstə oturub, əlini öpərək ehtiramlarını bildirirdilər”.

Əmir Teymur 1405-ci ildə hərbi səfər zamanı müəmmalı surətdə dünyasını dəyişib. Paytaxt Səmərqənddə dəfn edilib. Onu Səmərqənddə, əvvəlcədən inşa etdirdiyi Mavzoleyində, müəllimi Mir Seyid Bərəkənin ayaqları altında, ailə məzarlığında dəfn ediblər.

 

Əmir Teymurun məzarının sirli olması ilə bağlı bir neçə əfsanə və rəvayət var. Əmir Teymurun məzarının üzərindəki bu qara daş çox qiymətli nefrit daşıdır.  Əfsanəyə görə, 1740-cı  ildə İran şahı Nadir Şah Səmərqəndi işğal edərkən bu daşı özü ilə aparır. Lakin yolda daş ikiyə bölünür.

Bundan sonra Nadir Şahın qızının ağır xəstəliyə tutulduğu deyilir. Ağsaqqallar şaha Əmir Teymurun məzarının müqəddəs olduğunu deyir, daşı mütləq yerinə qoymağı tövsiyə edirlər. Rəvayətə görə, yalnız daş yerinə qaytarıldıqdan sonra Nadir Şahın qızı sağalır. Əmir Teymurun məzarı ilə bağlıən ən məşhur əfsanə isə onun açılması ilə bağlıdır.

1941-ci ildə Əmir Teymurun sərdabəsini açırlar. Həmin vaxt çayxanadan bir neçə ağsaqqal gəlir və bildirir ki, əgər Əmir Teymurun məzarı açılsa, bədbəxt hadisə olacaq. 21 iyunda gecə məzarı açırlar, 22 iyun səhər tezdən böyük vətən müharibəsi başlayır.

Baş verən hadisələrin nə dərəcədə düz olub- olmaması və bir- biri ilə əlaqəli  olması haqqında bir açıqlama olmasa da maraq doğuran məlumatlardır.